"Sulutəpə dairəsi"ndən "daş bazarı"na gedən problemli yol təmir olundu - FOTO

6 Oktyabr 2017 11:53

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, "Sulutəpə dairəsi"ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yol təmir edilib.

Təmir işləri "Sulutəpə dairəsi"ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edib.

Sözügedən ərazidə aparılan təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb və yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bəzi ərazilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədi ilə işlər görülüb.

Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min kv.m-ə yaxındır.

Qeyd edilir ki, işlər ümumi hərəkətə maksimal dərəcədə mane olmamaq şərti ilə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində