Media maqnatının imperiyası dağılır
17 İyul 2011 20:55
Milli.Az xəbər portalı " Sky News"a istinadən bildirir ki, Britaniya polisi "News Corp" media korporasiyasının ölkədəki bölməsinin rəhbəri Rebeka Bruksu həbs edib.
43 yaşlı Bruks "News of the World" t abloidinin uzun müddət ərzində telefon danışıqlarına qanunsuz qulaq asması ilə bağlı qalmaqal çərçivəsində həbs edilmiş 10-cu şəxsdir.
Bruks amerikalı mediamaqnat Rupert Merdoka məxsus "News of the World" qəzetində 1989-cu ildə çalışmağa başlayıb. 2002-ci ildə 13 yaşlı Milli Dauler oğurlanaraq qətlə yetiriləndə Bruks tabloidin baş redaktoru idi.
Bu yay bəlli olub ki, "News of the World"un jurnalistləri Daulerin telefonuna gələn səsli mesajlara qulaq asır və telefonun yaddaşını boşaltmaq üçün onları silirdilər. Bundan başqa, tabloidin 2005-ci ildə Londonda törədilmiş teraktın qurbanlarının telefonlarını dinlədiyi də güman olunur.
Merdokun "News Corp" korporasiyasının Britaniyadakı bölməsi "News International"a rəhbərlik edən Burks qalmaqal nəticəsində istefa verməli olmuşdu. 168 illik tarixə malik "News of the World" isə bağlanıb.
Qalmaqalla bağlı həbs edilənlər arasında "News of the World"un sabiq məsul katibi Neyl Uolis, 2003-2007-ci illərdə baş redaktor olmuş Endi Koulson və sabiq reportyor Klayv Qudman da var.
Milli.Az