Litva avroya keçir

24 Dekabr 2014 18:22
Litva 2015-ci ilin yanvarın 1-dən avroya keçir.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla da avrozonaya daxil olan ölkələrin sayı 19-a çatacaq.

Avrozonaya üzvlük məsələsində siyasi qərarla yanaşı iqtisadi kriteriyalar da nəzərə alınıb. Belə ki, müraciət edən ölkədə büdcə kəsiri 3 faizi keçməməlidir, daxili borcları ÜDM-ə nisbətdə 60 faizdən çox olmamalıdır.

Avropa Statistika Ofisinin ("Eurostat") göstəricilərinə görə, 2013-cü ilə Litvanın büdcə kəsiri 2,6 faiz, daxili borcların ÜDM-ə nisbəti 39 faiz, inflyasiya səviyyəsi isə 1,2 faiz olub. Əhalisi 2,9 milyon nəfər olan bu ölkədə adambaşına düşən milli gəlir təxminən 11700 avrodur.

Qeyd edək ki, 1999-cu ildə yaradılmış avrozona Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland, Belçika, Portuqaliya, Avstriya, Finlandiya, İrlandiya və Lüksemburq daxil olub. 2001-ci ildə Yunanıstan, 2007-ci ildə də Sloveniya, 2008-ci ildə Kipr və Malta, 2009-cu ildə Slovakiya, 2011-ci ildə Estoniya, 2014-cü ilin yanvarında isə Latviya qoşulub. Litvadan sonra Polşa və Çexiyanın avrozonaya daxil olacaqağı gözlənilir.
 

Milli.Az