Azərbaycanda ilk dəfə qan dövranı dayandırılmaqla ağciyər damarlarında unikal əməliyyat həyata keçirilib.
Mərkəzi Klinik Xəstəxananın (MKX) baş həkimi, ürək-damar cərrahı, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən daha bir unikal əməliyyat gerçəkləşdirilib.
MKX-dan Milli.Az-a verilən məlumata görə, ağciyər damarlarının endarterektomiyası adlanan bu əməliyyat ölkəmizdə ilk dəfə həyata keçirilib. Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatın ölkəmizdə, özü də yerli mütəxəssislərimiz tərəfindən uğurla həyata keçirilməsi Azərbaycan səhiyyəsinin son dövrlərdə əldə etdiyi nailiyyətlərdən biri hesab oluna bilər.
İnsan həyatı üçün çox təhlükəli olan ağciyər damarlarının tromblaşmasının aradan qaldırılması məqsədilə icra olunan bu əməliyyatın mahiyyətini açıqlayan baş həkim Kamran Musayev bildirib ki, bu diaqnozun qoyulduğu xəstələr indiyədək dərmanla müalicə edilirdi və 5 il ərzində onların 90 %-i həyatını itirirdi.
"Əməliyyat etdiyimiz xəstə 27 yaşlı yenicə ana olmuş bir qadın idi. Hamiləlik zamanı baldırlarında şişmə ilə həkimə müraciət edib. Ona baldır damarlarının (venalarının) trombozu diaqnozu qoyularaq müalicəsi aparılıb. Doğuştan sonra isə qadında təngnəfəslik başlayıb. Bu dəfə ona "ağciyər arteriyasının tromboemboliyası" diaqnozu qoyulub. 3-4 aylıq müalicədən fayda görməyən xəstədə ağcıyər arteriyasında təzyiq ciddi şəkildə yüksəlib. Biz xəstəyə "xroniki tromboembolik ağcıyər hipertenziyası" diaqnozunu qoyduq".
Xəstənin əməliyyata qədərki müalicə prosesi barədə də məlumat verən doktor Kamran Musayev bu gün dünya praktikasında xəstəliyin yeganə müalicə yolunun cərrahi müdaxilə olduğunu və bu zaman xəstənin qan dövranının tam dayandırılmalı olduğunu bildirib: "Açıq metodla aparılan "Ağciyər arteriyasının tromboendarterektomiyası" adlanan əməliyyatda ağciyər arteriyalarındakı tromboembolik tıxacları xüsusi cərrahi alətlərdən istifadə etməklə təmizlədik. Əməliyyat dərin hipotermiya şəraitində icra olunur və xəstənin bədəni mənfi 18 dərəcədəyək soyudulur. Bu mərhələdə qan dövranı tam dayandırılır və sözün əsl mənasında zamanla yarış başlayır. Bu əməliyyatı 20 dəqiqəlik iki zaman bölümündə bitirmək məcburiyyətində idik. Yoxsa xəstəyə və digər həyati orqanlara ciddi zərər vermiş olardıq. Biz əməliyyatın bu kritik mərhələsini 14 dəqiqə ərzində uğurla başa vurduq. Əməliyyatdan 1 həftə sonra isə xəstəmizi tam sağalma ilə evə yazdıq".
Dünyanın yüksək dərəcədə ixtisaslaşmış çox az sayda mərkəzində icra olunan bu əməliyyatı uğurla həyata keçirməkdən qürur duyduqlarını bildirən K.Musayev venalarında tromblaşma olan xəstələrə daha diqqətli olmağı tövsiyyə etdi: "Xüsusilə hamilələr, artıq çəkili insanlar, müəyyən qan xəstəliyi olan insanlar bu xəstəlik üçün risk qrupundadır. Ağciyər damarlarında tromb olan, ümumiyyətlə, venalarında tromblaşma olan bütün xəstələr çox diqqətli olmalıdırlar. Bu xəstəlik hamiləlik zamanı sadə baldır venalarının tromblaşmasından sonra da əmələ gələ bilər. Damar tromblaşmasını müalicə edən həkimlər də bu diaqnozu unutmamalıdır. Artıq respublikamızda da icra olunan bu əməliyyat ehtiyacı olan bütün xəstələrə məsləhət görülməlidir".
Zərif Nisə
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində