Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin vitse-prezidenti Terri Mayerson tərəfindən dərc edilmiş məlumata əsasən, Windows 10 platformasının yekun versiyasının çıxarılma tarixi dəqiq bilinmir, ancaq məlumdur ki, sistem 190 ölkədə və 111 dildə əlçatan olacaq.
Mayerson, həmçinin Çin bazarının xüsusi rolunu vurğulayıb. O bildirib ki, Microsoft korporasiyası Tencent və Lenovo şirkətləri ilə imzaladığı razılaşmaya əsasən, lisenziyalı və pirat surətlərinin sahiblərinə ƏS-nin yeni versiyasına ödənişsiz keçməyə imkan verəcək.
Xatırladaq ki, cari il yanvarın sonunda Windows 10 sisteminin ilk böyük təqdimatı keçirilib. Əməliyyat sisteminin yeni versiyası virtual iş masalarını dəstəkləyir və yeni Başlat düyməsinə malik olacaq. Bundan başqa, istifadəçilər Cortana səs köməkçisi və Internet Explorer brauzerini əvəz edəcək Spartan kod adlı brauzerdən istifadə imkanına malik olacaqlar.
Milli.Az