Zövqümüzü korlayan bayağı mahnılar
13 İyul 2011 15:48
"Musiqi möcüzələrlə dolu ilahi bir nemətdir", -deyiblər. İnsanın hər anında musiqi ona məlhəm olur, dərdini, sevincini, kədərini məhz musiqi ilə ovuda bilir. Lakin söhbət əsl musiqidən gedirsə. Təəssüf ki, bu gün dinlədiyimiz musiqilərdə bayağılıq, bəsitlik, söz kasatlığı açın-aydın hiss olunur. Musiqilərimizdə bəsit sözlərin cövlan etdiyini əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov da təsdiqləyir.
- Böyük ürək ağrısı ilə söyləyim ki, bu gün musiqilərimiz çox ağınacaqlı bir vəziyyətə gəlib çıxıb. Yazılan sözlər də, bəstənənən musiqilər də çox bəsitdir. Musiqini, şeiri başı çıxan şəxs yazmalıdır. Təki qafiyə xətrinə nəsə yazmaq düzgün deyil. Bu gün yazılan mahnı mətnlərində təkrarçılığa çox yol verilir. "Gəlmədin", "getdin", "qayıt gəl"... Nə qədər bu bəsit sözləri eşitmək olar. Musiqi çox dərin bir elmdir. Musiqi nəzəriyyəsindən hər bəstəkar, şair baş çıxara bilmir. Əvvəlki illərdə yazılan mahnılar bu gün də unudulmur, dinlənilir. Ona görə ki, o dövrlərdə söz də, musiqi də, ifaçı da bir-birini tamamlayırdı. Lakin bu gün mahnı oxunur, 3-5 gündən sonra unudulub gedir. Çünki söz də ucuzdur, musiqi də, ifaçı da. Mən o vaxtlar mahnı bəstələyəndən sonra onu Şövkət xanıma, bir çox dəyərli sənətkarlara göstərirdim. Çünki musiqinin ölçüsü var, elmi var, hər bir sözün üzərində saatlarla, aylarla işlənməsi var. Lakin indi bir saata mahnı bəstələnir, təqdim olunur ifaçıya. Müğənni də onu bir saata yazdırır, tamaşaçıya təqdim edir. Daha ifasın, düzgün deyilişin üzərində işləmir. Nəyinsə xatirinə söz yazmaq, musiqi bəstələmək yaxşı deyil. Müğəniyə də nə lazımdır. Təki mahnısı populyarlıq qazansın. Müğənni üçün məzmun, məna əhəmiyyət daşımır. Mən şou biznesdən o qədər uzaq olmaq istəyirəm ki... Şou-biznesdə məni qane etməyən nüanslar kifayət qədərdir. Ən əsas problemlərdən biri də odur ki, müğənni öz yaşına, səviyyəsinə uyğun olmayan bəsit mahnılar ifa edirlər. Yaşlarından, qınaq hədəfi olmaqdan utanmırlar. Bu gün musiqilərə yazılan sözlər məni heç qane etmir. Ümumiyyətlə məni şou-biznesdə qane etməyən tərəflər çoxdur. Bu da ki, tək mənim deməyimlə düzələn iş deyil.
Minlərlə şeirinə musiqilər bəstələnən əməkdar incəsənət xadimi, şair, nasir, tərcüməçi Baba Vəziroğlu da bu günkü musiqilərimizin durumundan narazıdır: "Bu gün professionallar mahnı janrında fəal iştirak etmədiklərinə görə musiqilərimiz bərbad duruma düşür. Tutuquşunun sözü tükənəndə davay-davay etdiyi kimi əldəqayırma şairlərin də söz ehtiyatları tükənəndə həmin tutuquşunun vəziyyətinə düşürlər. Lakin o cür şair-bəstəkarlar müğənnilərə mahnıları çox yüksək məbləğə sata bilirlər. Həmin bəsit mahnıları alan alıcı müğənninin də səviyyəsi satıcı kimidir. Zər qədrini zərgər bilər. Gərək alıcı zər qədrini bilsin ki, aldığı nədir. Əldəqayırma şairlər, bəstəkarlar, müğənnilər o zövqü kütlənin zövqünə formalaşdırıblar. Kütləni arxanca hara hara istəsən apara bilərsən. İstəyirsən işıq gələn tərəfə apar, istəyirsən qaranlığa. Öndə gedənlər özləri kordularsa yəqin ki, dinləyicini işıqlı tərəfə apara bilməzlər. Mən hazırda təbiət qoynundayam. Yenə də yazıram. Boş dayanmıram. Təbiət qoynunda yazılan şeirlər də təbiətin özü kimi rəngarəng və gözəl olur. Dincəlmək öz yerində. Çalışmaq da lazımdır".
Bənzərsiz müğənnimiz, xalq artisti, korifey sənətkarımız Əlibaba Məmmmədovun da mövzu ilə bağlı fiikrlərini öyrəndik: "Mahnı, musiqi insan ruhunun əvəzsiz qidasıdır. Yaxşı musiqi heç vaxt ölmür. Həmişə ürəklərdə, könüllərdə yaşayır. Bu gün gözəl mahnı barmaqla sayılacaq qədərdir. Nə üçün müğənnilərin 90 faizinin repertuarına əvvəlki illərin mahnılarını daxil edir? Çünki o cür bənzərsiz mahnılar bu gün yazılmır. Mahnı sözlərində yanlışlıqlara çox yol verilir. Bəzən müğənnilər mahnı sözlərini tələffüzündə də yalnışlığa yol verirlər. Mahnını necə gəldi oxumaq da düzgün deyil. Tələffuz qaydalarına düzgün riayət olunmalıdır. Mən deyərdim ki, bizim xalq mahnılarımızın yerini heç nə verə bilməz. Musiqimizi yaşatmaq, gələcək nəsillərə ötürmək hər birimizin borcudur".
"Olaylar" qəzeti