11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb Sərgisi

6 Sentyabr 2017 12:20

28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan 11-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb "Beauty Azerbaijan 2017" sərgisi keçiriləcək. "Beauty Azerbaijan" sərgisi bu sahənin mütəxəssislərini, kosmetik vasitələrin istehsalçılarını və distribütorlarını öz meydançasında bir araya gətirir.

Milli.Az bildirir ki, sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Iteca Caspian və onun Böyük Britaniyalı tərəfdaşı olan "ITE Group" şirkətləri çıxış edirlər.

Bu il sərgidə Azərbaycan, ABŞ, İtaliya, Koreya, Rusiya, Türkiyə, Çex Respublikası və digər ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. "Beauty Azerbaijan 2017" sərgisində peşəkar kosmetika, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar, dolğu (filler), mezopreparatlar və digər məhsullar təqdim ediləcək.

Təşkilatçılar tərəfindən sərginin işgüzar proqramı çərçivəsində istehsalçı və distribütor arasında ikitərəfli görüşlər keçiriləcəkdir.

"Beauty Azerbaijan 2017" sərgisi paralel olaraq 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə "BIHE 2017" sərgisi ilə keçiriləcək.

Şirkətlər öz stendlərində ustad dərsləri (master class) keçirəcəklər. Bütün məlumat sərginin veb-saytında www.beauty.iteca.az yerləşdirilib.

Milli.Az