Azərbaycanda qaz sayğacının korlanmasına görə məsuliyyəti kim daşıyır?
12 İyul 2011 15:02
Suraxanı rayonunun sakinlərindən biri arzuolanmaz vəziyyətlə üzləşib.
Milli.Az xəbər portalının məlumatına görə, Day.Az saytına məktub ünvanlayan sakin yazır: "Bu günlərdə evə dönən zaman qaz sayğacımın kimlərinsə tərəfindən yandırıldığını gördüm. Qaz idarəsinə müraciət edərək baş verənləri danışdım. İndi onlar məndən buna görə cərimə tələb edir. Axı sayğacı mən korlamamışam!"
"Azəriqaz" Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı məsələyə belə aydınlıq gətirib: "Qaz sayğacının qorunub saxlanmasına görə məsuliyyəti abunəçi daşıyır. Sayğac zədələnibsə, abunəçi onun dəyişdirilməsi üçün qaz idarəsinə müraciət etməlidir. Ona kənar şəxs də zədə yetiribsə, məsuliyyət yenə də abunəçinin üzərindədir".
Kommunal məsələlər üzrə ekspert Baba Rzayev isə bildirib ki, abunəçinin və ya kənar şəxsin sayğaca bilmədən zərər yetirməsinə görə, heç bir cərimə nəzərdə tutulmur. "İstehlakçı ilə "Azəriqaz" arasında imzalanmış müqavilədə birincinin sayğacın qorunmasına görə məsuliyyəti üzərinə götürməsinə dair bənd var. Orada göstərilir ki, sayğacın istənilən halda zədələndiyi təqdirdə abunəçi yeni sayğacın alınması və quraşdırılması xərclərini ödəməlidir", - deyə o, qeyd edib: "Yeni sayğacın qiyməti 65 manatdır. Onun quraşdırılması isə 24 manata başa gəlir".
Milli.Az