“Azəri Top Model"də vəhşi vestern ehtirası model xanımlara təsir etdi - FOTOSESSİYA

12 İyul 2011 14:04
Dünən 17 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi.

Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 17 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin vestern geyimlərini nümayiş etdirdilər. Elə vestern musiqinin müşayiəti ilə podiuma bir-bir çıxan model xanımlar onlar üçün ayrılan yerdə durdular.

Nəzərinizə çatdıraq ki, geyimləri "Debenhams" geyim mağazası təqdim edib.

Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.

Bundan başqa, F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası, stilist Syama, geyim üzrə stilist Aygün Əliyeva, müğənni və model Züleyxa Akçurina və bu dəfəki verilişdə "Grace" gözəllik salonunun təmsilçisi Naima xanım münsiflər heyətini təmsil edirdilər.

Müsabiqə zamanı əməkdar artist, müğənni Manana Xəyyam Nisanov qonaq qismində verilişə qatılaraq, repertuarlarında yer alan mahnıları ifa etdilər.

Bundan başqa, model Xana Həsənova da aparıcının təkidi ilə xarici mahnıdan hissə ifa etdi. Model Xana Həsənovanın əsl peşəsi ifaçılıq sənətidir. O, müğənni Fərhad Bakinskinin qızıdır.

Onu da qeyd edək ki, dünənki verilişdə "Pasaj" jurnalının baş redaktoru Nərminə Ağasının bir gün əvvəl olan ad günü qeyd edildi. Nərminə xanıma sponsorların qiymətli hədiyyələri təqdim olundu. Xüsusilə, "Pizza Hut" restoranın təqdim etdiyi şokolad tortu səbəbkarın ürəyincə oldu.

Müsabiqə zamanı həyəcanlı görünən model xanımların vestern üslubunda atlarla çəkildikləri fotosessiya münsiflərə göstərildi. Şəkillərlə tanış olan münsiflər sonda Oksana Rizayevanın şəkilini bəyənərək, ona müsbət rəy bildirdilər.

Nəzərinizə çatdıraq ki, model xanımların fotosessiyasını fotoqraf Vüsal Verdiyev hazırlayıb.

Həftə boyu model xanımlar yeni kompyuter mağazasının açılışında da iştirak ediblər. Onlar mağazanın xidmətləri ilə daha yaxından tanış olublar.

Ümumiyyətlə, keçən həftə maraqlı və yaddaqalan gün keçirən model xanımların əyləndikləri, gəzdikləri yerlərin nəticəsində video çarx hazırlanaraq, efir vasitəsiylə yayımlandı.

Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi model Elvira Rüdtəmova, ikincisi Nahidə Abdullayeva və üçüncüsü Maya Cəfərova oldu. Müsabiqəni tərk edən isə model Səbinə Cavadova oldu.

Onu da qeyd edək ki, model Samirə Rəcəbova universitetdə təhsil aldığına görə, müsabiqəni tərk edib. O, bu barədə layihə rəhbərlərinə və münsiflərə məlumat verərək, razılıq əsasında müsbiqədən ayrılıb. Ona görə də bu həftə müsabiqədə 18 model xanım deyil, 17 model xanım iştirak edib.

Veriliş zamanı aparıcı Firdovsi Atakişiyev zarafatlarıyla qonaqların marağına səbəb olurdu.

Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu.

Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçirilir. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsiylə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri ilə zəngin olacaq.

Layihənin baş sponsoru "Nissan-Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.

"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:

Rüstəmova Elvira
Abdullayeva Nahidə
Cəfərova Maya
Rzayeva Təranə
Əbilova Gülnar
Ramazanova Nərminə
Əliyeva Çinarə
Rizayeva Oksana
Arsentyeva Olqa
Klimova Yuliya
Şevçenko Aleksandra
Əlizadə Ləman
Allahverdiyeva Səbinə
Nəzərova Qərənfil
Eyyubova Diana
Həsənova Xana
Cavadova Səbinə

Fuad Mədətov
Milli.Az