Hacı Zeynalabdin Tağıyevin nəticəsi Bakını niyə tərk etdiklərindən danışdı - FOTO

31 Avqust 2017 22:59

Məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya imperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin nəticələrinin bir qismi hazırda Rusiyada yaşayır.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Tağıyevin vəfat etdiyi 1 sentyabr (1924) tarixi ərəfəsində onun qızı Sara Tağıyeva-Sarayevanın Moskvada yaşayan nəvəsi Dmitri Sarayevlə söhbəti təqdim edirik..

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın hazırda Rusiyada Oleq və Lev Nikolayeviç Sarayev adlı iki oğlu yaşayır. Dmitri Sarayev Lev Sarayevin oğludur və uzun müddət Bakıda nənəsi Sara xanımın yanında yaşayıb.

D. Sarayev bildirib ki, Sara xanımın bir oğlu Oleq Sankt-Peterburqda yaşayır, Elmlər Akademiyasında çalışır. Digər oğlu, yəni onun atası Lev isə hazırda Ryazan şəhərində yaşayır: "Atam indi yaşlanıb, pensiya alır. Mənim Oleq adlı qardaşım isə 5 il bundan öncə rəhmətə edib".

Müxbirin "Onlar Azərbaycana gəlmək istəyirlərmi" sualının cavabında deyib ki, əmisi Oleq Nikolayeviçin fikirini bilmir: "Amma atam yaşalandığı üçün ona uzaq yol getmək çətindir. Mən özüm Bakıda anadan olmuşam. 1993-cü ildə Bakıdan çıxmışam. Həmin vaxt atam Bakıda yaşayırdı. Amma Oleq əmim hələ uşaqlıqdan Sankt-Peterburqda yaşayıb".

Dmitri bildirib ki, podpolkovnikdir, uzun müddət polis orqanında çalışıb, indi isə pensiyaya çıxıb.

Məşhur milyonçunun nəticəsi nənəsi Sara xanımın necə bir həyat yaşadığı barədə xatirələrini də bölüşüb: "Biz nənəmin evinin qonşuluğundakı binada qalırdıq. Nənəm həmişə tək qalmaq istəyirdi. Həmişə yanına gəlirdim, soruşurdum ki, "ay nənə, nə lazımdır?" Nənəm həmin vaxt zəif eşidirdi, görə bilmirdi. Deyirdi ki, "Dima, bir bax gör, evin "polunu" necə yumuşam? Gör, hər yer təmizdirmi?" Deyirdi ki, "Dima, sən heç nə etmə, qonaq gəlmisən, heç nəyə əl vurma, özüm hər şeyi edəcəyəm".

Nənəm öz atasını çox sevirdi. Bütün həyatını atasına həsr etmişdi. Həmişə bizə atasından danışırdı. Deyirdi ki, atası öz millətini həddindən artıq çox sevirdi. Dostumun bir maqnitofonu vardı. Nənəmin yanına gələndə ona çoxlu suallar verib, səsini kasetə yazırdım. Amma o kaset indi itib. Atam o vaxt kiməsə verib, indi tapa bimirəm. O kasetdə nənəmin çoxlu fikirləri vardı. Məndə indi də nənəmin babama yazdığı məktubları qalıb. Fikrim vardı ki, həmin məktubları kompüterdə dərc edim. Çünki nənəmin yazdığı sözlərin çoxunu başa düşmürəm. Məktubları rus dilində yazırdı.

Məndən öncə qardaşım nənəmlə birlikdə qalırdı. Mən isə həmin vaxt ata-anamla birlikdə Culfada yaşayırdım. Qardaşım birinci sinifdə oxuyanda mən də Bakıda Yasamal rayonunda nənəmin yanında qalmağa başladım".

Dmitri onu da vurğulayıb ki, o, azərbaycanlı yox, rusdur: "Mən rusam. Mənim nənəmin ikinci həyat yoldaşı Nikolay Sarayev rus olub. Ona görə bizim milliyyətimiz rusdur".

D.Sarayevin "Hacı Zeynalabdin Tağıyev haqqında nələr bilirsiniz" sualına cavabı da maraqlı olub: "Yəqin, Hacı Zeynalabdin Tağıyevin Almaniyada restorana getməsi məsələsindən xəbərdarsınız. Bu, tamamilə doğrudur. Nənəm mənə danışırdı ki, Tağıyev Birinci Dünya Müharibəsi vaxtı Almaniyada olub. O vaxt Kayzer belə bir əmir vermişdi ki, rus təbəələrinin banklarda olan hesabları bağlansın. Amma Tağıyevin bankdakı hesabını açmışdılar ki, o, Almaniyadan çıxa bilsin.

Tağıyev Almaniyada olanda restorana gedib. Xidmətçi ona yemək verməyib. Amma axşam restoranın sahibinə məlum olur ki, ora kim gəlibmiş. Onu yenidən restorana dəvət edib, böyük bir süfrə açıb. Axşam yeməyi zamanı Tağıyev soruşub ki, bir günlük bu stolun qiyməti nə qədərdir? Bir həftəlik, bir aylıq və bir illik nə qədərdir? On illik qiyməti nə qədərdir? Qiyməti biləndən sonra Tağıyev restoran sahibinə deyib ki, bu illər ərzində hər bir azərbaycanlı orada pulsuz, onun hesabıma yemək yeyə bilər.

Nənəm danışırdı ki, bir aralar bazarda balıq olmayıb. Hamı Tağıyevin yanına gəlib ki, balıq yoxdur. Tağıyev dənizin kənarına gedərək, barmağındakı üzüyü çıxarıb balığın quyruğuna bağlayıb və dənizə buraxıb. Deyib ki, kim bu balığı tutsa, üzük də onun olacaq.

Nənəm hətta danışırdı ki, Tağıyev ilk dəfə olaraq Bakıya pomidor gətirdib və dadına baxıb. İndi Şollar suyunu Bakıda camaata butulkalarda satırlar. Amma Tağıyev Şollar suyunu o vaxt Bakıya çəkmişdi ki, camaat o suyu pulsuz içsin.

Nənəm deyirdi ki, o vaxt çar Aleksandr Bakıda vağzalda Tağıyevlə görüşərkən Hacı papağını çıxarmayıb...".

Dmitri deyib ki, babası-Sara xanımın həyat yoldaşı Nikolay o vaxt Leninqradda zavodda mühasib işləyirmiş. Nənəsi ilə də orada tanış olublar. Babası müharibədə həlak olub.

D.Sarayev Sara xanımın övladlarını atıb, Bakıya gəldiyi barədə deyilənlərə də münasibət bildirib: "Nənəm öz oğlu Oleqi Sankt-Peterburqda yaşayan qohumumuza vermişdi. Mənim atam isə internatda böyüyüb. O vaxtlar çox çətin idi. Nənəm işləmək istəyirdi. Amma onu Bakıda hər yerdən qovurdular. Atam həmişə bizə danışırdı ki, bir müddət Bakıda zirzəmidə yaşayıb. Nənəmgili hətta zirzəmidən də qovurmuşlar. Buna görə nənəm elə bir addım atmışdı.

Nənəmə ömrünün sonlarına yaxın Nərimanov prospektində ev vermişdilər. O, elə həmin evdə də yaşayırdı...

Nənəm həmişə uşaqlarına məktublar yazırdı. Həmin məktubları oxuyanda nənəmin öz övladlarına nə dərəcədə bağlı olduğunu görmək olur. Hətta nənəm ömrünün son günlərində Respublika Xəstəxanasının reanimasiya şöbəsində yatırdı. Onun otağında qalmaq üçün mənə və atama icazə vermişdilər, növbə ilə orada qalırdıq. Nənəm orada da dünyasını dəyişdi. Həmin gecə atam onun yanında qalmışdı. Nənəm dünyasın dəyişən vaxt heç nə deməyib".

D.Sarayev Azərbaycanı tərk etməsinin səbəbini də açıqlayıb: "Həmin vaxt qardaşım Arxangelskdə işləyirdi. Mən isə Neft Daşlarında çalışırdım. Qardaşım onunla getməyi təklif elədi, mən də fikirləşmədən ona qoşuldum".

Atasının və əmisinin nəyə görə getdiklərinə toxunan Dmitri bildirib ki, burada onların evləri olub: "Ayaz Mütəllibovun vaxtında bizə Mərdəkanda bağ da vermişdilər. Elçibəy hakimiyyətə gələndə siyasət bir az başqa cür oldu... Deyək ki, səbəb budur. Məndə bu sualın cavabı var. Amma demirəm".

D.Sarayev onu da deyib ki, o Bakıda anadan olub və onları kimsə incitməyib.

Dmitri o vaxt nənəsinin çörək pulu tapmadığı, dilənçilik etdiyi barədə yayılan xəbərlərə də münasibət bildirib: "Mən o vaxtlar Neft Daşlarında işləyirdim, yaxşı pul qazanırdım. Nənəmin yanına gəlirdim. Həmişə mənə deyirdi ki, "Dima, bir, yoxsa iki manat pul verim?" Deyirdim ki, "nənə, mənə pul lazım deyil. Sənə pul lazımdırsa, de, istədiyin qədər verim..." Nənəm belə bir insan idi".

D.Sarayev etiraf edib ki, Azərbaycan dilində danışa bilsə də, bəzi sözləri başa düşmür. Amma heç vaxt bu dili unutmayıb: "Mən Moksavada yaşayıram. Burada isə xeyli azərbaycanlı var. Mən Azərbaycan dilini necə unuda bilərəm? Həmişə azərbaycanlılarla söhbət edirəm. Biz Azərbaycan Tarix Muzeyinin 90 illiyində Bakıya gəlmişdik. Babamın bütün qohumları ilə görüşdük. Amma indi elə də yaxın əlaqələrimiz yoxdur".

Dmitri sonda onu da etiraf edib ki, Bakı üçün darıxır və buradan getdiyinə peşman olub: "Mən Bakıda anadan olmuşam, böyümüşəm, əsgərliyə getmişəm... İndi isə 49 yaşım var. Əlbəttə, peşmanam. Belə gətirdi ki, çıxıb getdik. Amma ora qayıtmaq istəyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində