Siyasilərin şok Novruz xatirələri
20 Mart 2010 12:16
Onlara hər zaman siyasi yükümlü suallarla müraciət edirik. Bu dəfə ənənəni pozmağa qərar verdik. Hər halda bayramqabağı müsahiblərimizə qanqaraldıcı, bezdirici siyasi suallar vermək bu əziz günlərin mahiyyətinə də uyğun gəlmir. Ona görə də üz tutduğumuz siyasilərdən Novruz bayramı ilə bağlı yaddaşlarında daşıdıqları, Novruz deyincə ilk ağıllarına gələn xatirəni bizimlə bölüşməyi xahiş etdik.
Qabil Hüseynli:
"Bayram günü az qalmışdı kəndin işıqlarını söndürüm"
Əslən Qərbi Azərbaycandan olan politoloq Qabil Hüseynli uşaqlıqda mənalı Novruz bayramlarına şahid olduğunu bildirdi. Və Novruzla bağlı iki uşaqlıq xatirəsini danışdı:
- Kənddə bayram günlərində özümüzə məşəl düzəldirdik. Ona şar da deyirdik. Bir parçanı yumru bükərək məftilə bağlayırdıq. Və onu uzun müddət neftin içinə saxlayırdıq ki, nefti özünə hopdursun. Sonra uzun bir məftillə ona dəstək düzəldirdik. Axşam da qaranlıq çökən kimi yandırıb düşürdük kəndin canına. Məşəllər də o qədər gözəl görsənirdi ki... Baxırdın kəndin ortasında 15-20 uşaq əlində məşəl gəzdirir. Çox gözəl mənzərə yaranırdı. Məşəlləri gah başımızın üstündə fırladırdıq, gah göyə atırdıq.
Deyəsən, 10 yaşım vardı. Məşəli başımın üstündə xeyli fırladandan sonra qeyri-iradi olaraq əlimdən buraxdım. Bu məşəl də yüksəkliyə qalxdı və gedib düşdü elektrik naqillərinin üzərinə. Qısa qapanma baş verdi, qığılcım yayıldı. Hamı qorxuya düşdü. Təbii ki, mən hamıdan çox qorxdum. Amma xoşbəxtlikdən kəndin işıqları sönmədi. Bununla da bayram günü kəndin işıqlarının sönməsinə səbəbkar olmağın xəcalətini yaşamaqdan qurtuldum.
Başqa bir xatirəm isə papaq atma ilə bağlıdır. O zamanlar baxmayaraq ki, insanlar yoxsul yaşayırdılar, amma indiki kimi xəsis deyildilər. Hamı papağa qoymaq üçün pay ayırırdı. Qapını da heç kim bağlı saxlamazdı.
Böyük qardaşımın bu işdə böyük səriştəsi vardı. O, böyük bir torbanı uzun qarğıya bağlayırdı. Və torbanı evlərin qapısından içəri uzadırdı. Payını alandan sonra geri çəkirdi.
Bir bayram qardaşımla birlikdə qapı-qapı düşüb papaq atırdıq. Torbanın içinə qoyulanları da götürmürdük, üst-üstə yığılırdı. 5-6 evə baş çəkdikdən sonra demək olar ki, torbamız yarıya qədər dolmuşdu. Növbəti evə torbanı uzatdıq. "Proses" bir qədər uzun çəkdi. Sevindik ki, yəqin payı çox qoyurlar ona görə. Bir azdan torbanı geri çəkəndə gördük ki, içi boşdur. Papaq atmanın da qaydası belədir ki, gərək özünü ev sahibinə göstərməyəsən. Ona görə də daha ev adamlarına deyə bilmədik ki, pay vermirsiniz verməyin, daha torbamızı niyə boşaldırsınız?
Nurəddin Məmmədli:
"Qız paltarı geyinib papaq atırdıq"
Uşaqlıq illəri Gədəbəydə keçmiş AXCP sədrinin müavini Nurəddin Məmmədli Novruzla bağlı çoxsaylı xatirələrə malik olduğunu söylədi. Onlardan ikisini bizə danışdı:
- Kənddə oxuduğum sinif həm savadlı, həm də yaradıcı olmasına görə məktəbdə seçilirdi. Əvvəllər uşaqlar axır çərşənbədə papaq atardılar. Səhərisi gün də topladıqlarını gətirirdilər məktəbə, bir neçə gün onu birlikdə yeyirdik.
Bir bayramda qapılara papaqatma ənənəsinə yenilik gətirdik. Oğlanlardan bir neçəsi qız paltarı geyinib papaq atmağa başladı. "Qız oğlan"lar əvvəlcə pəncərələrin qabağından keçib özlərini göstərirdilər. Bu da camaatda maraq yaradırdı ki, qızlar da papaq atarmış. Buna görə də onların papaqlarına daha çox və gözəl löyünlər qoyurdular.
Beləcə, daha artıq bayram payı toplamağa nail olduq.
Sonrakı il isə kəndin qızları onların statuslarından istifadə etməyimizə imkan vermədilər. Və özləri papaq atmağa başladılar.
Şagirdlərə zülm edən, hamımızın qorxduğu bir müəllimimiz vardı. Novruz bayramında kəndin ortasında böyük bir tonqal qalanmışdı. Uşaqlar həmin müəllimdən "qisas" almaq qərarına gəldilər. Qız paltarı geyinən oğlanlar bu kişinin başına bir oyun açdılar ki... Biri gəlib çiyin vururdu, biri paltarını dartırdı. O da bayram olduğu üçün bir şey deyə bilmirdi. Həm də uşaqlar qız paltarı geyindikləri üçün onları tanımırdı.
Müəllim sonradan həmin uşaqların kimliyini öyrənməyə çalışsa da, uşaqlar bir-birlərini satmadılar.
Bu xatirələr əlli ildir ki, yaddaşıma həkk olunub.
Hacıbaba Əzimov:
"1967-ci ildə Novruzu Moskvada oturub, necə deyərlər, lazımınca "qeyd etdik"
Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimovun uşaqlıq illəri isə Lənkəranda keçib. Amma onun Novruz deyincə, yadına düşən ilk olay 1967-ci ildə Azərbaycanda Novruz bayramının keçirilməsi hadisəsidir:
- Sovetlər dövründə Novruzun keçirilməsi qadağan olsa da, Lənkəranda bu bayram hər zaman böyük şadyanalıqla qeyd olunub. Heç kəs xalqın Novruza olan sevgisinin qarşısını ala bilməyib. Lənkəranda Novruzun bütün rituallarına əməl olunurdu. Xüsusən qadınların səməni bişirib paylamasını bu gün xoş duyğu ilə xatırlayıram.
Amma Novruzla bağlı yaddaşıma həkk olunmuş ən gözəl xatirə 1967-ci ildə Azərbaycanda Novruz bayramının ilk dəfə dövlət səviyyəsində keçirilməsi hadisəsi oldu.
O dövrdə mən elmi işlə bağlı Moskvada ezamiyyətdə idim. Radionu açdım, Bakını tutdum. Radioda xəbər verdilər ki, Bakıda Bahar bayramı şənliyi keçirilib və bu, böyük xalq bayramına çevrilib. Bu mənə böyük ruh verdi. Sevindim ki, milli bayramımız artıq dövlət səviyyəsində keçirilməyə başlayır.
Artıq buraya gəlmək gec idi. Ona görə də Moskvada yaxın dostlarla oturub bu hadisəni, necə deyərlər, lazımınca "qeyd etdik.
Bu bayramın keçirilməsidə rəhmətlik Şıxəli Qurbanovun xidmətləri danılmazdır. Amma burada o vaxt birinci katib olan rəhmətlik Vəli Axundovun da rolu böyükdür. Əgər o razılıq verməsəydi, bu bayramın keçirilməsi mümkün olardımı? Ona görə gərək heç kimin haqqını itirməyək.
Sonradan Novruzun dövlət səviyyəsində keçirilməsi yenə yasaqlandı. Sevinirəm ki, son illər hökumət bu bayramı yüksək səviyyədə keçirilir.
/Ekspress/