Merdokun imperiyası laxladı

9 İyul 2011 17:56
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, böyüklüyünə görə dünyanın ikinci media qruplaşması olan "News Corporation"ın sahibi Rupert Merdok bu gün Londonda olacaq. O, biznesinin Britaniyadakı hissəsinin çox ağır böhran nəticəsində düşdüyü fəlakətdən çıxış yolları arayır.

Britaniyanın baş naziri Devid Kemeron bildirib ki, Merdoka məxsus "News of the World" həftəliyinə qarşı telefon danışıqlarının qanunsuz şəkildə dinlənilməsi və məxfi informasiyalar əldə etmək məqsədilə polisi pulla ələ almaq cəhdlərinə görə iki təhqiqat başlanıb.

"News of the World"un sabiq baş redaktoru Endi Koulsonla qəzetin iki sabiq əməkdaşı həbs olunublar. Onlara qarşı irəli sürülmüş ittihamlar sübut edilərsə, həmin şəxsləri 7 il həbs gözləyir.

"News Corporation" media konqlomeratının icraçı direktoru, Rupert Merdokun "sağ əli" sayılan Rebeka Bruks bildirib ki, həftəliyin redaksiyasında baş verən "pis işlər" yaxın günlərdə açıqlanacaq: "Bir il sonra hamınız anlayacaqsınız ki, "News of the World"u niyə qapatdıq", - Bruks deyib.

Rupert Merdokun ABŞ-dakı biznesində, xüsusilə də "The Wall Street Journal" qəzeti və nüfuzlu "Fox News" telekanalında ciddi yoxlamalar aparılacaq.

Ekspertlərin dediklərinə görə, "News Corporation"da ciddi islahatlar gözlənilir.
Rupert Merdokun yerində isə Çeyz Kerinin işləyəcəyi gözlənilir.

Milli.Az