"Bakı İrəvana ultimatum verməlidir"

14 Avqust 2017 11:26

"Erməni separatçıları və onlara havadarlıq edən ATƏT-in Minsk qrupu vasitəçiləri hər yerdə belə xəbər yayırlar ki, guya Azərbaycan və Ermənistan prezidentləri BMT-nin sentyabr sessiyası zamanı Nyu-Yorkda görüşəcəklər. Birincisi, prezidentlərin Nyu-Yorkda görüşməsi üçün gərək hər ikisi BMT sessiyasına qatılsınlar. Buna böyük şübhəm var. Prezidentlər heç də hər il BMT sessiyalarının açılış mərasimlərinə qatılmırlar. İkincisi, Dağlıq Qarabağ danışıqlarında hansı irəriləyiş var ki, prezidentlər bu "irəliləyişi" əllərində rəhbər tutaraq görüşüb fikir mübadiləsi aparsınlar. Görüş xatirinə görüş ermənilərə lazımdır ki, status-kvonun ömrünü mümkün qədər uzatsınlar, ona görə də hər yerdə "prezidentlər görüşəcək" dezinformasiyasını yayırlar".

Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, Azərbaycana bu cür görüş imitasiyası lazım deyil: "Deyiləsi bütün sözlər deyilib, ortada da heç nə yox. 10 il də danışıqlar davam etsə, münaqişənin həllində heç nə dəyişməyəcək. Ona görə də işğalçıya təzyiqə davam! Uzaqbaşı xarici işlər nazirləri görüşüb yalandan vaxt öldürə bilərlər. Əslində, heç bu da Azərbaycana lazım deyil. Rəsmi Bakı İrəvana ultimatum verməlidir ki, "mərhələli həll" planını qəbul etməyənə və Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmağa hazır olmayana qədər Sizinlə bütün rəsmi danışıqlara moratorium qoyuruq!"

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində