Mənsum İbrahimov: “Novruzda qapımıza o qədər papaq atırlar ki...”
20 Mart 2010 10:04
"Hər Novruz bayramında qapımıza o qədər papaq atırlar ki..."
Bunu Milli.Az xəbər portalına Novruz bayramı ilə bağlı təəssüratlarını bölüşən xalq artisti Mənsum İbrahimov deyib. O, xatırladıb ki, bu bayram hətta qadağan olunduğu sovet dövrundə də xalq tərəfindən yüksək səviyyədə qeyd olunurdu: "Bayrama hələ bir ay qalmışdan uşaqlar arasında yumurta yığmağa başlayırdıq. Biz yumurtanı boyatdıraraq döyüşdürürdük. Yumurtanı "qatara" qoyurduq. Kimi udur, kimi uduzurdu. Bayram vaxtı uşaqlardan kimin həyətində çox toyuq vardısa, həmin adam dəbdə olurdu. Bundan başqa, Qarabağa xas olan "dirədöymə" oyunu oynayardıq, parçadan fitil düzəldib neftdə isladaraq axşam olanda fişəng kimi havaya atardıq" - deyə xalq artisti xatirələrini bölüşüb.
Xanəndə Novruzun atributları kimi küsülülərin barışması, valideynlərin, qohumların ziyarət olunması, evdə-həyətdə təmizlik işlərinin aparılması, maddi imkanı zəif olanlara köməklik edilməsini göstərib.
Müğam ustası özünün şəxsən heç kimlə küsülü olmadığını, buna görə də kiminləsə barışmasına əsas olmadığını vurğulayıb: "Bu Novruz bayramında heç kiminlə barışmayacam, çünki küsülü qaldığım adam yoxdu. Mən, ümumiyyətlə, xaraktercə sülhsevər adamam. Çalışıram ki, uşağın da xətrinə dəyməyim".
Sevimli xanəndəmiz bayram günləri qapılarına saysız-hesabsız papaq atıldığını da söyləyib: "Bizə papaq atılanda o qədər sevinirəm ki... Ümumiyyətlə, papaq atmaq özü də yaxşı bir şeydir. Hər kəsin qapısına papaq atmırlar... Yəqin papaq atan şəxs həmin evdən razı qalır ki, sonradan papaqların davamı da gəlir..."
Aydın
Milli.Az