Evi əllərindən alınan ailə ilə bağlı əks iddialar: "Böhtan atırlar"

12 Avqust 2017 10:05

Zərdab Rayon İcra Hakimiyyəti başçısının Məlikumudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ağaverdi Novruzov Milli.Az-a müraciət edərək həmin kəndin sakinləri Mehdiyev SarəncMehdiyeva Günelin mətbuatda yer alan iddialarına cavab verib. Onun sözlərinə görə, mediada Mehdiyeva Günel Faxrət qızı barədə yerləşdirilmiş məlumatlar düzgün deyil:

"Bildirirəm ki, Zərdab rayonunun Məlikumudlu kənd sakinləri Günel Mehdiyeva və onun həyat yoldaşı Sarənc Mehdiyev son 2 il ərzində müxtəlif yuxarı orqanlara müraciət edərək onlara qarşı haqsızlıq edildiyini, uzun illər yaşadıqları torpaq sahəsindən və evdən çıxarıldıqlarını bildirirlər. Bu işin səbəbkarı kimi rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevi, rayon məhkəməsinin hakimi Tahir Qubadovu və Məlikumudlu kənd sakini Tofiq Abdullayevi göstərirlər. Bu fikirlər düzgün deyildir. Əsl həqiqət isə belədir.

Zərdabda dəhşət: evləri əlindən alınan ailə at arabasında yatır - FOTO

Məlikumudlu bələdiyyəsi ilə Tofiq Abdullayevin həyat yoldaşı Nüşabə Abdullayeva arasında bağlanmış 01 oktyabr 2007-ci il tarixli 09 saylı icarə müqaviləsi əsasında 15 ha torpaq sahəsi Nüşabə Abdullayevaya icarəyə verilmiş və Dövlət Torpaq Kadastr kitabında 08.07.2014-cü il tarixdə 724 nömrə ilə uçota alınmışdır.

Azərbaycan Respublikası Prezidentinin 14.12.2007-ci il tarixli sərəncamı ilə Lütvəli Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildiyindən Günel Mehdiyevanın onun haqqında yazdığı fikirlər böhtan xarakterli olmaqla rayon rəhbərinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyır.

Eyni zamanda bildiririk ki, Nüşabə Abdullayeva Mehdiyev Sarəncə qarşı məhkəmədə iddia qaldırıb və 13 may 2016-cı il tarixdə onun iddiası təmin edilib.

Rayon icra hakimiyyəti tərəfindən həmin ailəyə müvəqqəti yaşamaları üçün Məlikumudlu kəndi ərazisində yerləşən köhnə məktəb binasından 2 otaq təklif olunub, lakin onlar bu təklifi qəbul etməyiblər və yalnız məhkəmə qərarı ilə çıxarıldıqları evdə yaşamaları üçün şərait yaradılmasını tələb ediblər".

A.Novruzov əlavə edib ki, Günel Mehdiyevanın həyat yoldaşı Sarənc Mehdiyevin Məlikumudlu kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi vardır: "Həmin həyətdə kifayət qədər tikinti materialları olmaqla, 3 otaqlı evin bünövrəsi qoyulub.

Lakin bu ailə dayanmadan müxtəlif ünvanlara əsassız və böhtan xarakterli ərizələr yazmaqda davam edir".

Qeyd edək ki, mehdiyevlər ailəsinin mətbuatda yer alan iddialarına görə, rayonda yüksək vəzifə tutan məmurların təzyiqi ilə evləri əllərindən alınıb və ailə hazırda küçələrdə yaşayır.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində