Keniya prezidenti postunda qaldı: ölkə qaynayır - FOTO

12 Avqust 2017 10:25

Keniyanın indiki dövlət başçısı Uhuru Kenyatta ölkədə keçirilmiş prezident seçkilərinin qalibi sayılıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Keniyanın Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, U.Kenyatta səslərin 54,27 faizini, onun rəqibi, müxalifət lideri Rayla Odinqa isə 44,74 faizini toplayıb.

R.Odinqa nəticələri tanımadığını, səsvermənin saxtalaşdırıldığını bəyan edib.

Keniyada prezident seçkiləri avqustun 8-də keçirilib. 41246 seçki məntəqəsində səs verməyə yollanan vətəndaşlar ölkə prezidentini, habelə iki palatalı parlamentin deputatlarını seçiblər. Həmin gün yerli icra və qanunverici orqanlara seçkilər də keçirilib.

Builki seçkilərdə 1882 posta 64 siyasi partiyanı təmsil edən 14500 namizəd vardı.

Seçkilərin nəticələri açıqlayan kimi ölkədə müxalifətçilərin kütləvi etiraz aksiyaları başlanıb.

Müxalifətin "qala"sı hesab olunan Kisumu şəhərində Rayla Odinqanın on minlərlə tərəfdarları küçələrə çıxaraq barrikadalar qurublar, avtomobil şinlərini yandırıblar.

Aksiya iştirakçılarının polis və hərbçilərlə toqquşmasında 9 nəfər həlak olub.

Beynəlxalq müşahidəçilər isə seçkilərin şəffaf və demokratik keçdiyini, nəticələri tanıdıqlarını bəyan ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində