Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlandı

12 Avqust 2017 07:39

Dövlət imtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Dövlət İmtahan Mərkəzindən (DİM) Milli.Az-a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələrini DİM-in internet səhifəsindən və ya bütün mobil operatorlardan iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 12-də (günün ikinci yarısında) "Abituriyent" jurnalının 7-ci sayında dərc olunacaqdır.

Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Tələbə adı qazanmış şəxslər 2017-ci il avqustun 15-dən 25-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin müsabiqəsində 42804 abituriyent iştirak edib. Onlardan 36381 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11728 nəfər dövlət sifarişi əsasında, 24653 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaqdır.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində