Sellülitdən necə xilas olaq?

12 Avqust 2017 23:40

Sellülit - dərialtı piy qatında gedən struktur dəyişiklikləri və ya dərinin mexaniki deformasiyası olub, mikrosirkulyasiyanın pozulması və səthi piy hüceyrələrinin hipertrofiyası nəticəsində yaranır. Sellülit zamanı dərinin və dərialtı piy qatının hüceyrələri özünün metabolizm məhsullarını xaric edə bilmir, əksinə, yağ, maye, toksin və şlakları ikiqat sürətlə toplayır. Ona görə də həmin hüceyrələrin ölçüsü böyüyür və piy toxumasının həcmi artdığı üçün dərialtı birləşdirici toxuma liflərinin arasından xaricə doğru qabarıqlar əmələ gəlir. Piy hüceyrələri - adipositlər normal ölçüsündən 30-40 dəfə artaraq böyüyə bilər. Sellülit təkcə artıq çəki və piylənmədən əziyyət çəkənlərdə deyil, dərialtı piy qatı zəif olanlarda da yarana bilər.

Milli.Az herba-flora.com-a istinadən bildirir ki, qadınların 80-95 faizi sellülitdən əziyyət çəkdiyi halda kişilərdə dərialtı piy hüceyrələrinin distrofiyasına demək olar ki, rast gəlməmiş. Elə buna görə də sellülitin yaranma səbəblərindən biri kimi qadın cinsi hormonlarının miqdarı göstərilir.
 
   
    Sellülitin dörd mərhələsi ayırd edilir:
İlkin mərhələdə dəri deformasiyası gözlə görünmür. Adətən qadınlar bir qədər kökəldiyini düşünür, əslində isə bu, dərialtı limfa damarlarında mayenin ləngiməsi ilə əlaqədar olur.
İkinci mərhələdə dərinin venoz sistemi artıq xaric olunacaq maye miqdarının öhdəsindən gələ bilmir. Dəri altında toplanan maye toxumalara təzyiq edir, arteriya, vena və limfa damarlarının daha da sıxılmasına və drenajın bir az da pozulmasına səbəb olur. Nəticədə bir tərəfdən piy toxuması bərkiyir, digər tərəfdən isə arteriyaların sıxılması oksigen təchizatını pozur və birləşdirici toxumanın arı şanını xatırladan arakəsmələr şəklində inkişafına səbəb olur.
Üçüncü mərhələdə birləşdirici toxuma hüceyrə aralarına doğru bir az da inkişaf edir, ilk baxışdan dərinin deformasiyası az nəzərə çarpsa da, barmaqlar arasında yığılanda "portağal qabığı" görüntüsü yaranır. Əmələ gələn birləşdirici toxuma bir ucu ilə əzələyə, digəri ilə dəriyə birləşdiyi üçün həmin mərhələdə artıq müalicə çətinləşir.
Dördüncü mərhələdə sellüliti görmək üçün əlavə manipulyasiyalara ehtiyac olmur, həm estetik və psixoloji, həm də fiziki cəhətdən əziyyət verir. Qan və limfa durğunluğu artdığı üçün qabarcıqlı nahiyələrin dərisi göyümtül rəng alır və əllə toxunanda soyuq olur, sinir ucluqları ödemli toxuma tərəfindən sıxılıb zədələndiyinə görə ağrı əmələ gəlir.
 
Sellülitin mərhələsini aydınlaşdırmağın çox asan yolu var. Əlin bayır tərəfi ilə dərinin temperaturu yoxlanılır, sellülitə məruz qalmış hissələr digər nahiyələrə nisbətən daha soyuq olur. Yaxud çimdik simptomu ilə də yoxlamaq olar: dəri iki barmaq arasında yavaş-yavaş, lakin bərk şəkildə sıxılır, bir az saxladıqdan sonra buraxılır. Ağrının əmələ gəlməsi sinir uclarının zədələndiyini və süllülitin son mərhələdə olduğunu göstərir.
 
 
Sellülitin yaranma səbəbləri
Hormonal disbalans, xüsusən də yumurtalıqların funksiyasının pozulması, həmçinin qalxanabənzər vəzin xəstəlikləri qanda estrogenlərin artmasına və sellülitə səbəb olur, bundan əlavə:
Zülal mübadiləsinin və qanda albumin zülalının azalması
Düzgün qidalanma rejiminin pozulması
İrsi faktor
Azhərəkətli həyat tərzi - hipodinamiya
Xroniki stress və yorğunluq da etioloji faktorlar arasındadır.
 
 
Müalicə
Sellülitdən yaxa qurtarmaq çətin olsa da, mümkündür. Bunun üçün antisellülit tədbirlər kompleks şəkildə həyata keçirilməlidir.
Düzgün qidalanma normal bədən çəkisini bərpa etməyə və toksinləri orqanizmdən çıxarmağa kömək edir. Yağlı, qızardılmış, şəkərli qidalar və un məmulatları minimuma endirilməli, yeməklər kiçik porsiyalarla tez-tez yeyilməlidir.
Hətta minimal fiziki yüklənmə və idman problemli zonalarda qan dövranını sürətləndirir və distrofik hüceyrələrin topladığı yağı ifraz etməyə məcbur edir.
Fitooil Masaj yağı ilə tətbiq olunan əl masajı həm mikrosirkulyasiyanı aktivləşdirir, həm də əmələ gəlmiş birləşdirici toxuma arakəsmələrini əridir və dəridə olan qabarcıqları hamarlaşdırır.
Antisellülit prosedurlar, xüsusilə də bürünmələr isidici və qan dövranını sürətləndirici təsir edir, dərinin elastikliyini artırır.
Fitoterapiya madəllər mübadiləsini sürətləndirdiyi, toxumalarda qan dövranını yaxşılaşdırdığı, həmçinin piy toxumasını parçaladığı üçün sellülitlə mübarizədə əvəzedilməzdir.
 
 
Reseptlər
Balıq yağı
4 ay ərzində gündə 1 dəfə 3 xörək qaşığı balıq yağı qəbul olunur, üstündən 1-2 xörək qaşığı limon şirəsi içilir.
 
Müalicəvi vannalar
Bibəriyyə (rozmarin) və ya qatırquyruğu dəmləmələrinin 1 ay ərzində içilməsi, həmçinin vannalar şəklində istifadəsi mübadiləni sürətləndirir, dəridə kollagenin sintezini artırır, antioksidant təsir göstərərək orqanizmdə, xüsusən də piy toxumasında toplanan toksinləri xaric edir. Vanna hazırlamaq üçün hərəsindən 50 qram qatırquyruğu, lavanda, bibəriyyə, adaçayı, qaraqınıq və sarmaşıq otu 2 litr suda dəmlənir və 390C su ilə doldurulmuş vannaya əlavə edilir. Həmin vannalar həftədə 2 dəfə 15 dəqiqə qəbul edilir.
 
Qəhvə maskası
Dəmlənmiş qəhvənin çöküntüsünə Fitoton mavi gil və az miqdarda mineral su əlavə edilir, alınan kütlə masaj hərəkətləri ilə nəm dəriyə çəkilir. Qəhvənin tərkibində olan kofein yağları parçalayır, gil isə dəridə olan artıq mayeni xaric edir.
 
Sirkəli bürünmə
Təbii alma sirkəsi ilə su yarıbayarı qarışdırılır, qarışığa limon və ya nanə yağı əlavə edilir, dərinin problemli hissələrinə çəkildikdən sonra polietilen plyonka ilə bürünür. Üstdən isti paltar geyinmək, aktiv hərəkət etmək və ya 1 saat ərzində yorğan altında uzanmaq daha yaxşıdır.
 
Antisellülit xəmir
Bərabər miqdarda bal və alma sirkəsi götürülür, buğda unu ilə xəmir yoğrulur, dərinin sellülitli nahiyələri xəmirlə bürünərək 2 saat saxlanır. Ertəsi gün eyni prosedur yağsız kəsmiklə təkrarlanır. Müalicəni uzun müddət tətbiq etmək olar.
 
Jenşen və dəniz duzu
1,5 stəkan qurudulmuş jenşen kökü 2 litr suda 5 dəqiqə qaynadılır, ağzı örtülərək yarım saat dəmlənir. İsti su ilə doldurulmuş vannaya süzülmüş dəmləmə və dəniz duzu əlavə olunur, 15 dəqiqə vanna qəbul edilir.
 
Əzvay ilə bürünmə
Bir neçə əzvay (aloye) yarpağı yuyularaq xırda doğranır, üzərinə limonun şirəsi ilə birlikdə ləti və az miqdarda zeytun yağı əlavə olunur. Alınan kütlə problemli hissələrə çəkilir və sellofanla bürünərək 40 dəqiqə saxlanır. İlıq su ilə yuyulandan sonra Fitooil Zəyərək yağı çəkilir.
 
Manna yarması ilə skrab
Yerkökü sürtgəcin xırda gözündən keçirilir, içinə manna yarması əlavə olunur, alınan skrabla problemli dəri nahiyələri masaj edilir. Masajdan sonra qalıqlar 10 dəqiqə ərzində dəridə saxlanır, sonra isə yuyulur.
 
Sitrus kremi
Hərəsindən 2 ədəd limon, portağal və naringi qabığı sürtgəcdən keçirilir, uşaq kremi ilə qarışdırılır, hər dəfə duşdan sonra problemli nahiyələrə çəkilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində