Deputat fəryad etdi: "SMSlərlə yüzminlər oğurlanılaraq qazanılır"

9 Avqust 2017 15:23

"Azercell və Bakcell nömrələrinə qəribə 4 rəqəmli nömrələrdən SMS gəlir ki, siz hansısa xidmətə qoşuldunuz. Günlük xərc də cəmi cümlətanı 59 qəpik, yəni bir aya 18 manat. Halbuki, heç bir xidmətə qoşulmaq ücün xüsusi bir muraciət və s. etmirsən. Zəng vurursan mobil operatora deyir ki, bu, bizim xidmət deyil, filan nömrə ilə əlaqə saxlayın, bu, onların xidmətidir. Deyirsən ki, axı dediyiniz şirkət mənim nömrəmi sizdən basqa kimdənsə ala bilməz. Nə isə... Zəng vurursan deyilən nömrəyə bir nəfər ya xanım, ya da bəy cavab verir ki siz internetdə filan saytlara girdikdə bizim xidmətə qoşulmuş sayılırsınız. Və beləcə hətta xidməti ləğv etmək ücün 50 qəpik xərcləyirsən. Belə dəhşət olarmı? Gözəlim məmləkətimizdə kim-kimi harada tutdu çəkinmədən soyur".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, kimlərsə bu yolla yüzminlərlə qazanc əldə edir: "Bilmədən hansısa xəbər saytına girdikdə bizi hansısa xidmətə qoşurlar. Bilən ləğv etdirir, bilməyən istifadəçi illərlə soyulur. Yəni hüquqi cəhətdən dəhşətli, rüsvayçı bir durumdur. "Stop" yazıb durdurmağa da 2 AZN pul çıxılır.

Mobil operatorlar deyir ki, bizlik heç nə yoxdur. Rabitə Nazirliyinin verdiyi lisenziyalar əsasında işləyirlər bu sirkətlər. Məsələ 59 qəpikdə deyil, 100 minlər oğurlanılaraq qazanılır bu SMSlərlə. Təsəvvür edin ki, bu kimi fəaliyyət gostərən şirkətlər az deyil. Ən sadə yolu etibar qazanmış səhifələrin xəbərlərini oxumaqdır.

Vətəndaşı ən mədəni formada belə soyarlar e... Yoxsa yapışmısınız ki, kassadakı qız 5 qəpiyimizi qaytarmadı, qaz belə, işıq belə, benzin belə... Hələ bir nəfərə zəng vuranda onun şəbəkəyə qayıtması üçün bir neçə dəfə zəngi təkrarlayırsan, o zaman hələ hansı hesablar boynuna yüklənir heç xəbərin də olmur. Şöhrətpərəst insanlarıq, lazım oldu-olmadı hərəmizdə də ən azı bir telefon, iki-üç nömrə, sonra da deyirik ki, məsrəfimiz çoxdur. Günün bəlkə də ən böyük məsrəfi telefonla boşuna danışmaqdan qaynaqlanır. Ona görə də mobil operatorlar bu yaralı yerimizdən ürək genişliyi ilə istifadə edərək SMS vurub qazan doldururlar".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində