Zərdabda dəhşət: evləri əlindən alınan ailə at arabasında yatır - FOTO

9 Avqust 2017 13:48

Zərdab rayonu Məlikumudlu kənd sakini Mehdiyeva Günel Faxrət qızı tərəfindən femida.az- a müraiət daxil olub.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, vətəndaşın iddialarına görə, rayonda yüksək vəzifə tutan məmurların təzyiqi ilə evləri əllərindən alınıb və ailə hazırda küçələrdə yaşayır.

"Həyat yoldaşım Sarəncin valideyinləri sovetlər dönəmində Məlikmudlu kəndinin kolxoz fermasında çoban və sağıcı işləyiblər. Buna görə də onlar fermanın işçiləri üçün nəzərdə tutulmuş evdə yaşayıblar. Həyat yoldaşım Sarənc Mehdiyev həmin fermanın evində doğulub. Mən də həmin evə gəlin gəlmişəm. Orada iki uşağımız doğulub. Sovet qurluşu dağıldıqdan bir müddət sonra həmin fermanın çoban evi atam Mehdiyev Nəsrəddin Nəsir oğluna əmlak payı kimi verilib. Buna dair sənədlər də var. Bundan sonra biz həmin ərazidəki torpaqdan istifadə etmək üçün Məlikmudlu bələdiyyəsi ilə icarə müqaviləsi bağladıq ki, bunun da sənədi var".

Kənd sakininin iddialarına görə, Zərdab rayonun icra başçısının sabiq müavini Tofiq Abdullayev onları əmlakının yerləşdiyi torpağı həyat yoldaşı Abdullayeva Nüşabə Ağalar qızının adına 25 illik icarə müqaviləsi bağlatdırıb. Bundan sonra onları məhkəməyə verib və evləri əllərindən alınıb. 



"Bundan sonra bizim həmin torpağı zəbt etməyimizi əsas gətirərək Zərdab rayon məhkəməsində iddia qaldıraraq oradan çıxarılmağımızı tələb etmişdi. Məhkəmə sədri Tahir Qubadov iddianı təmin etmişdi. Həttda Zərdab rayon məhkəməsinin 13 may 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək hüququmuzun məhdudlaşdırılması üçün həyat yoldaşımı 16 may 2016-cı il tarixdə qanunsuz 20 günlük inzibati həbs etdilər. Guya həyat yoldaşım Sarənc Tofiq Abdullayevin çobanına qarşı xuliqanlıq edib. Həyat yoldaşım həbsdən çıxan kimi qətnaməni və sənədləri vəkil Əlayif Həsənova verdi. O, isə apellyasiya şikayətini müddət ötəndən sonra yazıb həyat yoldaşıma verdi. Buna görə də məhkəmə müddətin ötməsini əsas gətirib apellyasiya şikayətimizi əsassız hesab etdi. 

Beləliklə, bir ailənin qanunu evini əlindən almaq üçün saxtakarlıqla çıxarılmış qətnamə qanunu qüvvəsini aldı. Bundan sonra icraçılar və polislər məhkəmə qətnaməsinə əsasən bizi evimizdən çıxartdılar. Hazırda çölün düzündə at arabasının içində qalırıq. Biz mal-qoyun, toyuq-cücə saxlayıb ailəmizi dolandırıdıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində