168 illik qəzet rüsvayçılıqla bağlanır - FOTO

8 İyul 2011 10:28
Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, İngiltərədə şou-biznes, siyasət və sənət aləmindən onlarla insanın telefonlarının qanunsuz dinlənilməsini təşkil etdiyi üçün sərt tənqid edilən "The News of the World" qəzeti 168 illik fəaliyyətdən sonra bağlanır.
"News Corp" media konqlomeratının sahibi Rupert Merdokun oğlu Ceyms Merdokun dediyinə görə, bazar günü qəzetin son sayı satışa çıxarılacaq.

"168 illik tarixə malik qəzetin nüfuzuna düzgün olmayan hərəkətlərlə zərbə dəyib. "The News of the World" başqalarını məsuliyyətə dəvət edirdi. Lakin qəzet bu qaydanı özünə tətbiq edə bilmədi", - Merdok deyib.

"News Corp" qəzetin jurnalistlərinin iş prinsipləri ucbatından illərdən bəri məhkəmə qalmaqallarına cəlb olunurdu. Qəzet şou-biznes məşhurları və siyasətçilərin mobil teelfonlarındakı SMS-lərlə onların telefon danışıqlarını ələ keçirmək üçün ştatdankənar işçilərindən istifadə edirdi. Jurnalistlər Britaniyanın sabiq baş naziri Toni Bler, şahzadə Uilyamın xanımı Keyt Middlton, futbolçular Rayan QiqqzUeyn Runinin danışıqlarını dinləmişdilər.

Lakin bu həftə qəzetin qətlə yetirilmiş qız, Əfqanıstanda həlak olmuş əsgərlər və 2005-ci ildə Londonda törədilmiş terakt qurbanlarının telefonlarını da dinlədiyi bəlli olub.
Baş nazir Devid Kemeron bu biabırçılıqları araşdırmağı hökumətə tapşırmışdı.
Elə həmin gün "News Corp"un sahibi Rupert Merdok ittihamları rədd edərək qəzetin baş redaktoru Rebekka Bruksun müdafiəsinə qalxmışdı.

Amma dünən Merdokun mövqeyi dəyişib: "Əgər dinləmələrlə bağlı ittihamlar doğrudursa, bu, insana yaraşan davranış deyil və belə hallara da şirkətimizdə yer yoxdur", - Ceyms Merdok deyib.

Maraqlıdır ki, Merdokun korporasiyası "Thesunonsunday.com" adlı yeni saytı qeydiyyatdan keçirib.

Milli.Az