Danışılmış oyunlar: bu çarx necə fırlanır? - FOTO
8 İyul 2011 09:57
Sonradan onlardan 44 nəfərinə müxtəlif formada cəza kəsildi. O dönəmdə həbs olunanlardan biri, "Beykozspor"un oyunçusu Ümid Ozan Kazmaz belə bir açıqlama vermişdi: "Bura bataqlıq kimidi. Ağcaqanadlarla, böcəklərlə məşğul olurlar. Amma bataqlıqdakı timsahlara baxmaları lazımdı. Futbol funksionerlərini, Superliqa klublarını araşdırmalıdırlar".
Türkiyədə danışılmış oyunlar və futbolda rüşvətlə bağlı növbəti dalğa bugünlərdə gəldi. "Fənərbaxça"nın prezidenti Əziz Yıldırım başda olmaqla, futbol dünyasının bir çox tanınmış siması saxlanılıdı. Onların aqibətinin necə olacağı isə bəlli deyil...
Türk futbolu rüşvət qalmaqalı ilə çalxalandığı bir dövrdə hər kəsi bir sual düşündürür: bu çarx necə fırlanır? Bu "mexanizmin" necə işlədiyini anlamaq üçün əvvəlcə, "haralarda bu cür qalmaqallar yaşanmaz?" sualını cavablandırmaq lazımdır.
Avropadakı kontorlar ziyandan necə yayınırlar?
Avropada fəaliyyət göstərən "William Hill", "BetWin" və "Ladbrokes" kimi böyük bukmeker şirkətləri rüşvət və danışılmış oyunlara qarşı nə etməli olduqlarını gözəl bilirlər. Ona görə də, belə bir durumla üzləşən zaman dərhal hərəkətə keçərək, xoşagəlməz olaydan yayınırlar.
Avropadakı kontorlar hər liqanın risk nisbətinə görə gündəlik bir "qazanc" limiti qoyurlar və riskli ölkələrin limitlərini aşağı salırlar. Məsələn, Türkiyə liqaları üzərinə oynanan kuponların cəmi qazanc ehtimalı 20 min funt-sterlinqi keçə bilmir. Amma bu rəqəmin İngiltərə Premyer Liqası üçün 100 minə qədər yüksəlməsi normal haldır.
Əgər bir matça qısa müddət ərzində həddindən çox pul yatırılırsa, həmin oyunun əmsallarında dəyişikliklər müşahidə olunmağa başlayır. Və belə olunca, şirkət sözügedən matça pul qoyuluşunu dayandırır və dərhal proqramdan çıxarır. Məsələn, A və B komandaları arasında keçirilən oyunda ev sahibinin qələbə əmsalı 2,40, heç-heçə 3,00, qonaq komandanın qələbəsi isə 2,90 olaraq göstərilib. Əgər bu qarşılaşmada ev sahibinin qələbəsinə 12 saat ərzində 200 min dollar yatırılarsa, onda təbii olaraq, 2,40 əmsalı 1,50-dək düşə bilər. Və belə olan halda, təhlükəsizlik tədbiri olaraq şirkət bu oyunu tamamilə proqramdan çıxarır.
Asiya bazarının özəllikləri
Əhalisi daha çox olan və qumarın geniş vüsət aldığı Asiyada isə vəziyyət fərqlidir. Birinci və ən əhəmiyyətli məqam budur ki, digər bütün şirkətlərdə qoyuluşlar internet üzərindən və ya dilerlər vasitəsi ilə qəbul olunduğu halda, Asiya bazarının özünəməxsus qayda-qanunları var.
Asiyalı futbol-proqnoz həvəskarlarının etməli olduqları tək şey var: telefonla matçları söyləyib, oynayacaqları miqdarı bildirmək. Lakin bu etibarlı mühiti təmin etmək o qədər asan da deyil. Yəni hər yerindən duran belə bir əməliyyat edə bilmir. Bunun üçün qoyuluş qəbul edən şəxslərin yanında etibar qazanmalısan.
Telefonla edilən qoyuluşlarda müştəri seçimini etdikdən sonra, qəbul edən "oldu, qazansanız bu qədər pul sizindi" deyir və telefonu bağlayır. Müştəri kuponu tutmadığı halda, gətirib borcunu ödəyir. Çünki onlar etibarlarını itirmək istəmirlər.
Avropadakı nəhəng bukmeker kontorlarının danışılmış oyunlara qarşı önləyici tədbirlərinin heç biri Asiyada yoxdu. İstənilən matça, istənilən şəkildə, istədiyiniz miqdarda pul yatıra bilərsiniz. Yəni, nə limit, nə də oyunların proqramdan çıxarılma ehtimalı var. Çünki istənilən halda, bukmeker kontorları öz xeyirlərini götürürlər.
Məsələn, deyək ki, ev sahibinin qələbə əmsalı 1,40, qonaq komandanınkı isə 8,00-dir. Belədə, müştərilərin böyük əksəriyyəti favorit komandaya qoyuluş edir. Matç danışılmış olarsa belə, bundan çox az adam xəbər tutur və qonaq komandaya qoyulan məbləğ nadir hallarda 1,40 əmsalı üçün yatırılandan çox olur. Qısası, ev sahibi uduzduqda kontor həmin qoyuluşlardan əldə etdiyi pulun bir qismini qonaqların qələbəsinə güvənənlərə verir, bir qismini isə cibinə qoyur.
Oyuna "barmaq etmək" üsulları
Vəziyyətə görə ya bukmeker kontorunun adamları, ya da oyunçu "barmaq etmək" niyyəti ilə seçdiyi komandayla vasitəçilər yolu ilə təmasa girir. Lazımi nəticəni təmin etmək üçün oyunçulara pul təklif edilir və razılaşma əldə olunduğu halda məsələ çözülür.
Bəzən pul təklif olunan oyunçu da ona çatacaq məbləği ya öz xoşu ilə, ya da ki, şərtlərə əsasən məcburən, məsələn, "bu matçın ilk yarısında 2 qol buraxmağımıza mən də 20 min dollar yatırıram" deyə bilir. Və bu vəziyyət həm aradakı etibarı artırır, həm də rüşvət təklif olunan oyunçu ikiqat pul götürür. Təbii ki, lazımi nəticəni təmin etməyi bacardığı halda.
Futbolçuların heç biri matçdan əvvəl 1 dollar da almırlar. Ortadakı məbləğ qarşılaşma başa çatdıqdan sonra ünvanlarına çatır.
"Əməliyyat" uğurla tamamlandıqda həm şirkət, həm oyunçu, həm də matça "barmaq edən" işbazlar qazanır. Uduzanlar isə yalnız sadə proqnozsevərlər və idmanın gözəl ruhuna inananlar olur.
Əsas "hədəf" qapıçılar və müdafiəçilərdi
"Çirkli pullar"ın var-gəl etdiyi Asiyada işbazların asanlıqla "barmaq edə biləcəkləri" nöqtələr var:
Avropanın ikinci sinif liqaları və aparıcı çempionatların aşağı divizionları. "Killer-oyunçular" isə əsasən, sözügedən liqalarda top qovan tanınmış simalar olur. Çünki hər yerindən duran futbolçu matçın taleyini həll edə bilməz. Bunun üçün təcrübə və nüfuz lazımdı. Özü də, işbazlar oyunçu seçimi edərkən, əsasən, qapıçıların və müdafiəçilərin qapısını döyürlər. Çünki onların köməyi ilə "hədəfə" çatmaq daha asandı.
Oynayanlara mane olmaq mümkün deyil
Futbol proqnozunu hər hansısa ölkədə qadağan etməklə, nəyəsə nail olmaq olmaz. Məsələn, Türkiyədə fəaliyyət göstərən yeganə bukmeker şirkəti olan "İddaa"nın şərtlərinə görə, bir kuponda ən azı, 3 oyun yazmalısan. Amma kimsə düşünməsin ki, bir oyuna "barmaq etməklə" iş bitir. Vəziyyətdən çıxış yolu həmişə var. Məsələ ondadı ki, qeyri-qanuni bukmeker saytlarında, xüsusilə də Asiyaya (Filippinlər, Çin kimi) aid şirkətlərdə Türkiyənin 3-cü liqasından belə tək oyuna pul qoyuluşu qəbul olunur. Yəni futbol proqnozunu Türkiyədə qadağan etsəniz belə, oynayanlara mane ola bilməzsiz.
Günümüzün futbolu ilə proqnoz vəhdət təşkil edir. Artıq futbolu proqnozsuz təsəvvür etmək mümkün deyil.
Kimsə düşünməsin ki, danışılmış oyunlar futbol proqnozu yaranandan sonra ortaya çıxıb. Belə şeylər əvvəllər də olub və bundan sonra da olacaq. Lakin əvvələr bir az fərqli idi. Yaxın keçmişdə hansısa komanda çempion olmaq və ya aşağı dəstəyə yuvarlanmamaq üçün rəqib komandanın oyunçularına "mükafat" vəd edirdi. Və ya özlərini maraqlandıran bir başqa qarşılaşma üçün təşviq mükafatı göndərirdilər.
Şamo Quliyev
Milli.Az








