İnsan kimdir?

1 Avqust 2017 23:15

Bismilləhir-Rahmənir-Rahim!

Ötən bəhslərimizdə biz insanın yaradılışının hədəfləri barədə söhbət etmişdik. Bundan əlavə, qeyd etdik ki, sistemli halda insanların nə üçün yarandıqlarını unutdurmağa yönəli işlər görülür. Rəngarəng üslublarla, çeşidli variantlarla insanın haradan gəldiyini, harada olduğunu, haraya gedəcəyini unutdurmağa çalışır lənətlik iblis öz məsləkdaşları, dağıdıcılıq məfkurəsinin daşıyıcıları vasitəsilə. İnsanların bir çoxu nə fərd səviyyəsində, nə də toplum səviyyəsində özünü vücudi suallarla məşğul etməyi sevmir, adət etdiyi axına qoşularaq, heç bir həyati təşəbbüs göstərməyə çalışmır. Məhz bunun nəticəsində insanlar yaranışlarının fəlsəfəsinə dair mövzularda özlərini unutqanlığa düçar edirlər.

Şərəfli insan

Bir var ki, insanların həyatı, işi-gücü, davranışı vücudi bir mənaya yüklənir. İnsan öz islahatı, inkişafı üzərində çalışır. Fərdi diriliyə nail olur. Bundan sonra onun üzərinə digər insanları diriltmək vəzifəsi, cəmiyyyətin irəliyə getmə hərəkətində öz payını təmin etmək vəzifəsi düşür.

Toplumlara xas bütün mərəzlərin: istər haqların basılmasının, istər təhsil, səhiyyə, qanunçuluq, ahılların təminatı sahəsində mövcud olan problemlərin kökü - insanların haradan gəldiklərini, harada olduqlarını, haraya gedəcəklərini və bunların anlanmasından, dərkindən irəli gələn vəzifələrini unutmalarındadır. Bu problemlərin həlli insana baxış bucağının necəliyindən xeyli dərəcədə asılıdır. "İnsan kimdir, insanın varlığı nədən ibarətdir?" kimi suallara cavab tapmaq - məsələnin həlli yolunda keçilməli ümdə mərhələlərdəndir.

Mübarək Qurani-Kərimin insana baxışı, ona verilən son dərəcə yüksək qiymətlə səciyyələnir. Dinimiz insana şərafətli və kəramətli bir varlıq dəyərini verir. Qurani-Kərimin "İsra" surəsinin 70-ci ayəsində buyrulur: "Biz Adəm övladını şərəfli və hörmətli etdik".

Bu dünyagörüşünə, baxış bucağına görə, insan kəramətli və hörmətli bir varlıqdır. Mühüm cəhət odur ki, bu baxışa görə, insanın şərafətinin və hörmətinin mənbəyi Rəbbdir. Bu nəzərə görə, əgər insan şərafət və ehtiram daşıyıcısı olmaq istəyirsə, bunun mənbəyi Allahdır, Ona tapınmaqdır. İnsan Allahla olduqda, bu hörmət və şərafətə yiyələnə bilir. Allahdan qırıldıqda isə insanın hər hansı qiymətindən, dəyərliliyindən, hər hansı kəramətindən danışmağa əsas yoxdur.

Allah Təala insanı dəyərli bir varlıq olaraq xəlq edib, onun zatında dəyərli olmaq istedadını müəyyən edib. İnsanın mahiyyətində dəyərli olmaq qabiliyyəti, potensialı qoyulmuşdur. İnsan var ki, Allah verdiyinə sahib çıxar, öz potensialını realizə edə bilər, Allahın istədiyi durumu yaşada bilər. Onun yaşayışı, davranışı, hərəkətləri, əməlləri - istər ticarəti, istər təhsili, istər ailə münasibətləri, ictimai mövqeyi - məhz buna yüklənir, onun Allahla birgə olmaq, Rəbbinin istədiyi surətdə yaşamaq məfkurəsindən irəli gəlir. Şərafətlilik, bu insana xas xüsusiyyət olmaqla yanaşı, onun kamal istedadlarının tam açılmasına xidmət edən vəsilədir.

İnsanı digər məxluqatdan fərqləndirən amil

Əgər toxunduğumuz bu yanaşma tərzindən irəli gələrək, insan öz yaşam tərzini tənzimləsə, bütün gücünü bu istiqamətə doğru yönəltsə, vəziyyət tam dəyişər. Bu insan kimliyini, insani necəliyini unutmaz. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: "Allah yanında heç bir şey Adəm övladı kimi hörmətli deyil". Soruşdular: "Ey Allahın Peyğəmbəri, hətta mələklər də?". Həzrət (s) buyurdu: "Mələklər, Günəş və Ay kimi məcburdurlar".

Buradan mühüm bir mövzu irəli gəlir ki, Peyğəmbərimiz (s) insanın bütün varlıqlardan üstünlüyünün, cəmi məxluqatdan aliliyinin əsas amili kimi, insanın məcbur olan varlıq olmamasını vurğulayır. İnsan icbarla yaşayan varlıq deyil. İnsan ixtiyar sahibidir, seçim sahibidir. İnsanın iradəsi var. İnsan yaxşını da seçə bilər, pisi də. İnsan haqqı da deyə bilər, batili də. İnsan gözəlliyi də yaya bilər, idbarlığı da. Hər bir halda seçim insanın özünündür. Mələklərdən, Aydan, Günəşdən, dağdan, dənizdən insanı ən çox fərqləndirən cəhət də məhz budur - bütün bunlar etdiklərində məcburdurlar, onların seçimi yoxdur. Günəş edə bilməz desin, mən bu gün çıxmayacağam. Ay edə bilməz işıq verməsin. Çay özbaşına hərəkət edə və ya hərəkətini dayandıra bilməz. Bunlardan hərəkətlərinə görə də sorulmaz - bunların iradədən irəli gələn hərəkətləri zatən yoxdur.

Amma insandan sorular. Onlardan fərqli olaraq, insanın hərəkətləri - onun iradəsinin məhsuludur. İnsan ixtiyar, seçim sahibidir. Və sorğu ixtiyar sahibindən olar. İnsanın yaxşı-pisliyi, haqq-nahaqlığı məhz onun bu seçim etmək qabiliyyətindən mənbələnir.

İnsan üstündür, yoxsa mələk?

İmam Cəfər Sadiq (ə) "mələklər üstündür, yoxsa insan?" sualının cavabında buyurmuşdur: "Əmirəlmöminin Həzrət Əli (ə) demişdir: "Allah mələklərə ağıl qoyub, nəfsi istəklər qoymayıb. Heyvanlarda nəfsi istəklər qoyub, ağıl qoymayıb. Adəm övladına isə onların hər ikisini qoyub. Odur ki, ağlı nəfsi istəklərinə qalib gələn kəs, mələkdən də yaxşıdır. Nəfsi istəkləri ağlına qalib gələn kəs isə heyvanlardan da pisdir"".

O məxluq ki, onda həm ağıl, həm də nəfsi istəklər qoyulub - insandır. İnsan nəfsi istəklərin ardınca getdikdə, heyvandan da primitiv bir duruma düşür. Amma nəfsi istəklərini ağlına tabe etdirən insan, yaradılışın zirvəsinə ucala bilir. Əgər insan ağlının ona çatdırdığı, məsləhət gördüyü, üstün kimi təqdim etdiyi dəyərləri qəbul etsə, nicat əhli olar. Əgər əqli tapdayıb, primitiv instinktlərin qurbanı olsa - özünü zillətə salır.

Burada kamala yönəliyin lazımlılığı irəli çıxır. İnsan nə lazımdır onu edirsə, öz yaranış fəlsəfəsinə uyğun hərəkət etmiş olur. Lazımlılığı da insana məhz əql diktə edir. Əqlə və ya nəfsə uyğun seçim edən insan, bulunduğu müstəvini də seçmiş olur - insanlıq müstəvisini, ya heyvani müstəvini. Daha doğrusu, heyvandan da aşağı səviyyəyə enə bilir. Çünki, heyvanlılıq heyvan üçün təbii durumdur, əqlin, təhlilin, seçimin məhsulu deyildir. İnsan isə bu duruma, bundan da alçaq duruma o zaman düşür ki, özü istəmiş olsun.

İnsan əgər əqlaniyyət, bəndəlik, zəka müstəvisini seçirsə, Allahın razılığı olan müstəvidə yaşayırsa, öz yaranışının hədəfinə tam uyğun gəlir. Hətta mələk kimi ali varlıqdan da üstün ola bilir. Mələk üçün bu hal - adidir, amma insan buna öz iradəsi ilə gedib çata bilir. İnsan nəfsini ram edərək, bəndəliyini sözdə deyil, əməldə təsdiq etmiş olur. Buna nail olduqda, yaranmışın əşrəfinə çevrilir.

Baxış bucağı

İnsanın təlimi, təhsili, mühiti, insanın baxdığı, eşitiyi şeylər, danışdığı, rəhbər tutduğu kateqoriyaların hamısı onun bu əsas seçimindən - əqli, yaxud nəfsi üstün tutmasından qaynaqlanır. Əgər insan əqlin rəhbərliyini qəbul etsə, hər bir şey onun Allaha yaxınlaşmasına xidmət edər. Hər bir oxuduğu elm - istər fizika olsun, istər biologiya, fəlsəfə, yaxud hansısa xarici dil - təfavütü yoxdur - İlahi elm səciyyəsi daşıyar. Hər bir elm, ümumiyyətlə, hər bir şey ki, insanın istedadlarının təzahür olunmasına, əqlinin nəfsinə qalib gəlməsinə yardım edirsə, insanın özünü də diri edər, ətrafına da dirilik yaymasını təmin edər.

Amma əgər insan nəfsinin ardınca getsə, hər bir zatən yaxşı şey - texnologiyalar, telekommunikasiya sistemləri, elmi nailiyyətlər - hər bir şey ki, insana müsbət mənada xidmət üçün yararlıdır, reqress mənbəyinə, tənəzzül vasitəsinə çevirər.

Hər bir şeyə baxış bu prizmadandır - insanı kamala aparıb-aparmaması baxımındandır. İslamın nəzərində hər bir elm İlahidir, əgər insanı kamal yolunun yolçuluğuna dəvət edirsə. Və hər bir şey mənfiyə çevrilə bilir, əgər insan bundan özünün və digər insanların vücudi məhvi üçün istifadə edirsə.

İnsan əgər özünü tanısa, öz yerini anlasa, məsuliyyət və vəzifəsini başa düşsə - özü ilə Allah arasında vücudi bağlantını dərk edər. İnsan başa düşər ki, onu yaradan, xəlq edən var, daima vücud verən var və O, bir anlıq da olsa, insanı nəzərindən kənara qoysa, insan məhv olar. Bunları dərk etsə, təkamül və inkişaf yoluna qədəm qoyar

İnsanı tanımadan onun yeri bilinməz, məsuliyyəti, vəzifəsi başa düşülməz, nə etməlisi bilinməz. İnsanın nə etməlisi onun öz öhdəsinə buraxıldıqda, insan özü ilə bağlı kəşflər etmək istədikdə isə 2 normadan kənar hal meydana çıxır: insan ya tərki-dünyalığı seçir, ya da dünyapərəstliyə üstünlük verir.

Əql - nadanlığın buxovudur

İlahi təlimlərdən kənar, özəl icad edilən nəzəriyyələrdən heç biri insanın həm maddi, həm mənəvi ehtiyaclarını ödəmir, mütləq hansısa bir tərəfə deformasiya verir. Bir qisim baxışlar insanın maddi durumuna ikrahla yanaşır, insanın bir hücrəyə çəkilib, guya mənəvi mövzularla, əslində isə doğru yoldan uzaq düşməklə, ictimai həyatdan təcrid olmaqla yekunlaşır. Digər qisim baxışlar isə insanı yalnız maddi bir varlıq olaraq qəbul edir, insanın dünyada ləzzət adına hər nə varsa, hamısından bəhrələnməyə sövq edir, insanın mənəvi mövzularla məşğul olmasını ikinci plana çəkir. İnsanın maddi təminatını ödəməsi ən əsas məqsəd kimi təsdiqlənir belə nəzəriyyələrdə.

Bir çox nəzəriyyələr də var ki, bu iki qütb arasında çarpışır, o yana-bu yana hərəkət edir, bəziləri maddiliyə, bəziləri mənəvi kateqoriyalara üstünlük verir, bunlar arasında harmoniyanın bərqərar olunmasını, dünyanın axirətin əkin yeri olaraq missiyasını açıqlamır və zatən, açıqlamaqda acizdir.

Dinimizsə bəlli edir ki, insanın daxilində 2 təzadlı cəhət qoyulmuşdur və bunların döyüşündə hansının tərəfini tutması insanı ya qəhrəman, ya miskin edir. Həmin qələbəni təmin edən amil isə - ağıldır. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: "Həqiqətən də, ağıl - nadanlığın buxovudur. Nəfs isə ən şər-xata heyvandır ki, ayağı bağlanmasa, azğınlaşar".

Nəfs özbaşına qoyulsa, hər bir şeyi dağıdar. Əql isə bu təhlükəni sovuşduran, onu ram edən bir qüdrətdir. Rəsuli-Əkrəm (s) buyurmuşdur: "Ağıl - Allahın insan üçün yaratdığı bir nurdur. Onu qəlbi işıqlandırıcı etdi ki, onun vasitəsilə görünənlərlə görünməyənlərin fərqini ayırd etsin".

Digər mübarək hədisdə ağılla bağlı yeni bir müstəvi açıqlanır: tək bilmək yox, bildiyinə əməl etməyin də zəruriliyi. Həzrət Əli (ə) buyurur: "Ağıl odur ki, sözünü bilib danışasan və dediyinə əməl edəsən".

Haqqı tapmaq

İmam Museyi-Kazımdan (ə) nəql edilən hədisdə isə əqlin əhəmiyyəti digər tərəfdən vurğulanır: "Allahın insanlar üçün 2 hüccəti var: xarici və daxili hüccət. Xarici hüccət Elçilər və İmamlar, daxili hüccət isə onun ağlıdır".

Dinimiz bəlli edir ki, insanın 2 yolgöstərəni, 2 hidayət edəni var. Onlar insanın özünə baxışının, insaniyyətin insana baxışının düzgünlüyünü təmin edir. Bundan faydalanan - doğru yolda, etinasızlıq edən isə batil yoldadır. Həzrət Əli (ə) buyurur: "Haqq - cənnət yoludur, batil - odyolu. Və hər bir yolun üstündə dayanan və ona dəvət edən var".

Digər yerdə Əmirəlmöminin (s) buyurur: "Batilə kömək edən kəs haqqa zülm edib".

Amma haqqın batildən ayrılması öz-özünə olan bir iş deyil. İnsan əqli rəhbər tutaraq, haqqı tapır. İmam Əlidən (ə) nəql edirlər: "Əgər batil haqq ilə qarışmasa, o, haqq axtaranlara gizli qalmaz. Əgər haqq batil ilə qarışmasa, onun düşmənlərinin dili kəsilər".

Batili haqqa rəngləyərək, insanlara çatdırmaq istəyirlər. Batilin üstünə haqqdan nələrisə çəkərək, insanlara yeritməyə çalışırlar. Allah Təala cəmi insanlara haqqı tapmaqda yardım etsin!

Allahım, bizləri əqli rəhbər tutanlardan, düzgün seçim edənlərdən, imtahan və sınaqlardan layiqincə çıxanlardan qərar ver!

Allahım, bizləri yaşayışın fəlsəfəsini dərk edənlərdən qərar ver!

Allahım, cəmi iman əhlinin Həzrət Peyğəmbər (s) və Əhli-Beyti (ə) ilə birgə qərar ver!

Allahım, cəmi müşküllərin həllini, xəstələrin şəfa tapmasını, qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam - Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində