“Jara-2017” festivalının ilk günündə maraqlı qala-konsert - YENİLƏNİB - FOTO

28 İyul 2017 00:20

28.07.2017

00:20

İyulun 27-də axşam saatlarında Bakıdakı "Sea Breeze Resort" istirahət mərkəzində "Jara-2017" Beynəlxalq Musiqi Festivalı start götürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  əvvəlcə qırmızı xalı üzərindən keçid olub. İlk olaraq xalı üzərinə festivalın təşkilatçısı, tanınmış bəstəkar və müğənni EMİN övladları ilə birlikdə çıxıb. Daha sonra buradan Anita Tsoy və başqaları, habelə Oleq Qazmanov, Sergey Kojevnikov ailə üzvləri ilə birlikdə, Yeqor Krit, Valeriya həyat yoldaşı İosif Priqojin ilə birgə keçiblər.

İfaçılar qırmızı xalı üzərindən keçərkən KİV nümayəndələrinin suallarını da cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdirib, Azərbaycan qonaqpərvərliyindən söhbət açıblar. Tədbirin bu hissəsində aparıcılığı Yuliya Lısenko və Slava Nikitin ediblər.

"Jara-2017" Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başlayıb və tamaşaçılara qala-konsert təqdim edilib. İlk olaraq EMİN, Ani Lorak və Valeriya "Bakıya qaçaq" mahnısını oxuyublar. Daha sonra EMİN və Qriqori Leps eyni səhnəni bölüşüblər. Onların ifaları hərarətlə qarşılanıb.

Sonra səhnəyə Valeriya, Emil Qədirov, Svetlana LOBODA, Timur Rodriges, Diana, Artur Pirajkov, Artik & Asti qrupu, Maks Barskix, Potap və Nastya, Azad Şabanov və başqaları çıxaraq 2017-ci ilin populyar hitlərini səsləndiriblər.

Festival iştirakçıları çıxışlarını başa vurduqdan sonra paytaxtımız, onun sakinləri, eləcə də mətbəximizlə bağlı təəssüratlarından danışıblar. Moskvanın sərin yayından sonra Bakının isti və mehriban qoynuna düşdüklərindən məmnunluqlarını ifadə edib, bu möhtəşəm festivala böyük həvəslə qatıldıqlarını vurğulayıblar.

Qala-konsertin aparıcıları Yana Çurikova və Andrey Malaxov idi.

Xatırladaq ki, iyulun 28-də festival çərçivəsində qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş musiqi proqramı təqdim olunacaq. Ertəsi gün "Jara" tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri gözləyir.

Festivalda iştirak etmək üçün Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Bu il festivalı 32 min tamaşaçı canlı izləyəcək.

----------------

27.07.2017

22:36

Bu gün axşam saatlarında "Sea Breeze Resort" istirahət mərkəzində "Jara-2017" Beynəlxalq Musiqi Festivalı start götürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəlcə festival iştirakçıları qırmızı xalı üzərindən keçərək KİV nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdiriblər. Onlar Azərbaycan qonaqpərvərliyindən heyranlıqla söhbət açıblar. Tədbirin bu hissəsində aparıcılığı Yuliya Lısenko və Slava Nikitin ediblər.

"Jara-2017" Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başlayıb və ilk olaraq EMİN, Ani Lorak və Valeriyanın birgə ifasında "Bakıya qaçaq" mahnısı səsləndirilib.

Məlumat verilib ki, festivala müxtəlif ölkələrdən ümumilikdə 800-dən çox musiqiçi gəlib. Bu gün əlli ifaçı səhnəyə çıxacaq. Qala-konsertdə 2017-ci ilin populyar hitləri səsləndiriləcək.

Qala-konserti Yana Çurikova və Andrey Malaxov aparırlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində