2018-ci ilin qış Olimpiadasının paytaxtı bu gün elan ediləcək

6 İyul 2011 09:06
Milli.Az xəbər portalı ANS PRESS-ə istinadən bildirir ki, beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Rogge 2018-ci ildə XXIII qış Oimpiya oyunlarına ev sahibliyi edəcək şəhəri bu gün açıqlayacaq. BOK-un Durbanda (CAR) keçirilən 123-cü sessiyasının iştirakçıları Almaniyanın Münhen, Fransanın Ansi və Cənubi Koreyanın Pxençxan şəhərləri arasında seçim etməlidirlər.

Əksər mütəxəssislər seçkidə artıq üçüncü dəfədir iştirak edən Pexnçxanı favorit hesab edirlər. Cənubi Koreya tərəfinin müraciəti 2010 və 2014-cü il Olimpiya oyunlarının paytaxtı seçkisinin final mərhələsinə qədər irəliləyib. Lakin o əvvəlcə Kanadanın Vankuver şəhərinə üç səslə (56-53), sonra isə Rusiyanın Soçi şəhərinə dörd səslə (51-47) məğlub olub.

Pxençxanın əsas rəqibi Münhendir. Həm Koreya, həm də Almaniyanın müraciətləri dövlət səviyyəsində dəstək və Olimpiadanın keçirilməsi üçün infrastrukturun mövcudluğu baxımından daha üstündür. Əsas fərq ondan ibarətdir ki, Cənubi Koreya böyük qış oyunlarının təşkili məsələsində Almaniya qədər böyük təcrübəyə malik deyil. Bununla belə, Koreya əhalisi qış Olimpiya oyunlarının keçirilməsi ilə bağlı BOK-a edilmiş müraciəti dəstəkləsə də, almanlar və fransızlar Olimpiadanın keçirilməsinə qarşıdırlar. Onlar hesab edirlər ki, tədbirin keçirilməsi ekologiyaya ciddi ziyan vura bilər.

BOK prezidenti Jak Rogge bəyan edib ki, 2018-ci il Olimpiadasının keçirilməsinə namizədlərdən heç birinin digərləri üzərində üstünlüyü yoxdur. "Düşünürəm ki, rəqiblər çox yaxındırlar. Məndən rəqəmlərlə bağlı soruşmayın. Hansısa şəhərin müraciətində böyük üstünlük görmürəm".

Lakin BOK-un qiymətlərdirmə komissiyasının hesabatında Almaniya və Cənubi Koreya daha çox təqdir olunub. Fransa şəhərinin zəif tərəfi nəqliyyat və idmançıların yerləşdirilməsidir.

Milli.Az