Fəxri Xiyabanda dəfn edilən atanın küçəyə atılan qızı - Ana və oğlunun acınacaqlı həyatı - FOTO

17 İyul 2017 19:00

Bir vaxtlar şəhərin mərkəzi ünvanlarından birində yaşayan, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi, dəfələrlə SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olan, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla təltif edilən, vəfat etdikdən sonra II Fəxri Xiyabanda dəfn olunan Qəzənfər Cəfər oğlu Məmmədovun evində böyüyən Mirzəyeva Zemfira və İsmayılov Samir acınacaqlı vəziyyətdədirlər.

Milli.Az xəbər verir ki, bu, yenicag.az saytının araşdırması nəticəsində məlum olub.

Araşdırmamız nəticəsində bəlli olub ki, ananın gözləri görmür, oğlunun sol ayağı 2 il əvvəl kəsilib, digər ayağı isə qarşıdakı günlərdə amputasiya olunacaq. Məsələ burasındadır ki, ayın əvvəlində Əvəz adlı şəxs Zemfira xanımla oğlu Samiri Hüseyn Cavid prospekti, ev 87B ünvanında yerləşdirib. Bunun müqabilində isə Əvəz onların pensiya kartını alıb. Hazırda telefonlara cavab verməyən Əvəz makleri aldadaraq, ona ana və balanı öz ailəsinin üzvü kimi təqdim edib. Nəticədə, Lətif adlı şəxsin evini makler vasitəsi ilə icarəyə götürən Əvəz ana və balanı həmin binadakı evə yerləşdirib.

Problem də bundan sonra başlayıb. 10 gün sonra evdən pis qoxunun gəldiyini hiss edən qonşular evin sahibinə zəng ediblər. Ev sahibi Lətif bəy isə hadisə yerinə gələn zaman acınacaqlı vəziyyətlə qarşılaşıb.

Məsələ burasındadır ki, Zemfira xanımla oğlu təbii ehtiyaclarını ödəmək üçün heç ayaqyoluna getmək halda da olmayıblar. Elə oturduqları yerdə özlərini murdarlayıblar. Bundan başqa Samirin ayağının da çürüməsi, üfunəti daha da artıb. Qonşuların dediyinə görə, Samirin ayağını ağ qurdlar yeyirmiş.

Evin vahiməli hala gəldiyini görən Lətif kişi, məcburiyyət qarşısında qalaraq, ana və balanı əşyaları ilə birlikdə evdən çıxardıb. Qonşular isə dərhal aidiyyatı qurumlara xəbərdarlıq etsələr də, nə polis, nə təcili tibbi yardım, nə də sahə müvəkkili operativlik göstərməyib. Ardıcıl zənglərdən sonra hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları çarəsiz vəziyyətdə qalan ana və balanı əvvəlcə 1 saylı Şəhər Kliniki Xəstəxanaya aparıblar. Lakin "Semaşko" ana və balanı qəbul etməyib. Bundan sonra Zemfira xanımla oğlu Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına aparılıb.

Sözügedən sayt əməkdaşı da həmin xəstəxanaya baş çəkib. Hazırda anası ilə birlikdə palataya yerləşdirilən şəxslərin durumu acınacaqlı vəziyyətdədir. Samirin ayağı çürüdüyündən palatada üfunət iyindən dayanmaq olmur. Ana və bala tibb bacıları tərəfindən çimizdirilsə də, Samirin ayağındakı qurdlar təmizlənsə də, iy çəkilmir. Xəstəxanadan verilən məlumata görə, qarşıdakı günlərdə şikəst olan Samirin digər ayağı da dizdən yuxarı kəsiləcək.

Bəs xəstəxanadan çıxandan sonra onların aqibəti necə olacaq? Bizi də düşündürən bir nömrəli məsələ məhz budur! İş orasındadır ki, zavallı durumda olan ana və balanın əşyaları ötən gecədən bəri hələ də Hüseyn Cavid prospekti, 87 B ünvanında, küçənin ortasında qalıb. Aidiyyatı qurumlar məsələyə nədənsə biganə yanaşır.

Zemfira xanımla söhbətimiz zamanı məlum oldu ki, valideynləri vəfat etdikdən sonra onu bacısının əri - Qəzənfər Məmmədov öz himayəsinə götürüb.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi olan Q. Məmmədov ona eyni zamanda atalıq edib, sevgisini əsirgəməyib. Həmin illərdə Zemfira xanımgil İçərişəhərdə yaşayıblar. Özlərinin sonucu evi isə indiki Nizami küçəsindəki "Monolit" kimi tanınan binada olub. Lakin o vaxt Samir xanımından boşananda evi satıb, pulu aralarında bölüblər. Sonradan Samir öz payına düşən məbləğə ev almaq əvəzinə onu xərcləyib. Oğlu ilə küçədə çıxılmaz vəziyyətdə qalan ana, saytımız vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək, kömək istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində