Bakıda təcili tibbi yardım stansiyasının həkim briqadası döyüldü - YENİLƏNİB - VİDEO - FOTO

18 İyul 2017 11:19

11:19

Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası sərxoş şəxslər tərəfindən döyülüblər.

7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva Xətai rayonu rayonu Əhmədli qəsəbəsində yerləşən restoranlardan birinə çağırışa gedən zaman gözləmədikləri vəziyyətlə üzləşiblər.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər onlara xəsarət yetirib.

Aynurə Şamilzadə - Həkim: "Restoranın həyətində içkili vəziyyətdə yerdə uzanmış bir xanım idi. Dərhal xanımı müayinə etmək üçün yaxınlaşdıq. Xəstənin ətrafında bir neçə insanlar var idi ki, hamısı sərxoş vəziyyətdə idilər. Bizə təhqiredici, nalayiq sözlər deməyə başladılar. Bizi təhqir edərək, əl-qol atamağa başladılar, bizi döydülər".

Qadını xəstəxanaya aparmaq istəyən tibb işçiləri, bu dəfə elə xanımın özü tərəfindən təzyiqə məruz qalıblar.

Aynurə Şamilzadə - Həkim: "Biz xəstəni xəstəxanaya aparmaq istədik. Xəstə maşına minəndə oyanıq vəziyyətdə olduğu üçün əl-qol atırdı, təpik atırdı, maşına da xələl yetirib".

Zərər çəkənlər sonradan adlarını bildikləri Salmanova Günel və Elvin adlı şəxsdən aidiyyatlı orqanlara şikayət ediblər.

Artıq Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində araşdırmalara başlanılıb. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

----------------

17.07.2017

17:17

Xətai rayonunda təcili tibbi yardım stansiyasının həkim briqadası restoranların birinin həyətində döyülüb.

Hadisə gecə saatlarında Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsi 6 a ünvanında yerləşən "Pion Palace"ın həyətində qeydə alınıb. Adı çəkilən əraziyə çağırışa gedən 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aynurə Şamilzadə və feldşer Günay Həziyeva gözləmədikləri vəziyyətlə üzləşiblər.

Milli.Az xəbər verir ki, zərərçəkənlərin salamnews-a verdikləri məlumata görə, içkili vəziyyətdə olan xanıma yardım etmək istəyən zaman bir neçə nəfər sərxoş şəxs onlara müxtəlif bədən xəsarətləri yetirib. 

Qeyd edək ki, "Pion Palace"ın əməkdaşları da baş vermiş faktı təsdiq edərək bildiriblər ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sərxoş şəxslər tərəfindən təzyiqlərə məruz qalıblar və döyülüblər.

Xətai rayon 7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları sonradan adlarını bildikləri Salmanova Günel Elman qızı və Elvin adlı şəxsdən aidiyyatlı orqanlara şikayət ediblər.

Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində təhqiqat araşdırmalarına başlayıb. Polis bölməsindən bildirilib ki, zərərçəkənlərin izahatları alınıb və xəsarətlərinin müəyyən olunması üçün onlar Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsindən məhkəmə tibbi ekspertizasından keçiblər. Artıq hadisəni törətməkdə şübhəli bilinən Salmanova Günel Elman qızı və Elvin adlı şəxsin də izahatları alınıb, sərxoşluq dərəcəsinin müəyyən olunması üçün ekspertizadan keçiblər.

Materiallar toplanaraq Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndəriləcək. Müvafiq ekspertizaların rəyindən sonra fakta hüquqi qiymət veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Bizi təhqir edərək, əl-qol atamağa başladılar" - Bakıda xəstə tərəfindən döyülən tibbi işçiləri

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində