Raymonds Veyonis: "Latviya Aİ-Azərbaycan münasibətlərinin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək"

17 İyul 2017 16:27

"Latviya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Latviya Prezidenti Raymonds Veyonis Riqada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və bizim ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır: "Biz bu gün Birgə Bəyannamə imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamədir və bu sənədin bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə müsbət təsiri olacaq. Əminəm ki, bu gün imzalanan digər sənədlər - təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.

Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də bələdiyyələr səviyyəsində əlaqələr daha da genişlənib".

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi səfəri çərçivəsində biznes forum da keçiriləcək: "Həmçinin iyun ayında bizim hökumətlərarası komissiyanın iclası keçirilib. Mənə elə gəlir ki, bunlar bizim həm iqtisadi, həm qarşılıqlı ticari imkanlarımızı genişləndirəcək. Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacaq".

R.Veyonis vurğulayıb ki, əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır:

"Söhbətimiz zamanı biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə toxunduq. Latviya bu iki tərəf arasında - Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq".

O əlavə edib ki, Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir: "Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər. Mən Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirirəm. Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək.

Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir. Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Yekunda bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək. Mən, sözün əsl mənasında, çox ümid edirəm ki, biznes forum çərçivəsində biz, həmçinin ölkələrimiz, işgüzar dairələrimiz arasında yeni formatları, yeni imkanlarımızı müəyyən edə biləcəyik".

Milli.Az