Sərhəddəki qorxulu xəstəlik: iki xəstəxana hazır vəziyyətə gətirildi - FOTO

17 İyul 2017 14:59

Azərbaycanla həmsərhəd dövlətlərdə, xüsusilə də İranda son zamanlar Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı vəziyyət gərginləşib. Bir neçə il əvvəl bu xəstəlik Gürcüstanda onlarla xəstənin ağırlaşmasına, iki nəfərin ölümünə səbəb olmuşdu. Xəstəliyin ən gərgin dövrü iyul ayı hesab edilir. Səhiyyə naziri Oqtay Şirəliyev xəstəliyin qarşısını almaq məqsədilə "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Həkimlər məlumatlandırılıb, xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilib.

Bəs xəstəliyin Azərbaycana keçmə ehtimalı nə qədərdir? Krım-Konqo hemorragik qızdırma xəstəliyinin əlamətləri hansılardır? 

Milli.Az xəbər verir ki, virtualaz.org saytının suallarını Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Elmira Əliyeva cavablandırıb.

- Səhiyyə nazirinin əmri ilə görüləcək tədbirlər müəyyənləşdirilib. Əmrə əsasən, Dövlət Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində tibbi müşahidə gücləndirilib. Yüksək hərarətli xəstənin dərhal qospitallaşdırılması və nəzarətə götürülməsi tapşırılıb. Belə xəstələrdən analizlər götürülərək Respublika Taun Əleyhinə Stsnsiyaya göndərilməlidir. Yalnız analizlərin nəticələrinə uyğun dəqiq diaqnoz qoymaq mümkündür. Amma analizin nəticələri bəlli olana qədər xəstə müşahidə altında saxlanılmalıdır. Tibb müəssisələri bir-biri ilə əlaqələnmiş şəkildə işləyir. Şübhəli şəxs və ya xəstə aşkarlanarsa, onların yerləşdirilməsi üçün 2 tibb müəssisəsi ayrılıb. Böyüklər Klinik Tibbi Mərkəzə, uşaqlar isə 1 saylı yoluxucu xəstəliklər xəstəxanası yerləşdiriləcək. Bu xəstəxanalar hazırlıq vəziyyətinə gətirilib, həkimlər, tibb heyəti məlumatlandırılıb.

- Krım-Konqonun Azərbaycana keçmə ehtimalı varmı? Şübhəli şəxs aşkarlanıb?

- İndiyədək Azərbaycanda Krım-Konqo xəstəliyi aşkarlanmayıb. Nazirin əmri ilə sərhəd-keçid məntəqələrində yoxlamalara başlandığı gündən indiyədək şübhəli şəxs də qeydə alınmayıb. Amma virusun keçmə ehtimalı həmişə nəzərə alınır. Buna görə də qabaqlayıcı tədbirlər görülür. Xəstə olsa belə xəstəxanalarda müalicə üçün hər bir şərait və dərman var.

 Xəstəlik necə keçir?

- Məlumdur ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi gənələr vasitəsilə yoluxur. Amma xəstəliyə bir neçə yolla yoluxmaq mümkündür. Gənə vəhşi və ev heyvanlarını, xüsusilə də iri və xırdabuynuzlu heyvanları yoluxdurula bilər. Xəstə və ya ölmüş heyvanın qanı və ifrazatından virus insana keçə bilər. Buna görə də, qəssablar və fermerlər risk qrupuna daxildilər. Bundan başqa, insanlar gənə dişləməsi nəticəsində bu xəstəliyə tutula bilərlər. Yəni gənə insanı dişləməklə virusa yoluxdurur. Həmçinin xəstə insandan yoluxma da qan və ifrazat vasitəsilə mümkün olur. Buna görə də gigiyenik qaydalara riayyət etmək mütləqdir. Əlləri tez-tez yumaq, xəstə insanlarla təmasdan qaçmaq lazımdır. Xəstəlik hər il may-sentyabr aylarında baş qaldırır. İyul xəstəliyin gərgin dövrü olur.

- Xəstəliyin ilkin əlamətləri nədir?

- Xəstəlik əsasən 14 gün çəkir, ilk mərhələdə yüksək hərarət müşahidə edilir. Bununla yanaşı baş və əzələ ağrıları, ürək bulanma, qusma, ishal, sarılıq əlamətləri, qaraciyərin böyüməsi də ola bilər. Xəstəliyin sonraki dövründə ağız boşluğunda, boğazda, dəridə, mədədə qansızmalar əmələ gəlir. İmmun sistemi zəif olanlarda xəstəlik ağırlaşmaya və ölümə səbəb olur. Ümumilikdə isə, yoluxmaların 30 faizi ölümlə nəticələnir. Nəzərə almaq lazımdır ki, xəstəlik bütün bədənə təsir edən virus xəstəliyidir. Krım Konqo gənə dişləməsindən 3-7 gün sonra ortaya çıxır. Verilən məlumatlarda yoluxanalrın Xəstəlik 5-15 faizinin nisbətən ağır keçirdiyi göstərilir.

- Yayda turizm mərkəzlərinə, bölgələrə gedənlər çox olur. Gənə bir çox xəstəliyin, virusun yaranmasına səbəb olur. Gənə dişləməsi zamanı nə etmək lazımdır?

- Qeyd etdiyim kimi, indiyədək Azərbaycanda Krım Konqo xəstəliyi qeydə alınmayıb. Amma gənələrdən qorunmaq lazımdır. İlk növbədə dəri üçün qoruyucular var, təbiət qoynunda dincələnənlər onlardan istifadə edilə bilərlər. Bundan başqa, geyim seçərkən bədəni qorunması nəzərə alınmalıdır. Gənə dişləməsi zamanı gənəni çıxarmaq və dərhal həkimə müraciət etmək lazımdır. Özbaşına müalicə və ya tədbirlər görülməsi yanlıq nəticələrə səbəb ola bilər. Şübhəli əlamətlər və gənə dişləyənlər həkimə müraciət etməlidirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində