Elvinin klubda döydüyü qız sevgilisidir? - AÇIQLAMA - YENİLƏNİB

17 İyul 2017 14:07

14:07

Gecə klubunda sevgilisini döydüyü deyilən boks üzrə dünya çempionu Elvin Məmişzadə hadisəyə münasibət bildirib.

Milli.Az bildirir ki, qafqazinfo-ya açıqlama verən E.Məmişzadə yazılanları təkzib edib: "Belə məlumatları dəqiqləşdirib sonra yaymaq lazımdı. Camaat da mənə ağzına gələni yazır. Mən bir-bir onlara cavab verəsi deyiləm. Mən dünən gecə klubda yox, evdə olmuşam. Evdə-eşikdə olan adamam, nə klub, mən kluba getmirəm". 

E.Məmişzadə döyülən qızın adından yayımlanan açıqlamanı da yalan adlandırıb: "Kiminsə uydurmasıdır, mənim xəbərim yoxdur, vurmamışam".

Yenicag.az saytı isə qızın açıqlamasını yayıb: "Başımdan vurdu. Mən də su içirdim, bakal burnuma dəydi. Əməliyyatdan yeni çıxdığıma görə burnum əzildi. Sonra məni o vəziyyətdə qoyub getdi. Nəyə görə belə etdiyini bilmirəm. O, məni sevirdi. Elvin mənim də sevdiyim insandır. Sentyabrda münasibətimizin bir ili tamam olacaq. Sadəcə, bu aralar küsmüşük. Burnum indi yaxşıdır, ekspertizaya da getməliyəm. Polisə də şikayət etmişdim. Biz bir-birimizi sevirik. Həyatda belə şeylər olur. Daha sonra öz aramızda danışdıq, barışdıq, bir-birimizdən üzr istədik".

-----------

13:22

Boks üzrə dünya çempionu Elvin Məmişzadə gecə klubunda dava saldığına dair xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, 26 yaşlı idmançı report-a açıqlamasında Bakıda "Sahil" metro stansiyası yaxınlığındakı "26 land"da bir xanımla mübahisə etdiyini təsdiqləyib.

Lakin o, heç kimi döymədiyini iddia edib: "Mən gecə klubunda çox oturmamışam. Sadəcə, ora o qıza sözümü demək üçün girmişdim. Elə alındı ki, məsələ mübahisəyə çevrildi. Amma heç bir döyülmə olmayıb".

Məmişzadə mübahisənin səbəbləri barədə də danışmaq istəməyib. Titullu boksçu son zamanlar idmançı rejimini gözləmədiyinə və intizamı pozduğuna dair söz-söhbətlərə də münasibət bildirib: "Bir müddət idi zədəli idim. Buna görə də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında vuruşmadım. Hələ formaya düşmədiyimdən, Avropa çempionatında nəticə verə bilmədim. 1/4 finaladək irəliləyə bilmədiyimdən, dünya çempionatında da iştirak etməyəcəyəm. Hədəfim 2020-ci il Tokio Yay Olimpiya Oyunlarıdır".

Məmişzadənin şəxsi məşqçisi Elbrus Rzayev də məsələnin şişirdildiyini söyləyib. Bununla yanaşı, o, idmançının davranışından narazılığını gizlətməyib: "Elvin içən deyil. Qəlyan çəkib-çəkmədiyini bilmirəm. Kim nə edirsə, özünə edir. Ona deyilib ki, belə olmaz".

Qeyd edək ki, 52 kq çəki dərəcəsində yer alan Elvin Məmişzadə 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında və Qətərdə təşkil olunmuş dünya çempionatında qızıl, Avropa çempionatlarında gümüş (2010) və bürünc (2013) medal qazanıb.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində