İmtahanda maksimum nəticə göstərən abituriyent qızlar barədə bilmədiklərimiz - FOTO

17 İyul 2017 12:39

Bakı məktəbliləri III ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstəriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Milli.Az-a verilən məlumata görə, İdarənin tabeliyindəki 278 nömrəli məktəbin məzunu Pərvin Mətləb qızı Əhmədova və 111 nömrəli məktəbin məzunu İlhamə Ramil qızı Hüseynova bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.

Qeyd edək ki, Pərvin Əhmədova Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015 və 2016-cı illərdə qızıl medal qazanıb. "Ədəbiyyat biliciləri" müsabiqəsində isə 2017-ci ildə I yeri tutub. Həmçinin, Bakı şəhəri üzrə keçirilən şeir müsabiqələrində 2014-cü və 2015-ci illərdə I yerə layiq görülüb. "Parlaq zəka" intellektual oyununda 2016-cı və 2017-ci illərdə tarix və coğrafiya fənnləri üzrə I yerə sahib olub. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə bitirib, XI sinfi əla qiymətlərlə başa vurub.

İlhamə Hüseynova isə Respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci ildə gümüş, 2016-ci ildə bürünc medal qazanıb. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə başa vurub. XI sinfi fərqlənmə ilə bitirdiyinə görə qızıl medal almaq üçün namizədliyi irəli sürülüb.

Ümumilikdə, bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə görə, hələlik 12 abituriyent 700 bal toplayıb.

I və IV ixtisas qrupları üzrə imtahanda 7 nəfər maksimum nəticə göstərib. İmtahanda I ixtisas qrupu üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 220 nömrəli məktəb-liseyin məzunu Xalidə Əliyeva, 162 nomrəli tam orta məktəbin məzunu Mahirə Əsədzadə, akademik Zərifə Əliyeva adına liseyin məzunu  Elmir Əhmədov, Gəncə məktəblisi Abdulla Əsgərzadə, İsmayıllı rayonu Lahıc qəsəbə məktəbinin məzunu Vahab Cəbrayılov, IV ixtisas qrupu üzrə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 287 nömrəli "Zəkalar" liseyinin məzunu Nemət Yusifov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Eldar Əfəndiyev ən yüksək nəticə göstəriblər. II və III ixtisas qrupları üzrə imtahanda isə 3 nəfər ən yüksək nəticəni göstərib. II ixtisas qrupu üzrə akademik Zərifə Əliyeva adına liseyin yetirməsi Səbinə İsmayılova, Türkiyə Diyanət Vəqfi Bakı Türk liseyinin məzunu Cavad Əliyev və Ağcabədi şəhəri 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədzadə 700 bal toplayıblar.

Zərif Nisə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində