Prezident İlham Əliyev Azərbaycan-Latviya biznes forumunda iştirak edib - YENİLƏNİB - FOTO

17 İyul 2017 18:56

18:56

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Riqaya rəsmi səfəri çərçivəsində Latviya Respublikasının Baş naziri Maris Kuçinskis ilə nahar edib.

---------

17:36

İyulun 17-də Riqada Latviya-Azərbaycan biznes forumu keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis biznes forumun açılış mərasimində iştirak ediblər.

Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin direktoru Andris OZOLS biznes forumda çıxış edərək dedi:

- Zati-aliləri Latviya Prezidenti cənab Raymonds Veyonis.

Zati-aliləri Azərbaycan Prezidenti İlham Əliyev.

Hörmətli xanımlar və cənablar, nazirlər, səfirlər.

Bu gün dostlarımız burada - Riqadadırlar. Bu, ölkələrimizin burada birlikdə biznes əlaqələrini yaxşılaşdıra biləcəkləri gözəl fürsətdir. Mən bu forumun təşkilinə görə Azərbaycanın İqtisadiyyat Nazirliyinə və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna da təşəkkür etmək istəyirəm. Burada şirkətlərin nümayəndələri çoxdur, çünki bizim əməkdaşlığımıza çoxları maraq göstərir. Biznes forumda yüzdən çox Latviya sahibkarı iştirak edir. Onlar yeyinti məhsulları istehsalı, kənd təsərrüfatı, turizm və digər sahələri təmsil edirlər.

Azərbaycanda deyirlər ki, etibarlı dost heç vaxt yada çevrilməyəcək. Biz Azərbaycan ilə yaxşı dostlarıq. Bu il Latviya Prezidenti Azərbaycana səfər edib və onu çox mehriban qarşılayıblar. Biz əməkdaşlığımızla çox fəxr edirik.

x x x

Sonra dövlət başçıları biznes forumda çıxış ediblər.

Prezident Raymonds Veyonisin çıxışı

- Zati-aliləri cənab Prezident.

Hörmətli sahibkarlar, xanımlar və cənablar.

Salam hörmətli dostlar.

Xoş gördük əziz dostlar. Mən sizi Riqada Latviya-Azərbaycan biznes forumunda salamlayıram. Mənim bir neçə dəfə Azərbaycana səfər etmək, zəngin ənənələri olan bu ölkənin insanlarını tanımaq fürsətim olub. Bu ilin martında Bakıya səfərim yaxşı yadımdadır. Biz cənab Əliyevlə görüşərək Latviya ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığı müzakirə etmişik.

Mən vurğulamaq istəyirəm ki, Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından ötən 23 ildən çox müddət ərzində biz fəal diplomatik və siyasi dialoqu, güclü iqtisadi əməkdaşlığı inkişaf etdirmişik. Bunu dövlətlərimizin nümayəndələrinin tez-tez səfərləri, habelə çoxlu sayda yüksək səviyyəli tədbirlər, nəqliyyat, tikinti, təhsil və elm sahələrində imzaladığımız müqavilələr təsdiq edir. Biz çox iş görmüşük. Amma hələ qarşıda daha çox iş var. Biz qarşıya iddialı məqsədlər qoymalı və imkanlardan tam istifadə etməliyik. Bu, xüsusən məhsulumuzun Azərbaycana ixracının təşviqinə, habelə informasiya texnologiyaları, əczaçılıq, turizm, o cümlədən müalicəvi turizm sahələrində əməkdaşlığa aiddir. Latviyada yüksək inkişaf etmiş kommersiya bankları şəbəkəsini nəzərdə tutaraq biz peşəkar və müasir maliyyə xidmətləri təklif edə bilərik.

Eyni sözləri nəqliyyat sahəsi haqqında da demək olar. Latviya çox əlverişli coğrafi mövqeyə malikdir. Ölkəmizdə nəqliyyat infrastrukturu inkişaf edib. Donmayan limanlar, dəmir yolları, aeroportlar bizi Baltik regionu üçün mühüm nəqliyyat qovşağına çevirib.

Artıq bu gün Azərbaycan nəqliyyat sahəsində Latviyanın mühüm tərəfdaşıdır və biz burada əməkdaşlıq üçün, xüsusən Avrasiya nəqliyyat dəhlizinin və aviasiya əlaqələrinin inkişafında böyük iqtisadi potensial görürük. Biz Latviya ilə Azərbaycan arasında biznes əlaqələrinin inkişafına kömək edəcək müntəzəm hava nəqliyyatına böyük maraq göstəririk. Sahibkarlıq fəaliyyəti turizmin inkişafının yaxşı təməli olacaq. Biz iqlim dəyişmələri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Bizim ekologiya, habelə tullantıların təkrar emalı, innovativ yaşıl texnologiyalar sahələrində yaxşı təcrübəmiz var. Latviya bərpa olunan enerji resurslarının istehsalı üzrə Avropa İttifaqında liderlərdən biridir. Bizim sərvətimiz insanlarımız, onların bilikləri və elmdir. Biz gələcəyimizi iqtisadiyyatın rəqəmsallaşdırılması, müasir elektron idarəetmə və yeni texnologiyalarla bağlayırıq. Bizim ambisiyalarımız təməlində gələcək onilliklərdə inkişafımızı müəyyən edəcək müasir texnologiyalar duran dövlətə çevrilməkdir. Mən ümid edirəm ki, bu biznes forum gələcək əməkdaşlıq üçün yeni əlaqələr qurmaq, fikir və yeni ideya mübadiləsi aparmaq üçün gözəl fürsətdir. Çox sağ olun.

x x x

Andris OZOLS: Cənab Prezident, ruhlandırıcı sözlərə görə çox sağ olun. İndi isə çıxış üçün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevi dəvət edirəm. Buyurun, cənab Prezident, söz sizindir.

x x x

Prezident İlham Əliyevin çıxışı

- Cənab Prezident, hörmətli xanımlar və cənablar.

Əvvəlcə Latviya Prezidentinə bu gözəl ölkəyə məni səfərə dəvət etdiyi üçün bir daha təşəkkürümü bildirmək istəyirəm. Mənim səfərim ikitərəfli münasibətlərimizin inkişafında çox mühüm addımdır. Bu gündən etibarən Latviya və Azərbaycan strateji tərəfdaş hesab olunurlar. Bu gün biz ölkələrimiz arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Bu, çox yüksək səviyyəli əməkdaşlıqdır və bəyannamədə bir çox sahələr, o, cümlədən iqtisadi və ticari əməkdaşlıq əhatə olunur.

Prezident, Baş nazir və parlamentin sədri ilə aparılan danışıqların bir qismi ticari və iqtisadi əməkdaşlığımıza həsr olunmuşdur. Böyük potensial mövcuddur. Cənab Prezident bizim ticarət dövriyyəsini çox asanlıqla artıra biləcəyimiz mühüm əhəmiyyət kəsb edən sahələri artıq qeyd etmişdir. Hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəsinin artırılması prioritet məsələlərdən biri olacaqdır.

Bilirəm, biznes forum zamanı bir neçə biznes müqaviləsi imzalanacaqdır. Bu müqavilələr isə bizim bu səhər cənab Prezidentlə müzakirə etdiklərimizi əks etdirəcəkdir. İqlim şəraitimizin müxtəlifliyinə görə bizim iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparan iqtisadiyyatlar deyil. Bunlar bir-birini müxtəlif mallarla təmin edə bilən iqtisadiyyatlardır. Bizim Latviyaya ixracımızı və Latviyadan Azərbaycana idxalı artırmaq üçün yaxşı fürsətlər var. Biz əsasən sizin istehsal və ixrac etdiyinizi idxal edirik, siz də bizim istehsal və ixrac etdiyimizi idxal edirsiniz. Bu, ticarət dövriyyəsini artırmaqla bağlı konkret layihələr üzərində işləmək üçün fəaliyyəti Hökumətlərarası Komissiya tərəfindən əlaqələndirilən biznes qruplarının işidir.

İqtisadi əməkdaşlığımızın digər vacib hissəsi qarşılıqlı sərmayə qoyuluşu ola bilər. Beləliklə, biz çox vacib məqama gəlib çatırıq. Bu barədə daha çox informasiyaya malik olmaq lazımdır. Çünki yaxşı investisiya portfelinə malik olmaq üçün bizim bütün əsas ilkin şərtlərimiz var. Bu isə güclü siyasi əlaqələrdir. Biznes çox həssasdır və biznesmenlər adətən sabit mühitə investisiya qoyurlar. Buna görə də ölkələrimiz arasında güclü siyasi və dost münasibətlər investisiyaların qoyuluşunu çox cəlbedici edir. İndi biz potensial investisiya sahələrini müəyyənləşdirməli və biznes qruplarının yerli tələbata uyğun planlarını koordinasiya etməliyik. Zənnimcə, bu böyük auditoriyanı nəzərə alaraq bunu etmək asan olacaqdır. Əminəm ki, bu gün bir çox yeni biznes əlaqələri qurulacaqdır.

Əlbəttə, mən Latviya şirkətlərini Azərbaycanda podratçı qismində işləməyə bir daha dəvət etmək istəyirəm. Azərbaycanda müxtəlif layihələri icra etmiş bir neçə Latviya şirkəti olmuşdur. Bu layihələr çox uğurlu və yüksək səviyyədə icra edilmişdir. Buna görə də şirkətlərinizin yaxşı ekspert biliyi, nüfuzu və peşəkar səviyyəsi var. Biz Azərbaycanda sizin şirkətlər üçün maraqlı ola biləcək bir çox infrastruktur layihələrini həyata keçiririk. Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Son iyirmi il ərzində Azərbaycana 200 milyon dollardan çox investisiya qoyulmuşdur. İqtisadiyyatımız rəqabətqabiliyyətlidir. Davos Dünya İqtisadi Forumuna əsasən Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətlilik indeksinə görə 37-ci yerdə qərarlaşıb. Ölkə siyasi və iqtisadi cəhətdən sabitdir. Bir çox infrastruktur layihələri həyata keçirilməkdədir. Avropada və dünyanın digər yerlərində olan bir çox şirkətlər bu layihələrin icrasında bizim tərəfdaşlarımız qismində çıxış edirlər. Enerji amilindən asılılığı azaltmaq üçün Azərbaycanın iqtisadi gündəliyi indi iqtisadiyyatın şaxələnməsinə yönəlib. Bu, artıq baş verir. Ümumi daxili məhsulun ən böyük hissəsi qeyri-enerji sektorunun payına düşür. Bu, bizə qeyri-enerji sektorumuzu 27 faizdən daha çox artırmağa, idxalı isə 50 faiz azaltmağa imkan verdi.

Bizim iqtisadiyyatı sabit və proqnozlaşdırılan edə bilən əsaslı maliyyə resurslarımız var və maliyyə resursları xarici borcdan 5 dəfə çoxdur. Buna görə də ölkəmiz Latviyaya, Avropaya dost ölkədir. Avropa ölkələri ilə çoxlu biznes əlaqələri var və bu gün imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə bu qəbildən olan on birinci bəyannamədir. Azərbaycanın Avropa İttifaqının üzvü olan on bir ölkə ilə strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatı var. Bu gün biz əsasən meqalayihə olan Şimal-Cənub nəqliyyat şəbəkəsinin həyata keçirilməsi ilə yaranacaq imkanları müzakirə etdik. Bu layihə nəinki təkcə inşaat zamanı iş yerlərini yaradacaq, eyni zamanda, Cənubdan Şimala və Şimaldan Cənuba gedən, ərazilərimizdən keçən yükdaşımalarının həcmini əhəmiyyətli dərəcədə artıracaqdır. Biz tranzit üçün daha önəmli ölkələrə çevrilərək daha çox faydalar qazanacağıq və əlbəttə ki, bu, biznes şirkətləri üçün çoxlu fürsətlər yaradacaqdır. Həmçinin Azərbaycanın hazırda icra etdiyi vacib layihə və birbaşa Avropa maraqlarına və əlbəttə ki, bizim maraqlara yönələn enerji şaxələnməsi layihəsi olan Cənub Qaz Dəhlizidir. Bu, indi ola bilsin ki, Avropada icra edilməkdə olan ən böyük infrastruktur layihəsidir. Layihənin ümumi dəyəri 40 milyard dollardır. Bu, Avropa İttifaqı bazarını yeni marşrutla və yeni mənbədən Azərbaycan qazı ilə təchiz edəcək layihədir. Bu, həqiqi şaxələnmədir. Çünki enerjinin şaxələnməsi təkcə marşrutların şaxələnməsi demək deyil, bu, əsasən mənbələrin şaxələnməsi deməkdir. Bizim layihədə bu, məhz belədir. Enerji təhlükəsizliyi bizim hamımızın bildiyi kimi, hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanda icra etdiyimiz bir çox layihələr sərhədlərimizin hüdudlarından çox kənara uzanır.

Bizim Latviya ilə elə güclü əməkdaşlıq formatımız var ki, daha geniş tərəfdaşlığa başlamaq təbii olardı. Bu gün biz, həmçinin biznes, turistlər, xalqlar arasında əlaqələr üçün çox vacib məsələni müzakirə etdik. Söhbət il ərzində fəaliyyət göstərəcək Bakı və Riqa arasında birbaşa uçuş reysindən gedir. İndi bizim mövsümi reysimiz var, biz onu daimi etmək istəyirik. Bu, əlbəttə ki, əlavə fürsətlər yaradacaq və eyni zamanda, biznes ictimaiyyətinin nümayəndələri bir-birini ziyarət etmək üçün bu reysdən daha müntəzəm istifadə edərlərsə bu, həmin reysi kommersiya cəhətdən çox cəlbedici edəcəkdir. Beləliklə, reys təkcə ölkə rəhbərliyinin qərarı ilə deyil, eyni zamanda, kommersiya cəhətdən də əsaslandırılmış olardı.

Sizin diqqətinizi yönəltmək istədiyim sonuncu məsələ turizmdir. Bizim iqlimlərimiz və hava şəraitimiz də çox fərqlidir. Hesab edirəm ki, bu, bir üstünlükdür. Çünki bizim insanlar ola bilsin qızmar yayda sərinləməyə üstünlük verir, latviyalılar isə çox güman ki, qış və digər mövsümlərdə daha çox günəşli havaya can atırlar. Buna görə də turizmə investisiya qoymaq və bizim məkanları turizm şirkətlərinə çox cəlbedici etmək üçün böyük potensial mövcuddur. Lakin bunun üçün bizim əlbəttə ki, daha çox əlaqələrimiz olmalıdır. Biz bir-birimizi daha yaxşı tanımalıyıq, daha çox təqdimatlar, daha çox belə forumlar keçirməliyik və bu, bizim münasibətlərimizi gücləndirəcəkdir. Bizim etdiklərimizin hamısı Latviya və Azərbaycan arasında münasibətlərin gücləndirilməsinə yönəlib və mənim bu səfərim buna çox vacib bir töhfədir. Çox sağ olun.

x x x

Sonra biznes forum işini müzakirələrlə davam etdirib.

Azərbaycanın İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Latviyanın İnvestisiya və İnkişaf Agentliyinin təşkil etdiyi biznes forumda hər iki tərəfdən 120-dən çox şirkəti təmsil edən 200-dək sahibkar iştirak edib.

Latviya-Azərbaycan biznes forumunda ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair təkliflər irəli sürülüb.

X X X

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Riqada Latviya Respublikası Seyminin sədri xanım İnara Murniyetse ilə görüşüb.

----------

14:16

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki "Azadlıq" abidəsini ziyarət ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçıları abidənin önünə əklil qoydular, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etdilər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.

----------

13:53

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 17-də sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Latviya Respublikasının Prezidenti Raymonds Veyonis və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident Raymonds Veyonisin bəyanatı

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Mən şərəf hissi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu gün burada, Riqada rəsmi səfəri çərçivəsində qəbul edirəm. Azərbaycan Latviyanın mühüm tərəfdaşıdır və bizim ikitərəfli münasibətlərimiz çox sıx dostluq əlaqələrinə əsaslanır.

Biz bu gün Birgə Bəyannamə imzaladıq. Bu, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamədir və bu sənədin bizim ikitərəfli münasibətlərimizin genişləndirilməsinə müsbət təsiri olacaq. Əminəm ki, bu gün imzalanan digər sənədlər - təhsil, tikintiyə nəzarət və digər sahələrdə olan razılaşmalar bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək.

Qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlər baxımından bu il Latviya ilə Azərbaycan arasında çox fəal il olubdur və biz bir çox addımları atmışıq ki, əməkdaşlığımız daha da gücləndirilsin. Burada həm hökumətlərimiz, həm də bələdiyyələr səviyyəsində əlaqələr daha da genişlənib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin rəsmi səfəri çərçivəsində biznes forum da keçiriləcək. Həmçinin iyun ayında bizim hökumətlərarası komissiyanın iclası keçirilib. Mənə elə gəlir ki, bunlar bizim həm iqtisadi, həm qarşılıqlı ticari imkanlarımızı genişləndirəcək. Beləliklə, bizim Azərbaycan ilə əməkdaşlığımız nəqliyyat, xüsusən də beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizi baxımından daha sıx olacaq.

Əlbəttə, Latviya Azərbaycanı, onun suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi yalnız sülh və danışıqlar yolu ilə həll oluna bilər və bu, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır.

Söhbətimiz zamanı biz, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərə toxunduq. Latviya bu iki tərəf arasında - Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə hər zaman öz dəstəyini verib - bu, müxtəlif formatlarda olub. Həm Şərq tərəfdaşlığı çərçivəsində, həm də digər çərçivələrdə. Biz bilirik ki, bu ilin sonunda "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı növbəti toplantı keçiriləcək və bununla əlaqədar müxtəlif çevik yollar tapılacaq ki, bizim məhz tərəfdaşımızla, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq daha da genişləndirilsin. Bildiyiniz kimi, bu ilin noyabrında bu məqsədlə sammit keçiriləcək və bu, bizim qarşılıqlı əməkdaşlığımızın uzunmüddətli perspektivlərini müəyyənləşdirəcək, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələr bütövlükdə müəyyən olunmuş daha konkret formasını tapacaq. Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər yüksək dəyərləndirilməlidir. Mən səmimiyyətlə ümidvaram ki, bu ilin noyabrında Estoniyada keçiriləcək tərəfdaşlıq üzrə sammit çərçivəsində Azərbaycan və Avropa İttifaqı ilə əməkdaşlıq edən digər tərəfdaş ölkələr nəqliyyat və iqtisadiyyat sahələrində daha böyük imkanlar əldə edəcəklər.

Mən Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsində, təbii qazın Avropa İttifaqındakı istehlakçılara çatdırılmasında göstərdiyi səyləri, apardığı işi yüksək dəyərləndirirəm. Zənnimcə, biz daha sıx işləməliyik ki, bu istiqamətdə daha böyük irəliləyiş əldə edə bilək.

Bizim əməkdaşlığımız çoxtərəflidir. Biz Azərbaycanda insan hüquqlarını müzakirə etdik, qanunun aliliyinə toxunduq və qeyd etdik ki, bu sahələr hər hansı bir ölkənin inkişafı üçün mühüm amillərdir.

Mən, həmçinin qeyd etmək istəyirəm ki, əslində ölkəmiz Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına öz töhfəsini verməkdə davam edəcək.

Yekunda bildirmək istəyirəm ki, mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Latviyaya rəsmi səfərindən çox məmnunam. Əminəm ki, bu səfər Latviya ilə Azərbaycanın əlaqələrini, ikitərəfli münasibətlərini daha da genişləndirəcək və bizim dostluğumuz, tərəfdaşlığımız daha da inkişaf edəcək. Mən, sözün əsl mənasında, çox ümid edirəm ki, biznes forum çərçivəsində biz, həmçinin ölkələrimiz, işgüzar dairələrimiz arasında yeni formatları, yeni imkanlarımızı müəyyən edə biləcəyik.

Zati-aliləri, çıxışımın sonunda bu səfərinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm, çox sağ olun.

x x x

Prezident İlham Əliyevin bəyanatı

- Çox sağ olun, cənab Prezident.

İlk növbədə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Latviyada olmağımdan çox məmnunam. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm heyətlərin iştirakı ilə keçirdiyimiz görüşdə Latviya-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini müzakirə etdik. Bu müzakirələr çox konstruktiv şəkildə aparılmışdır. Əminəm ki, səfərin nəticələri də çox müsbət olacaq, Latviya-Azərbaycan əlaqələri yeni pilləyə qalxacaq.

Siz də qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər çox önəmlidir. Onların içində xüsusilə Latviya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni qeyd etmək istərdim. Bu, çox ciddi, sanballı sənəddir, demək olar ki, əlaqələrimizin bütün sahələrini əhatə edir.

Siz də qeyd etdiniz ki, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir, deyə bilərəm ki, bütün dünya tərəfindən dəstəklənir. Bu bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb. Qeyd olunur ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Bu, ədalətli mövqedir, bu mövqeyə görə mən Sizə minnətdaram.

Biz bu gün, əlbəttə ki, regional problemlərə də toxunduq, təhlükəsizlik məsələləri müzakirə edildi. Biz indi strateji tərəfdaşlar kimi, əlbəttə ki, bütün məsələləri çox açıq, səmimi şəkildə müzakirə edirik.

İqtisadi sahəyə xüsusi diqqət göstərildi. Əlbəttə, biznes forum çərçivəsində aparılacaq diskussiyalar əminəm ki, yaxşı nəticələrə gətirib çıxaracaq. Bizə verilən məlumata görə, biznes forum çərçivəsində artıq bir neçə biznes kontraktı da imzalanacaq. Beləliklə, bu, ölkələrimiz arasında o qədər də yüksək səviyyədə olmayan ticarət dövriyyəsinə müsbət təsir göstərəcək.

Bizim konkret təkliflərimiz var ki, hansı məhsulları Latviyaya ixrac edə və hansı məhsulları Latviyadan idxal edə bilərik. Bizim iqlim şəraitimiz elədir ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. Odur ki, biz istehsal etdiyimiz bir çox məhsulları Latviyaya ixrac edə bilərik və əksinə. Ona görə, qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün çox gözəl imkanlar var. O cümlədən biz turizm sahəsində əməkdaşlığa da toxunduq və belə qərara gəlirik ki, Riqa-Bakı reysləri də müntəzəm olaraq həyata keçirilməlidir, müvafiq göstərişlər verilmişdir.

Mən hökumətlərarası birgə komissiyanın fəaliyyətini qeyd etmək istərdim. Komissiya qısa müddət ərzində çox böyük işlər görüb. Bu gün çox mühüm sənədlər imzalanıb. Həm siyasi, həm iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində komissiyanın çox böyük rolu var. Komissiyanın gələcək işinə uğurlar arzulamaq istərdim.

Əlbəttə ki, təhsil sahəsində, humanitar sahədə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Verilən məlumata görə, bu gün 150 Azərbaycan gənci Latviyanın ali məktəblərində oxuyur. Mən istərdim ki, onların sayı daha da çox olsun.

Nəqliyyat sahəsində çox ümidverici əməkdaşlıq imkanları var. Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox ciddi fəaliyyət göstərir və bu məqsədlər üçün çox böyük maliyyə vəsaiti ayırıb. Latviya bu dəhlizin üzərində yerləşən ölkələrdən biri kimi, əlbəttə, bizimlə bərabər işləyir. Biz qərara gəldik ki, növbəti mərhələdə müvafiq qurumlar artıq öz aralarında məsləhətləşmələrə başlasınlar.

Cənab Prezident qeyd etdiyi kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələri də uğurla inkişaf edir. Bu ilin əvvəlində mən Avropa Komissiyasına çox uğurlu səfər etmişəm. Səfərdən bir gün sonra Avropa Komissiyası ilə Azərbaycan arasında yeni saziş üzərində işlər başlamışdır. Əlbəttə, strateji tərəfdaşlıq haqqında bu gün imzalanan Birgə Bəyannamə hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəd üçün də gözəl əsas yaradır. Onu da qeyd etməliyəm ki, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə artıq Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri var. Bu, əslində bizim strateji əməkdaşlığımızı əks etdirir.

Əlbəttə, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Azərbaycan qazı Avropa məkanına çatdırılacaq yeganə yeni qaz mənbəyidir, yeni marşrutdur və yeni mənbədir. Bizim üstünlüyümüz, bax, bundan ibarətdir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra edilir. Dəhlizin yaradılması üçün 40 milyard dollar vəsait tələb olunur. Onun böyük hissəsi qoyulub. Azərbaycan milyardlarla dollar sərmayə qoyub və qoyur ki, bu dəhliz tezliklə reallaşsın. Əminəm ki, birinci mərhələ gələn il, ikinci və sonuncu mərhələ isə 2020-ci ildə başa çatacaq. Beləliklə, bizim Avropa ilə strateji əlaqələrimiz daha da yüksək pilləyə qalxacaq.

Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Həmçinin Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da biz hər zaman Latviyanın dəstəyini hiss etmişik. Bu gün NATO-Azərbaycan əlaqələri - həm Əfqanıstan Respublikasında fəaliyyətimiz, həm logistik, nəqliyyat dəhlizi, ümumiyyətlə, bütün bu məsələlər, əlbəttə ki, NATO-ya üzv olan ölkələrlə bizim əlaqələrimizi gücləndirir.

Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə bir daha minnətdaram. Öz növbəmdə, Sizi Sizin üçün münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sağ olun.

---------

13:09

İyulun 17-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev və Prezident Raymonds Veyonis "Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni imzaladılar.

"Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Latviya Respublikasının Nəqliyyat Nazirliyi arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Anlaşma Memorandumu"nu Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın nəqliyyat naziri Uldis Auqulis imzaladılar.

"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Latviya Respublikasının İqtisadiyyat Nazirliyi arasında tikintidə təhlükəsizliyə dövlət nəzarəti sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan tərəfdən İqtisadi, Elmi-Texniki və Mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Latviyanın təhsil və elm naziri Karlis Şadurskis imzaladılar.

------------

12:40

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu bildirildi, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində, o cümlədən Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində, Asiya ilə Avropa arasında yükdaşımalarda önəmli rolu qeyd edildi. Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq nəqliyyat əməkdaşlığı sahəsində gördüyü işlərdən danışdı.

Görüşdə Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfəri çərçivəsində imzalanacaq sənədlərin əhəmiyyəti qeyd olundu, bu sənədlərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə edildi. Həmçinin təhsil sahəsində əməkdaşlıq müzakirə edildi və bu sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Söhbət zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edildi. Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olundu, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışıldı.

Prezident Raymonds Veyonis vurğuladı ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcək. Latviya dövlətinin başçısı ölkəsinin gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğuladı.

------------

12:03

İyulun 17-də Riqada rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Raymonds Veyonisin təkbətək görüşü olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi, Azərbaycan Prezidentinin Latviyaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı, bu əlaqələrin daha da genişləndirilməsi imkanları müzakirə edildi.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

------------

12:01

İyulun 17-də Latviya Prezidentinin iqamətgahında - "Riqa" qəsrində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Latviya Prezidenti Raymonds Veyonis Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Latviyanın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Latviya Prezidenti Raymonds Veyonisə təqdim olundu.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev "Riqa" qəsrinin "Gerblər" salonunda Fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Sonra hədiyyələr təqdim edildi.

------------------

16.07.2017

18:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Latviya Prezidenti Ofisinin rəhbəri Arnis Salnajs və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az