Qara qarağatın faydaları

16 İyul 2017 12:48

Kiçik kolların üstünə qara muncuq kimi düzülmüş qarağat meyvəsi bir növ qara gilasa, qara gilənara bənzəyir. Gilas və gilənardan fərqli olaraq, qarağat bitkisi kol formasındadır. Kolların üstü ətli gilələrlə dolu olur. Turşməzə meyvələri təzə halda yeyilir, ondan püre, jele, mürəbbə, marmelad, şirə, limonad, konfet, şərab və s. hazırlanır. Qarağat yarpaqları ətirli və turş olduğuna görə tərəvəzlərin konservləşdirilməsində də istifadə edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qara qarağatın meyvələri yetişəndən sonra yığılır. Əvvəlcə bir qədər havada, sonra sobada 60 dərəcə istilikdə qurudulur. Yarpaqları çiçəkləmə dövründə yığılır və kölgədə qurudulur.

Avitaminoz və sinqada vitamin mənbəyi kimi istifadə edilir. Qarağatın 15-20 qram meyvəsi orqanizmin sutka ərzində C vitamininə olan tələbatını ödəyir. Ateroskleroz və hipertoniyada meyvələrinin qəbulu müalicə və profilaktika vasitəsidir.

Xalq təbabətində qurudulmuş qarağat meyvələri tərlədici, sidikqovucu və orqanizmin möhkəmliyini artıran vasitə kimi işlədilir. Mədə-bağırsaq xəstəliklərində, mədənin turşuluğu az olanda, qanazlığı zamanı, ürəyin ritmik fəaliyyəti pozulanda, ürək qüsuru və soyuqdəymədə tətbiq olunur.

Yarpaqlarının həlimi şiş və soyuqdəymədə, böyrəkdə və sidik kisəsində daş olanda, titrətmə-qızdırma və revmatizmdə faydalı təbii vasitədir. Qara qarağatın meyvələri kimyəvi elementlərlə zəngin olduğuna görə müxtəlif xəstəliklərin müalicəsində yaxşı təsir göstərir.

Milli.Az