Premyer Liqamızda növbəti almaniyalı baş məşqçi

4 İyul 2011 15:00
"Sumqayıt Şəhər" Peşəkar Futbol Klubunun növbəti mövsümdən Premyer Liqada iştirak edəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, birinci divizionda ötən mövsümün yekunlarına əsasən Premyer Liqaya vəsiqə qazanan "Abşeron"un rəhbərliyi klubun maliyyə problemləri ilə əlaqədar olaraq elitada çıxışdan imtina etdiyi üçün məhz Sumqayıtın yeni yaradılan klubu bununla bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
 
Artıq bu klubun maliyyə stabilliyini və Premyer Liqada iştirak etməsi ilə bağlı istəyini nəzərə alan PFL rəhbərliyi müraciəti müsbət qarşılayıb.
 
Sumqayıt təmsilçisinin baş məşqçisinin kimliyi də müəyyənləşib. Belə ki, bu komandanı almaniyalı Bernard Raab çalışdıracaq. Onun köməkçiləri isə Təbriz Həsənovla Aslan Kərimov olacaq. Hansı ki, bu iki mütəxəssis hazırda aşağı yaş qruplarından ibarət yığmalarımızda çalışırlar.
 
Qeyd edək ki, Raab əsasən Almaniyanın aşağı liqalarında çalışıb və elə də böyük təcrübə və uğur sahibi deyil.

Milli.Az