"Hər yer qan idi, beyni parçalanmışdı..." - Liftin şaxtaya düşdüyü binadan VİDEO

14 İyul 2017 17:38

Bakının bəzi binalarında liftlərin nasazlığı səbəbindən bədbəxt hadisələr tez-tez baş verir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, elə ötən gün növbəti dəfə liftin şaxtaya düşməsi nəticəsində bir  nəfər ağır xəsarət alıb. Hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsi 58A ünvanında tikintisi başa çatmamış çoxmərtəbəli binada qeydə alınıb. Belə ki, liftin şaxtaya düşməsi nəticəsində 1970-ci il təvəllüdlü Ramiz Mərdiyev ağır xəsarət alıb. O, hazırda  3 saylı şəhər Klinik xəstəxanasının reanimasiya bölməsindədir.

Sözügedən sayt əməkdaşları hadisənin baş verdiyi ünvanda olub. Yaralını xilas edən şəxslərdən birinin dediyinə görə, R. Mərdiyevi şaxtadan çıxarılanda ağır vəziyyətdə imiş: 

"Onun beyni parçalanmışdı. Yaxınlıqdakı Təcili Tibbi Yardım Stansiyasına gedib maşın göndərmələrini xahiş etdim. Dedilər ki, birinci növbədə, Fövqəladə Halllar Nazirliyinə məlumat verilməlidir. Tibb bacısı da şaxtaya düşməyə qorxduğunu dedi. Üstündən bir az keçəndən sonra axır ki gəlib çıxdılar. Elə dünəndən həmin giriş qapısını bağlayıblar. Yer bütün qan idi". 

Araşdırmamız nəticəsində məlum oldu ki, yaşayış kompleksi "Səfalı Ticarət Mərkəzi" ASC-yə məxsusdur.  Kompleksin iki ay müddətində təhvil veriləcəyi bildirilir. Rəhbərliyində Fəqan adlı şəxsin durduğu deyilir. 

Hadisə barədə məlumat almaq üçün binanın komendantına müraciət etsək də, dünən işdə olmadığını bildirərək açıqlama verməkdən imtina etdi.

Maraqlıdır ki, bu böyüklükdə yaşayış kompleksini inşa edən şirkət niyə təhlükəsizlik qaydalarına riayət etmir?

Suala cavab tapmaq üçün şirkətlə əlaqə saxlamağa çalışdıq. Sözügedən ASC-nin internetdə nə saytı, nə də əlaqə nömrəsi var. Yalnız bir neçə il əvvəl "Səfalı Ticarət Mərkəzi" haqqında şirkətin tikinti qaydalarına əməl etməməsi, işçilərin hüquqlarının pozulması, əmək müqaviləsi olmadan onların işə cəlb edilməsi və vergi pozuntularına yer verməsi kimi informasiyalar mətbuatda dərc olunub. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda kişi bu binada liftin şaxtasına düşüb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində