Xərçəngi müalicə edən robot-cərrah yaradılacaq

14 İyul 2017 23:07

Rusiyada xərçəngin müalicəsi üçün 2018-ci ilin sonunadək robot-cərrah yaradılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, robot texnikası və texniki kibernetika üzrə Mərkəzi Elmi-Tədqiqat və Təcrübi-Konstruktor İnstitutunun nümayəndəsinin məlumatına görə, "Onkorobot" sistemindən prostat vəzi xərçənginin cərrahi müalicəsində istifadə etmək planlaşdırılır. Sistem real zaman rejimində cərrahi aləti (iynə-intrastat) idarə etməyə imkan yaradacaq, fərdi kompüter bazasında əl, yarımavtomatik və avtomatik rejimlərdə işləyə biləcək.

İxtisaslaşdırılmış tibb müəssisələri artıq bu sistemə maraq göstərməyə başlayıblar. Robot cərrahın təcrübə üçün ilk nümunəsi 2018-ci ilin sonunda hazır olacaq, sınaqdan keçirilməsi isə bir ilədək davam edəcək. Rusiyanın "Splav" Elmi İstehsalat Birliyi bu layihənin tərəfdaşı ola bilər. Həmçinin Rusiyanın Təhsil və Elm Nazirliyi layihəyə maliyyə yardımı edir və "Onkorobot" sisteminin onkoloji xəstəliklərin müalicəsi zamanı səmərəliliyi artıracağını bildirir.

Milli.Az