Azərbaycanlı könüllülər Formula 1 İtaliya Qran Prisinə göndərilir - FOTO

14 İyul 2017 13:55

Bu il Bakıda uğurla baş tutmuş Azərbaycan Qran Prisindən əvvəl keçirilən təlimlərdə əldə etdiyi hərtərəfli biliyə, həmçinin, yarış zamanı göstərdiyi yüksək fəallığa görə seçilən 5 könüllü Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) hesabına sentyabrın 3-də İtaliyada baş tutacaq Qran Priyə göndəriləcək.

BŞH-dən Milli.Az-a verilən məlumata görə, fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən, Azərbaycan Qran Prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirilib və yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxılıb. Bu mərhələdə sözügedən könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlarda, Formula 1 Avropa və Azərbaycan Qran Prilərində və Formula 1 tarixi üzrə imtahanda iştirak ediblər.

Qalib könüllülərin adları BŞH-nin İcraçı direktoru Arif Rəhimovun iştirakı ilə Azərbaycan Qran Prisi könüllüləri üçün təşkil edilmiş "Təşəkkür" mərasimində şirkətin İnsan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edilib. Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələniblər. Qaliblərə sertifikatlar təqdim edilib.

A.Rəhimov qalib könüllüləri təbrik edib, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səsləyib: "Azərbaycan Qran Prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Buna görə sizə minnətdarıq! Könüllülük inkişafa gedən yolda ilk addımdır və inanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaqdır"

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova qalibləri təbrik edərək gələcək yarışların könüllülərini daha fəal olmağa səsləyib: "Builki yarışa hazırlıq çərçivəsində biz könüllülərimizin fərdi inkişafı üçün müxtəlif mövzularda proqramlar hazırladıq və bu proqramları yüksək səviyyədə həyata keçirdik. Könüllülərimizin inkişafı bizim qarşımızda duran ən vacib məsələlərdən biridir və biz növbəti illərdə də bu ənənəni daha intensiv şəkildə davam etdirəcəyik.

Müsabiqədə iştirak edən hər bir könüllüyə təşəkkürümü bildirirəm. Qaliblərin hər birini akademiyamız adından təbrik edirəm, onlara xoş səfər və gözəl istirahət arzulayıram. Əminəm ki, növbəti illərdə könüllülərimiz yarışa hazırlığın ilk pilləsindən yarış başa çatanadək davam edən proses ərzində  yüksək fəallıq nümayiş etdirərək daha da böyük uğurlara imza atacaqlar."

Qeyd edək ki, qalib könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran Pri yarışını tribunada canlı izləyə biləcək, həmçinin, həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində