"Qeyri-neft sənayesinin artması təqdirəlayiq tendensiyadır"

13 İyul 2017 20:30

"Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci yarısıda ölkənin sosial-iqtisadi inkişafının yekunlarına dair keçirilən iclasında qeyd edildi ki, müvafiq göstəricilərlə bağlı əsas cəhət ondan ibarətdir ki, makroiqtisadi sabitlik qorunub saxlanılır və məqsəd də odur ki, bu, tendensiya davam etsin. Düzdür, sözügedən sabitlik hələ də kövrək xarakter daşıyır, bununla belə, iclasda da qeyd olundu ki, 1,7 % artım var. Ancaq məsələ ondadır ki, 1,7 % artım qeyri-neft sektoruna aiddir. Ümumi göstəricidə isə aşağı rəqəmlər qalır. Lakin, cənab prezident də qeyd edib ki, ümumi iqtisadi göstərici, yəni ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatı və qiyməti ilə bağlıdır və bu da dəyişir. Ona görə də bu, görülən işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz".

Milli.Az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. Onun sözlərinə görə, qeyri-neft iqtisadiyyatında 1,7 % artım isə bilavasitə aparılan iqtisadi islahatların nəticəsidir. Dövlət başçısı da haqlı olaraq vurğulayıb ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir:

"Hazırda əsas prioritet qeyri-neft məhsulları istehsalı və onların ixracıdır. Odur ki, qeyri-neft sənayesinin (4,4%) daha çox artması təqdirəlayiq tendensiyadır. Yeri gəlmişkən, 2017-ci ilin yanvar-may aylarında 556,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 22,1, real ifadədə isə 19,8 % çoxdur. Bir sözlə, əsas güc iqtisadiyyatın qeyri-neft sektoruna yönəldildiyindən əsas diqqət də məhz bu sahədəki nəticə və göstəricilərindədir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində