Azərbaycanlı jurnalistlərlə polyak azarkeşlər arasında söz atışması - təyyarədə nələr oldu?

13 İyul 2017 18:02

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçının diktoru, tanınmış idman jurnalisti İlkin Fikrətoğlu ilə Bakıya gələn polşalı azarkeşlər arasında söz atışması olub.

Milli.Az bildirir ki, qol.az saytının müxbiri ilə söhbətində İ.Fikrətoğlu hadisənin Kiyev - Bakı təyyarə reysində baş verdiyini deyib:

"Dünən dostum və həmkarım Elnur Məmmədli ilə Kiyevdən Bakıya polyak fanatlarla eyni təyyarədə gəldik. 30-35 nəfər olardılar, səs-küyləri təyyarəni götürmüşdü. 3 saatlıq uçuş boyu bir dəqiqə də sakit dayanmadılar. Sərnişinlərin narazılığı, stüardessaların xəbərdarlığı belə onlara təsir etmədi. Aralarında rus dilini bilən bir neçə nəfər -Adam, Artur, Yakub və başqaları var idi. "Qəbələ" haqda yetərincə məlumat toplamışdılar. Yeni transferlər, son yoxlama oyunları, ardıcıl iki il qrupda oynamaları və sair. Rəqibin sıradan biri olmadığının fərqindədilər. Amma təbii ki, öz komandalarına inanıb o qədər yolu Polşadan Bakıya gəlirdilər. Onlara "Qarabağ"ın "Visla" və "Şlensk" üzərindəki qələbələrini xatırladıb qıcıqlandırmağa çalışdıq. Veclərinə də olmadı, hətta sevindilər ki, yaxşı edib "Visla"ya qalib gəlmisiz. Onları yalnız öz klubları - 40 illik tarixi ərzində hələ ki, çempion ola bilməyən "Yagelloniya" maraqlandırır. Polyak fanatlara dedim, sabahkı oyunun stadionda diktoru mənəm, siz burada təyyarədə bağırın, sabah isə mən və "Qəbələ"nin əsl fanatları sizin səsinizi stadionda batıracağıq. İnşallah, "Qəbələ" bizi peşman etməz.." - deyə İ.Fikrətoğlu bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində