Cahil müsəlmanın Peyğəmbərə qarşı casusluğu

15 İyul 2017 19:20

Hatəb ibni Əbi Tələbə Məkkədə müsəlman olmuşdu və o, Mədinəyə gəlir. Ailəsi Məkkədə qalmışdı. Qureyşin kafirləri qorxurdular ki, Həzrət Peyğəmbər (s) onlara hücum edər. Ona görə də Hətabın ailəsinin yanına gedir və ondan istəyirlər ki, Hatəbə məktub yazsınlar və vəziyyəti öyrənsinlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Hatəbin ailəsi də məktubu yazır və vəziyyəti soruşurlar. Hatəb də cavabında yazır ki, bəli, Peyğəmbərin (s) belə bir niyyəti vardır. Hatəb məktubu Səfiyə adlı bir qadına verir və o, da məktubu saçında gizlədir.
Peyğəmbər (s) İmam Əlini (ə) və Zubeyri həmin qadının sorağına göndərir. Hər ikisi özünü qadına çatdırır və Əmirəl-möminin (ə) soruşur: "Məktub haradadır?".
Qadın deyir: "Mənim yanımda bir şey yoxdur".
Zubeyr deyir ki, gəl qayıdaq. Ancaq İmam Əli (ə) buyurur: "Allaha and olsun ki, Peyğəmbər (s) bizə yalan deməmişdir. Cəbrayil (ə) də o Cənaba yalan deməmişdir. Ona görə də məktubu çıxart, əks halda əməlinin cəzasını görəcəksən".
Səfiyə deyir ki, məndən uzaqlaşsın ki, məktubu çıxardım. Bu zaman məktubu saçından çıxardır.
İmam Əli (ə) məktubu götürür və Peyğəmbərin (s) yanına gəlir. Həzrət Peyğəmbər (s) Hatəbdən soruşur: "Bu, nə işdir?".
Hatəb deyir: "Ey Rəsulallah! Allaha and olsun ki, bu işi nifaq üzündən etməmişəm. Mən şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Sən onun rəsulusan. Ancaq ailəm Məkkədən yazmışdı ki, Qureyş bizimlə xoş rəftar edir. Mən də onların bu rəftarına xidmətlə cavab vermək istədim".
Bu macəradan sonra Allah Təala bu ayəni göndərir: "Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın! Siz onlarla dostluq əlaqəsi yaradırsınız, halbuki onlar həqiqətən, Haqqın tərəfindən sizə gələnə kafir olmuşlar. Siz Rəbbiniz olan yeganə Allaha iman gətirdiyiniz üçün onlar Allah Rəsulunu və sizi (yurdunuz Məkkədən) çıxarırlar. Əgər (vətəninizdən) Mənim yolumda cihad etmək və Mənim razılığımı qazanmaq üçün çıxmısınızsa, (onlarla dostluq əlaqəsi qurmayın). Siz gizlincə onlara dostluq göstərirsiniz. Halbuki, Mən sizin gizlətdiyinizi və aşkar etdiyiniz hər şeyi daha yaxşı bilirəm. Və sizdən kim belə etsə, o həqiqətən, düzgün yoldan azmışdır". ("Mumtəhənə" 1).
İmam Sadiq (ə) buyurur: "Əgər kimisə görsəniz ki, dostluq və düşmənçiliyi dinə görə deyildir, bilin ki, onun dini yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində