Həsəd xəstəliyindən necə xilas olaq?

15 İyul 2017 22:10

Bir çox rəzil sifətlərin kökündə həsəd xəstəliyi durur. Həsəd - şeytanın (ə) ən güclü silahlarından hesab olunur və Adəm (ə) övladının qətlinə səbəb olmuşdur.

Əgər Həzrət Yusifin (ə) dastanına nəzər salsaq, orada da həsədin pis və xəcalətli nəticələrini görmək olar ki, Yusifin (ə) qardaşlarının həsrət və peşmançılığına səbəb olmuşdur.
Bəs nə edək ki, bu rəzil sifət bizə yaxın durmasın?
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ilk növbədə bu həqiqəti qəbul etməliyik ki, həsəd insanın bütün rahatlıq və ruhi sağlamlığını aradan aparır və insanın həm ailə və həm də ictimai rabitələrinə zərbə vurur. İmam Əli (ə) buyurur:"Təəccüblüdür ki, həsəd aparanlar öz cisimlərinin sağlamlığından qafildirlər".
İmam Sadiq (ə) buyurur: "Həsəd aparan insan məhsuda (yəni, həsəd apardığı şəxsə) ziyan vurmazdan əvvəl, özünə ziyan vurar".
İkinci nəzərə almalı olduğumuz həqiqət budur ki, həsəd aparan insan həmişə xəstədir. Əmirəl-möminin (ə) buyurur: "Həsəd, insanın ayırd etməsini xataya salar, insanın ibadətlərini xarab edər, əxlaqi fəzilətləri məhv edər və insan ömrünü qısaldar".
Həsədin kökünü kəsmək üçün onun köklərini tanımaq lazımdır. Yəni, həsədin yaranma amilləri hansılardır?
1. Təkəbbür və özünü bəyənmək.
2. Pis əməllərini yaxşı kimi görmək və özünü başqalarından üstün bilmək.
3. Başqalarına xeyir verməkdən özünü çəkindirmək.
4. Hərislik və tamahkarlıq.
İnsan əgər həsəddən xilas olmaq istəyirsə, gərək Allahın ona inayət etdiyi nemətlərə diqqət etməyi bacarsın və görsün ki, o qədər nemətə malik olaraq, yenə də başqalarının həsədini aparır. Halbuki, Allah ona elə nemətlər vermişdir ki, həsəd apardığı şəxslərə onu verməmişdir.
Allah Təala Quranda Peyğəmbərə (s) buyurur: "Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər". ("Hicr" 88).
Həsəd aparan insan bilməlidir ki, öz üzünü qara və qarşı tərəfin üzünü həmişə ağ edər. Çünki insanlar içində o zalım, qarşı tərəf məzlum kimi görünər. Məzlum isə Allahın inayətinə çatan insandır.
Həsəd aparan gərək ürəyi nə istəyirsə, etməsin. Pis danışmaq, qeybət etmək, töhmət vurmaq kimi. Əgər bu xəstəlikdən xilas olmaq istəyirsə, gərək ürəyi istədiklərinin əksinə əməllər yerinə yetirsin. Əgər kiməsə ziyan vurmaq istəyirsə, əksinə xeyir versin. Bu zaman imanı güclənər və iman da həsədin köklərini kəsər.
Deməli, insan təfəkkür etsə, həsəd aparmağa səbəb olan amilləri tanıyar və onları islah etməyə çalışar.
Həsəd aparanı bu bəladan xilas edən ən təsirli əməl duadır. Əgər əllərini açıb Allaha sidq ürəklə dua edərsə, Allah da ona yardım edəcəkdir. Çünki dua - hər bir xəstəliyin şəfasıdır.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində