Mikroelektronika bazarı böyüyür

15 İyul 2017 08:51

"Gartner" analitik şirkəti 2017-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcminin 400 milyard dolları üstələyərək 401,4 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 16,8 faiz çoxdur. Bazarda 300 milyard dollarlıq satış həcmi 2010-cu ildə, 200 milyard dollarlıq 2000-ci ildə qeydə alınıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklərin sözlərinə görə, bazarda artım "DRAM" və "NAND" yaddaş modullarının çatışmazlığı ilə əlaqədardır. Bu, yaddaş modulları istehsalçılarına qiymətləri artırmağa və gəlir və mənfəəti çoxaltmağa imkan verib. Bu il yaddaş modullarının satış həcminin pul ifadəsində 52 faiz artacağı, onların satışından əldə olunan gəlirlərin artmasının istehsalçıların dünya mikroelektronika komponentləri bazarında pay bölgüsünə təsir göstərəcəyi gözlənilir.  
 
Analitiklərin fikrincə, nəhəng yaddaş modulu istehsalçısı - "Samsung" şirkəti ilin yekunları üzrə ilk dəfə "Intel" istehsalçısını geridə qoymaq imkanına malikdir. "Intel" birinci yeri 1992-ci ildə "NEC" şirkətini sıxışdırmaqla tutub və indiyədək bu pillədə qalır. "Samsung" 2002-ci ildən ikinci yerdə qərarlaşıb.
 
Analitiklər qeyd edir ki, lakin yaddaş modulları bazarında artım həmişə davam etməyəcək. Belə ki, 2019-cu ilədək istehsalçılar tədarükü artıracaq, çatışmazlıq aradan qaldırılacaq, qiymətlər enəcək və nəticədə "Samsung" şirkətinin bu il və növbəti ildə əldə etdiyi üstünlüyü itirəcəyi proqnozlaşdırılır.  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində