"Azərbaycan Dəmir Yolları"ndan bilet qiymətlərinin dəyişilməsi ilə bağlı dəqiqləşdirmə

13 İyul 2017 21:05

Artıq xəbər vermişdik ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Milli.Az-a verilən məlumata görə, göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi üçün 15.07.2017-ci il tarixdən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcəkdir.

Milli.Az-ın sorğusuna cavab olaraq məsələyə aydınlıq gətirən "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə olan biletlərin qiymətindəki artım 20 faiz təşkil edəcək: "Yəni aşağı yerlərə olan biletlərin qiyməti yuxarıya nisbətən 20 faiz baha olacaq. Amma bu artım biletlərin hazırki satış qiymətindən yox, onun baza hissəsindən hesablanacaq. Yəni artım biletin ƏDV və yataq pulu çıxmaqla qalan hissəsinin 20 faizi qədər olacaq. Məsələn, əgər bilet 10 manatadırsa, ondan yataq pulu və ƏDV-ni çıxmaqla tutaq ki, qalan 8 manatın üzərinə 20 faiz əlavə olunacaq. Yəni 10 manata satılan bilet 12 manata yox, 11 manat 60 qəpiyə olacaq".

Qeyd edək ki, bu artım artıq iyulun 10-dan etibarən iyulun 15-i və ondan sonrakı tarixlərə satılan biletlərə tətbiq edilir və bilet alanlar ödənişi yeni qiymətlərlə edirlər.

Bu artım yalnız ölkədaxili qatarlara şamil edilir. Bakı-Tbilisi qatarında isə aşağı yerlərə olan biletlər yalnız Böyük Kəsik keçid məntəqəsinə qədər hissə üçün bahalaşıb.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində