Bu gün onun ad günüdür

12 İyul 2017 19:20

Bu gün yazıçı-dramaturqu, materialist filosofu, ictimai xadim, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov anadan olub.

Milli.Az Axundovla bağlı yazını təqdim edir.

Mirzə Fətəli Axundzadə ədəbiyyat tariximizdə əsərləri milli qeyrət, xalqın acınacaqlı yaşamından gileylənmək, millətin savadlanması, qabaqcıl Avropa mədəniyyətinə qoşulması üçün yorulmadan çalışmaq kimi bir çox realist ideyalarla zəngindir. Bu yazıda bir realist sənətkar kimi ən çox onun yaradıcılığında milli təəssübçülük üzərində dayanacağıq.

M.F.Axundzadə yaradıcılığa şeirlə başlamışdır. Lakin, onun şeir yaradıcılığı bir o qədər də zəngin deyildir. Ədibin ölməz rus şairi A.S.Puşkinə yazdığı "Puşkinin ölümü haqqında şərq poeması"nı, "Zəmanədən şikayət"i və daha bir neçə bu tipli şeirləri istisna etsək yerdə qalan şeirləri əsasən məktublardan, mədhiyyələrdən ibarətdir. Öz dövrünün digər yazıçıları kimi Axundzadənin də yaradıcılığında ziddiyyətlər yetərincədir. Əgər bu ziddiyyətlər ilk olaraq başladığı şeir yaradıcılığını əhatə etsəydi bunu onun gənc olması, yaradıcılığa yeni başlaması ilə bağlamaq olardı. Lakin bu ziddiyyətlər onun bütün yaradıcılığı boyu hiss olunur. Bir yandan mədhiyyə yazan şairləri tənqid edən, "o ədəbiyyatı real ədəbiyyat hesab edirəm ki, orada xalqın real həyatı, dərdləri öz əksini tapsın"- deyən ədib bir yandan da İstanbulda baş vəzir Fuad paşaya əlifba ilə bağlı yazdığı şeirində onu Süleymanın müdrik vəziri Asəflə müqayisə edirdi. Digər bir mədhiyyəni isə rus çarının vəliəhdi II Aleksandrın Tiflisə gəlişinə həsr etmiş, burada vəliəhdi orta yüzil dünyasının ən nəhəng sərkərdələri olan Əmir Teymurdan və I Şah Abbasdan üstün tutmuşdu. Bundan başqa o, zəmanəsinin şairlərinin, xüsusən də Q.B.Zakirin kəskin tənqid etdiyi, öz zülmkarlığı ilə bütün Qarabağ mahalında məşhur olan Cəfərqulu xana da bir neçə mədhiyyə yazmış, onunla dostluq münasibətləri saxlamışdır. Zənnimcə Axundzadənin Cəfərqulu xanı həcv etməməsini onun bir çar zabiti olaraq rütbəcə Cəfərqulu xandan kiçik olmasında, hərbi intizamın buna yol verməməsində axtarmaq lazımdır.
Axundzadənin məqalələri ədibin yaradıcılığının ayrılmaz bölümünü təşkil edir. Aristotel elmləri təsnifat edib necə bir-birindən ayırmışdısa Axundzadə də ədəbiyyatşünaslığı təsnifat edib öz məqalələri ilə ədəbi tənqidi müstəqil bir janr kimi yaradıb inkişaf etdirmişdir. Bu məqalələri oxuyunca onun ilk öncə ərəb əlifbasını sadələşdirmək, daha sonra isə dəyişdirmək uğrunda, ədəbiyyatımızda yabançı cərəyanlara (xüsusən də ədəbiyyatda ikinci dərəcəli hadisələri önə çəkən, realizmi inkar edən naturalizmə) qarşı necə gərgin dirəniş apardığının şahidi oluruq. Bu məqalələrdən həm də aydın olur ki, o, bir çar zabiti, bir dövlət məmuru olmasına baxmayaraq çar idarə sistemindəki haqsızlığı öz şəxsi həyatında da hiss edirdi. Bu məqalələrin ən böyük əhəmiyyəti də burada çar idarə üsulunun tənqididir.
Yaradıcılığının müəyyən dövründə mövcud ictimai siyasi quruluşu tənqid edərkən o, bir maarifçi kimi çıxış edirdi. O da digər maarifçilər kimi cəmiyyətin inkişafının maarifdən keçdiyini bilirdi. Onun əlifba uğrunda apardığı mübarizə də bununla bağlı idi. İlk əvvəllər onun maarifçiliyi məhdud idi. Bu zaman o, hətta ədalətli hökmdar obrazı yaratmağa çalışırdı. Lakin o, Avropanın qabaqcıl maarifçilərinin fikirləri ilə tanış olduqdan sonra bu sahədə bir inqilabçı demokrat səviyyəsinə yüksəldi.
M.F.Axundzadənin yaradıcılığı müxtəlif janrları əhatə etsə də ona ən böyük uğur qazandıran ölməz komediyalarıdır. Belə ki, Tifliş şəhərində təşkil olunan Rus teatrları və burada Rus və Qərbi Avropa dramatuqrlarının əsərlərinin tamaşası Axundovda dərin təəssürat yaradır. Nadir Məmmədovun qeyd etdiyi kimi "Mirzə Fətəli doğma xalqını orta əsr feodal dünyasının bəlalarından, nadanlığından qurtarmaq, ictimai-siyasi şüurunu oyatmaq, mədəni xalqlar səviyyəsinə qaldırmaq üçün teatr və dramaurgiyanın təsirli bir vasitə olmasını hesab edir". Və o xalqı gerilikdən ayırıb, yeniliyə aparmağın ən yaxşı yolunun dramaturgiyadan keçdiyini anlayır və komediya janrında ard-arda bir-birindən gözəl 6 sanballı əsər yaradır. 1850-1855-ci illərdə yazılan bu komediyaların hər birinin mövzusu real həyatdan götürülmüş və hər bir birində çağdaş yaşamla belə səsləşə bilən, bir sıra məsələlər qaldırımışdır. Dram əsərləri bədii nəsrin başqa növləri ilə müqayisədə daha üstündür. Çünki burada oxucu həm mütailə yolu ilə, həm də əsərə tamaşa etməklə ikiqat zövq ala bilir. Digər janrlarda qələmə aldığı əsərlərində olduğu kimi komediyalarında da Axundzadə təəssübçü düşüncələri oxucuya anlaşıqlı bir yolla çatdırmağı bacarır.
Dramaturqun ilk komediyası olan "Hekayəti-Molla İbrahimxəlil Kimyagər" komediyası yazıçının bu növdə yazılan komediyalarından ilki olduğundan digər yazılacaq olan komediyaların qurulmasına, fikir axıcılığının düzülüşünə öz yönünü vermişdir. Komediyada Axundzadə Nuxuluların timsalında avamlığı, geriliyi tənqid edir, mədəni inkişafa qovuşmağın yolunu məhz yenilikçilkdə görürdü. Sanki o, öz düşündüklərini, gerçəyə qovuşdurmaq istədiyi ideyalarını, ülgülərini bu əsərdə Hacı Nurunun timsalında verməyə çalışır. Şair Hacı Nuru dəfərlə nuxuluları Molla İbrahimxəliə aldanmamağa çağırırsa da bu fayda vermir. Necə deyərlər "Cam nə qədər böyük olsa iman yenə öz bildiyini oxur". Bu əsərdə dramaturq avamlıqla, geriliklə, dar düşüncəli olmağı əldə bayraq tutmaqla çox da qabağa getməyin mümkün olmadığını dönə-dönə vurğulayır.
"Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni-məşhur" komediyasında da sadaladığımız ideyalar davam etdirilir. Bu komediyada müəllif qadınların avamlığına, hətta kişilərin də onlardan geri qalmamasına ürək ağrısı, qəlb acısı ilə acıyır. Şəhərbanu xanımın Dərviş Məstəli şahın Parisi dağıdacağına inanması, Şahbazın Avropaya elm dalınca getməsilə razılaşmaması, yoluna sədd çəkməsi, Şahbaz bəyin isə "Mənim tay-tuşlarım tamam mərifət sahibi olub, qulluq edib, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sanzıs" deyərək əzmlə mübarizə aparması, Hatəmxan ağanın "Balam sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilməklə ağıl artmaz" və ya "Sən Parijə getmədən də Müsyo Jordanın söhbətlərinə qulaq asmaqla oranın əhlinin adət və xəvvasından mütəlle ola bilərsən" sözləri Axundzadənin nə qədər yüksək sənətkarlıqla avamlığı, geriliyi pisləməsini, dövrünün eybəcərliklərini bacarıqla qabartması aydın sezmək olur.
Digər komediyalarında da çeşidli promlemlər qaldırılır. "Hacı Qara"da xəsislik, tüfeyli yaşam tərzi, "Sərgüzəşti vəziri xani Lənkəran (Sərab)" komediyasında xanlıq idarə üsulu, "Mürafiyə (Təbriz) vəkillərinin hekayəti"ndə İran məhkəmə orqanlarındakı rüşvətxorluq, "Hekayəti Xırs quldurbasan"da çar üsul idarəsi tənqid hədəfidir. Bütün bu əsərlərin mövzusu real həyatdan götürülmüşdü. Çünki zəngin biliyə, geniş əhatə dairəsinə malik olan dramaturqun yetərli sayda mövzu müxtəlifliyi, materialı vardı və nəyisə öz təxəyyülündə uydurmasına ehtiyac yox idi. Sadaladığım komediyalar haqqında təkcə onu deməyi lazım bilirik ki, o, komediyalarında hansı fərqli məsələlər qaldırırsa da bunları birləşdirən bir ümumi cəhət vardır ki, bu da avamlığın ifşası, xalqın maariflənməsi, dünyanın inkişaf etmiş xalqları sırasına daxil etmək yolunda mübarizədir. Yeri gəlmişkən onu da qeyd edim ki, Axundzadə "Hacı Qara"nın mövzusunu Avropa ədəbiyyatından götürsə də əsərdə əsas mənfi obraz kimi səciyyələndirilən Hacı Qara real şəxsiyyət olmuşdur. Ağcabədi bazarında parça ticarəti ilə məşğul olmuş Hacı Qara əslində səxafətli, xeyirxah insan olmuşdur. Axundzadəyə borc vermədiyindən o da onu bir xəsis kimi ifşa etmişdir.
Komediyalarda diqqətimi ən şox cəlb edən cəhət mənfi qəhrəmanların hamısının hakim təbəqələrin içindən seçilməsidir. Lakin o, çar idarəsinin məmuru olduğundan mənfi qəhrəmanları bütün keyfiyyətləri ilə açıb göstərə bilmir. O, rüşvətxor və süründürməçi çar məmurlarını üstüörtülü şəkildə, eyhamlarla tənqid edir. Gənc bir tədqiqatçı olaraq düşünürəm ki, Axundzadə bir çar məmuru olmasaydı daha çox maarifçi, daha çox realist, daha çox materialist ola bilərdi.
Böyük ədibə şöhrət qazandıran ən böyük cəhət onun cəsarəti idi. O, qorxmadan, çəkinmədən millətin nöqsanlarını açıb gpstərir, "baxın, biz beləyik" deyirdi. Elə ona görə də təqib olunurdu, "mürtəd" adlandırılırdı. Lakin, o, bu nöqsanları göstərib millətinə rişxənd etmirdi. Cəhalətdən çıxmağın yollarını da göstərirdi.
M.F.Axundzadə tipik obrazlar yaratmağın ustası idi. Məsələn, Şah Abbas obrazını yaratmaqla orta əsr dünyasının bütün despot şahlarının, Molla İbrahimxəlil kimyagər obrazını yaratmaqla yalançı kimyagərləri, vəzir Mirzə həbib obrazını yaratmaqla isə çətin dövlət işlərində yalnız saqqalını tərpətməklə kifayətlənən axmaq vəzirlərin umumiləşdirilmiş obrazını yaratmışdır. Lakin, çox təəssüf ki, Axundzadə sağlığlnda bu komediyaların heç birinə səhnə həyatı verə bilmədi. Əbdürrəhim bəy Haqverdiyev "Mirzə Fətəlinin faciəsi" məqalələsində yazırdı: "1849-сu ildə canişin Voronsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin 3 komisyon təşkilinə əmr verdi. Erməni, gürcü komisyonları tezliklə işə başladılar. Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı. Bu da bir faciə".
Povest janrında qələmə aldığı "Aldanmış Kəvakib" əsərində isə Axundzadə fanatikliyi, nadanlığı tənqid etməklə yanaşı, İrandakı rüşvətxorluğu, özbaşnalığı, haqsızlığı da ifşa edir. Əsər I Şah Abbasın saray tarixçisi olan İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi Abbasi" (dünyanı bəzəyən Abbasın tarixi) əsərinə əsaslanır. Axundzadə Kor Məhəmməd Xudabəndənin və onu oğlu I Şah Abbasın dövrünün real görünüşünü dövlət məmurlarının öz dili ilə verir. Yeri gəlmişkən yazıçı haqqında bu yazını hazırlarkan M.F.Axundzadənin 2005-ci ildə Şərq-Qərb mətbəsi tərəfindən çap olunmuş üç cildlik seçilmiş əsərləri ilə tanış oldum. Həmin əsərlərin I cildində səhv olaraq I Şah Abbasın anadan olma tarixi 1557, hakimiyyətə gəldiyi isə 30 yaş göstərilir. Halbuki o, hakimiyyətə 1587-ci ildə gəlmiş, bu zaman isə onun 16 yaşı var idi.
Axundzadənin milli təəssübçü ideyaları "Kəmalüdövlə məktubları" əsərində islam dininə münasibət müstəvisində davam etdirilir. Filosofun fikrincə islam dini yoxsul təbəqədən daha çox varlı təbəqənin mənafeyini müdafiə edir. İslam yaranarkən yer üzündə quldarlıq artıq öz ömrünü başa vurmuşdu. Ərəbistanın qonşuluğundalı ölkələrdə qadın hətta dövlət idarə işlərində belə iştirak edə bilirdi. İslam qadınların hüquqlarını əllərindən alıb, yüz minlərlə adamı yenidən qul etdi.
Axundzadə islamınn heç də hamı tərəfindən qəbul edilə bilinməyən bir sıra cəhətlərini göstərirdi. Məsələn, hansı qadın islamın çoxarvadlılıq qanununa könüllü tabe olur? Yazıçı dini insanların maariflənməsi yolunda başlıca əngəl sayırdı. Elm daim dəyişdiyinə, irəli getdiyinə baxmayaraq din xadimləri öz mənbəyini dindən götürən elm sahələrinin, məsələn, fiqh, nücum kimi elmlərin inkişafına əngəl törədirdilər. O, müsəlman xalqlarının bədbəxtliyinin, cəhalətinin səbəbini onun öz dili ilə desək, "kərtənkələ yeyib, dəvə südü ilə dolanan ərəblərdə" görürdü. "Ac və çılpaq ərəblər səni 1280 ildir bədbəxt etdilər"-deyirdi. Axundzadə yazırdı: "Bəşər övladına səadət və qurtuluş o zaman nəsib olacaqdır ki, istər Asiyada, istərsə də Avropada insanın şüuru tamamilə əbədi həbsdən xilas olacaq, bütün işlərdə və təfəkkürdə hədislər deyil, insanın ağlı yeganə dəlil, sənəd və hakimi mütləq olacaqdır". "Kainatin heç bir yaradana ehtiyacı yoxdur"-deyərək Tanrını inkar edir, gözü ilə görmədiyi, əli ilə toxuna bilmədiyi heç nəyə inanmaq istəmirdi. Axundzadənin istər Allah, istərsə də Məhəmməd peyğəmbər haqqında düşüncələri olduqca ziddiyyətlidir. Ümumiyyətlə onun ideologiyasında islama kökündən balta çalmaq yoxdur. Bu fikri xalq yazıçısı Anar da müdafiə edir. O yazır: "Mirzə Fətəlinin hədəfi islam dini deyil, ümumən şərq ətaləti və durğunluq idi". Baxmayaraq ki, "mən küllü ədyanı puç və əfsanə hesab edirəm"-demişdi. O, gah islamın ayrı-ayrı ehkamlarını tənqid edir, gah da Allaha və peyğəmbərə and içir, "Dünya heç zaman dinsiz və zındıq adamlardan xali olmamışdır"-deyirdi. Onun ən çox tənqid etdiyi isə şiələrin məhərrəmlik mərasimində imamlara yas saxlayıb ağlamaq mərasimi idi. Axundzadə islam dünyasında böyük əks-səda doğurmuş, qəlbləri riqqətə gətirən Kərbəla faciəsinə önəmsiz bir hadisə kimi yanaşmış və soydaşlarını Kərbalada "beş-on ərəbin beş-on ərəbi öldürməsi" hadisəsinə deyil, öz ruzigarlarına ağlamağa çağırır, təziyə məclislərinin yerinə xalqa teatr tamaşaları göstərməyi tövsiyə edirdi. Ürək ağrısı ilə xalqına üz tutan böyük maarifçi: "Axır sən də bir hərəkət elə , bir proqresə ayaq qoy, bir sivilizasiyona talib ol. Nə vaxtadək qəflət yuxusunda yatacaqsan?" deyirdi. Axundzadə daha uzaq gedərək islamın əsas ehkamları sayılan oruc və namaza qarşı çıxırdı. "Adamın min cür işi var. Onu heç fürsəti var ki, o, öz vaxtını oruc və namaz kimi boş işlərə sərf etsin".
Lakin Axundzadənin faciə janrına müraciət etməməsi başa düşülən deyil. O, faciələr qələmə alıb cəmiyyətdə faciə doğuran səbəbləri açıb göstərsəydi, bir gözü ilə gülüb bir gözü ilə ağlasaydı daha böyük uğur qazana bilərdi. Teatrı yaratmış olan qədim yunanlar komediyadan daha çox faciələrə üstünlük verir, tragediya müəlliflərini "müdriklər dahisi" adlandırırdılar.
Gənc bir araşdırmaçı olaraq mən istismarçı cəmiyyətin xalqı maarifləndirmə yolu ilə dəyişdirməyin mümkünlüyünün qəti əleyhinəyəm. Bu anlamda nə böyük Nizamiyə, nə yeni dövrün Avropa maarifçilərinə, nə də ilk dövrdə M.F.Axundzadəyə haqq qazandırmaq fikrindən uzağam. Düşünürəm ki, istismarçı cəmiyyətləri yalnız köklü bir inqilabla devirmək mümkündür. Amma burada bir ziddiyyət vardır. Çünki xalqı maarifləndirmədən inqilab da mümkün deyildir. Axundzadə bu cəhəti çox gözəl görmüş, əhalini maarifləndirmək şərti ilə "qəflət yuxusundan qalx və zalımın atasının goruna od vur"-deyirdi.
Axundzadənin Allaha, İslama, Peyğəmbərə olan münasibətini dar düşüncəli adlandırmaq düzgün olmazdı. "Kəmalüddövlə məktubları" ilə tanış olunca aydınlaşır ki, o, islamın, onun ehkamları, peyğəmbərin həyatı haqqında kifatət qədər bilgisi vardır. Lakin onun Qurani-kərimlə və sevimli peyğəmbərimizin şəxsi həyatı ilə bağlı bir sıra yanlış fikirləri də vardır. İslamı elmə mane olan bir din hesab edən Axundzadə unudur ki, Qurani kərim elə məhz "Oxu" kəlməsi ilə başlayıb."Beşikdən məzara qədər elm öyrənin"-deyən əziz peyğəmbərimiz bir müsəlman cocuğuna yazı-pozu öyrənmək müqabilində hətta onun şəxsiyyətinə belə sayğısızlıq edən müşrüklərin suçundan keçirdi. Burada ədib elmə geniş meydan açan islam dini ilə, elmin qabağına sədd çəkən ayrı-ayrı din xadimlərini bir-birindən ayırmırdı.
Axundzadə ən demokratik qaydaların belə yol vermədiyi insanın şəxsi həyat münasibətlərinə qarışmaqda da hesab edirəm ki, düzgün yol seçməmişdi. Peyğəmbərimizin çox qadınlı olmasını tənqid edən bu ateist-demokrat unudurdu ki, bu qadınlarının çoxunun yaşı 60-ı keçmişdi və belə nigahlardan o, təəssübçü ərəb qəbilələrini öz çevrəsində birləşdirmək üçün istifadə edirdi.
Müsəlman xalqlarının bədbəxtliyinin səbəbini "ac və çılpaq ərəblər"də görən Axundzadə əlifbanın hər bir hərfinin bir rəqəm ifadə edən əbcəd hesabı yaradan ərəbləri tənqid edərkən unudurdu ki, ərəb ədəbiyyatını təkcə ərəblər deyil, islamı qəbul edən bütün xalqlar, o cümlədən türklər (azərbaycanlılar) də yaratmışdı.
Axundzadə elə bir dinə etiqad etmək istəyirdi ki, "onun vasitəsi ilə insan bu dünyada azad və xoşbəxt ola bilsin". Bu mənada o, qadın azadlığının tərəfdarı idi. Bütpərəstlik dövrünün qadınlarını islam dövrü qadınlarından daha azad, daha xoşbəxt hesab edirdi. Lakin, yazıçı bütpərəstlərin qadınlara vəhşi münasibətini (intim münasibətlər, yəni qadınlara təkcə bir həzz mənbəyi kimi baxmaq nəzərdə tutulur) görə bilməmiş, ya da sadəcə görmək istəməmişdir. Hər halda Axundzadə qadın azadlığı uğrunda ardıcıl dirəniş aparırdı və şərq, islam aləmində qadın azadlığı uğrundakı mübarizəsinə Babilərdən daha erkən başlamışdı.
O, haqlı olaraq belə fikirləşirdi ki, yenicə yaranmış hər hansı bir ideologiyanın üzərinə dərhal qılıncla çıxmaq düzgün deyildir, bu ideologiyanı doğuran səbəbləri aradan qaldımaq lazımdır. "Yanlış fikirlərin qarşısını almağın yeganə yolu məntiqə uyğun dəlillərdir"-deyirdi. O, Babiliyə həsr etdiyi bir məqaləsində İranda Babiliyin geniş yayılmasının səbəbini burada insanların avamlığında, mariflənməməsində, onların maddi durumunun dözülməzliyində, "yaxşını pisdən ayırmaq qabiliyyətinin zəif olmasında" görürdü. Axundzadə yaxşı insan, pis insan məsələsini deyil, kamil insan, nadan insan məsələsini qoyurdu. Ədibin fikrincə insan maarifləndikcə kamilləşir, pis işlər görməkdən uzaqlaşır. Bu cəhəti onu hurufilərlə yaxınlaşdırır. Bu haqda yazdığı məqaləsində o, həmçinin qadın azadlığını, uşaqları tərbiyələndirərkən zor işlədilməməsi kimi məqamları xüsusi olaraq təqdir edir.
"Kəmalüddövlə məktubları" Azərbaycan realizminin çox gözəl nümunəsidir. Əsəri oxuyarkən ilk sətirlərdən insanın üzünü həyacan bürüyür və bu əsəri yazmaqla müəllifin yaşadığı dövr üçün necə cəsarətli olduğu aydınlaşır. M.F.Axundzadə və ondan sonrakı M.Ə.Sabirə qədər milli şüurumuzun oyanmasında "Kəmalüddövlə məktubları" qədər xidmət göstərən ikinci bir əsər yoxdur. Təsadüfi deyildir ki, bu əsəri "Azərbaycan maarifçiliyin manifesti" adlandırırlar. Vaxtı ilə Radişevin "Peterburqdan Moskvaya səyahət" əsəri Rusiyada necə tufan qoparmışdısa, bu əsər də yüksək ruhani dairələrində eyni həyəcan doğurmuşdu.
M.F.Axundzadənin yaradıcılığında bu gün xalqımız üçün heç də məqbul olmayan fikirlər vardır. "Bəhərsurət türklər arasında dəxi bu zamana qədər mütəqədimdən şair olmayıbdır". Onun min beş yüz ilin ağır sınaqlarından şanlı bir yol keçən türk şerini qiymətləndirməməsi, dərin təəssüf doğurur. O, dünya ədəbiyyatının bəzəyi olan Füzulini şair hesab etmir, onu qəliz yazmaqda suçlandırır, M.P.Vaqifi və Q.B.Zakiri ondan üstün tuturdu. Halbuki, istər bu şairlərin, istərsə də Axundzadənin öz yaradılığıda çətin anlaşılan, bu günki gənc nəslin başa düşməyə zorluq çəkdiyi kifayət qədər qəliz sözlər vardır. "Kəmalüddövlə məktubları" isə ərəb-fars sözləri ilə, izafət tərkibləri ilə zəngindir. O, bəşər mədəniyyətinə Ərəb dili kimi dil, əruz vəzni kimi sanballı bir vəzn bəxş edən ərəbləri tənqid edir, zərdüştləri onlardan üstün hesab edirdi. Əgər ərəbləri tənqid edərkən islamdan öncəki dövrə-cahiliyyə dövrünə istinad etsəydi onu başa düşmək olardı. Çünki cahiliyyə dövrünün hadisələri, gələnəkləri haqqında bizim hər birimiz yetərincə bilgiyə malikik. Bütün bu ziddiyyətlərə baxmayaraq hər halda M.F.Axundzadə qalibdir, qaliblər isə mühakimə olunmur.
M.F.Axundzadə birl tənqidi realist kimi formalaşanda sonra belə xalqın maariflənməsi fikrini ardıcıl müdafiə edirdi. Bu yöndəki fəaliyyətini davam edərkən o, bir anlıq olsa da xalqn maariflənməsi yolundakı fəaliyyətini dayandırmırdı. O, bir yenilikçi idi, bütün həyatı, yaradıcılığı boyu geriliyə, avamlığa qarşı çıxmışdır. Bütün varlığı ilə öz xalqının yeni ruhda tərbiyə almasını, mövhumatdan uzaq olması üçün çalışmışdır. Cəmiyyətdə yaşayaraq da cəmiyyətdəki proseslərə qoşulmamağın (sənət sənət üçündür) qəti əleyhinə idi. Və xalqı üçün, milləti üçün gərəkli nəyi hesab edirdisə onu da yazırdı. Ədib çox gözəl bilirdi ki, bütün bunlar olmadan dünyanın aparıcı, inkişaf etmiş xalqları sırasına daxil olmaq, mədəni inkişafda iştirak etmək, bütün yenilikləri xalqın ruhuna köçürmək mümkün deyildir. Yaratdığı əsərlərin təşəbbüsçü ruhda olması onun nə qədər millətinin qeydinə qaldığını sübut edir və bu yolda nə qədər məhrumiyyətlər çəksə də öz yolundan, əqidəsindən dönmürdü. Çünki, əsil məslək cəfakeşi idi. Və bu yolda o, tək deyildi. Tarixin hansı dövrünə nəzər salsaq bütün həyatını xalqının maariflənməsinə həsr edən, lakin xalqı tərəfindən meyiti basdırılmayan, sağlığında "laməzhəb", "mürtəd" ləqəbi verilən Axundzadələrə, mövhumatçılar tərəfindən ələ salınıb ciyərləri vərəmlənən Sabirlərə və bu gün xalqımız üçün mənəviyyat və şəxsiyyət simvolu olan, lakin haqsız tənqidlərə məruz qalan Anarlara rast gəlmək olar. Belə insanların qiymətini zaman özü verir. Çünki, "zaman ən böyük hakimdir"., H.B.Zərdabi M.F.Axundzadəyə məktubunda yazırdı: "Elə fikirləşməyin ki, xalqın maariflənməsi bir məqalə, ya pyeslə düzələsi şeydir. Xeyr, burda görüləsi işlər çoxdur. Bu yolda külüng vura biləcək onlarla adamın əməyi və həyatı da bu iş üçün azdır. Bəlkə Sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru "çox sağ ol" eşitməyə belə ümidimiz olmadan bu barədə zəhmət çəkəsiniz... Xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır". Zaman bu böyük maarifçinin necə haqlı olduğunu bu gün göstərir.
Axundzadə realizm estafetini öz sələflərindən alıb onu ədəbiyyatımızın şah metoduna çevirdi, özündən sonra zəngin irs, güclü realist ədəbi bir məktəb və inqilabçı demokratlar dəstəsi yaratdı. N.B.Vəzirov, Ə.B.Haqverdiyev, N.Nərimanov, Mirzə Cəlil məhz bu ədəbi məktəbin yetirmələri idi. Əsərlərində ziddiyyətlər doğuran bir sıra məqamlara baxmayaraq yazıçının ideyaları təkcə öz dövrü üçün deyil, bu günümüz üçün də çox aktualdır. (publika.az)

Milli.Az