İnternetlə sovrulanlar və ya virtuallıq qurbanının manifesti

4 İyul 2011 09:00
Saatlarla internetdəsiniz? Səhər yuxudan ayılan kimi noutbuku işə salır, poçtu yoxlayır, saytlara baxır, "Facebook" və ya "Twitter"dəki yeni məlumatları, xəbərləri yoxlayırsınız?
Təbrik edirik, sizdə internet asılılığının ilk mərhələsi və nişanələridir.

Narahat olmayın, bu psixi pozuntu, ruhi xəstəlik və ya əsəb fəsadları yox, çox pis vərdişdir.

Amma olduqca pis bir vərdiş və Milli.Az xəbər portalı da həmin vərdişin özü ilə yanaşı, fəsadlarından bəhs edəcək.

Əvvəlcə quru faktlara və qısa tarixçəyə nəzər salaq. Bəribaşdan "Wikipedia"ya virtual təşəkkür edərək həmin açıq ensiklopediyada internet asılılığı barədə yazılanları oxuyuruq: "...İnternet asılılığı psixi pozuntu, internetə qoşulmağa yönəlmiş çox güclü istək və internetdən vaxtında çıxmağı bacarmamaqdır. İnternet asılılığı geniş müzakirə edilən məsələ olsa da, onun statusu hələlik qeyri-rəsmi səviyyədədir. Belə ki, sözügedən asılılıq DSM-IV xəstəliklərinin rəsmi təsnifatına daxil edilməyib.

Bu asılılıqdan ilk dəfə 1995-ci ildə doktor Ayvan Qoldberq bəhs ediğ. Qoldberqin məqsədi bu pozuntunu rəsmən təsdiqlənmiş psixiatrık standartlar çeşidinə daxil etmək olmasa da, onun təklif etdiyi şərh psixoaktiv maddələrdən izafi istifadədən sonra yaranan fəsadlarla bağlı pozuntuların xüsusiyyətlərinə bənzəyir.

Qoldberqə görə, internet asılılığı zamanı virtual şəbəkədən istifadə neqativ stress vəziyyəti və ya distress yaradır.

İnterneit asılılığı fiziki, psixoloji, fərdi, iqtisadi və sosial statusa zərbə vurur. 1994-cü ildə psixiatr Kimberli Yanq internet asılılığ müəyyənləşdirmək üçün sorğu keçirdi. Məlum oldu ki, bu asılılıq qumara patoloji vurğunluğa bənzəyir və internet istifadəçilərinin də 1-5 faizi bu bəlaya mübtəladır".

Yəni, belə.

Təbii, informasiya insan üçün müstəsna əhəmiyyətə malikdir. Kompüter və internet də - bilirəm, hamının bildiyi cümlələri yazıram, amma dözün, qonorar almaq gərəkdir - informasiya almaq və işləmək üçün indi əsas vasitədir. Üstəlik, kompüter müxtəlfi informasiyalar əldə etməyin bəzən yeganə vasitəsinə çevrilir.

Məhz bu kompüter və internet asılılığının ilk, başlıca səbəbidir.

İnternet asılıılığ problemi virtual şəbəkənin populyarlığının yüksəlməsi ilə daha da artıb. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gerçək həyatı internetə qurban verən, smartfon və kompüterlə sutkada 18 saat keçirən insanların sayı artır. İnternetdən qəfil və ya məcburi imtina belə insanlarda əndişə, emosional narahatlıq və az qala xof hissləri yaradır.

İnternet asılılığının yaranmasının ilkin təzahürü insanın konkret saytlar yox, "qarşısına çıxan" resurslarla maraqlanması, ciddi ehtiyac olmadığı halda virtual məkanda "eşələnməsi"dir.

Belələri bu və digər saytlara ehiyaca, marağa görə daxil olmur - sırf mexaniki şəkildə saytlarda "serfinq"lə məşğul olurlar.

Məsələn, internetin "köləsi" olan insan poçtunu mühüm məktub gözlədiyinə görə yox, sadəcə yoxlamaq üçün yoxlayır. Çünki elektron poçta daxil olmaq, servisi "açmaq" ona ləzzət verir və bu ləzzəti orada oxunmamış məktubu görmək daha da artırır.

İnternetə ifrat aludə olan insan heç bir halda problemini özü görmür və dərk etmir. Onun üzləşdiyi bəla barəsində bütün hallarda ətrafındakı insanlar danışırlar. "Sən kompüter qarşısında çox vaxt keçirirsən!" kimi narahatlıq dolu sözlər səslənibsə, deməli, gerçəkdən də internetdə "batan"lardan birisiniz. Belə vəziyyət isə gerçək həyatdakı virtual yox, real dostlarla ünsiyyətə və təmaslara çox az vaxt qoyur.

İnternet asılılığa mübtəla olmuş insanları tanımaq, ayrıd etmək asandır. Beləsinə nə söyləsən, cavabında "Hə, yaxşı, mənə e-maillə yazarsan" deyir. Ya da dostları ilə istirahət etməyə yollandığı kafe, restoran və ya çayxanaya daxil olan kimi oranın işçilərindən "Sizdə Vay-Fay var?" soruşur.

Səhər saatlarında isə o, yuxudan oyananda bir fincan ətirli qəhvə içmək əvəzinə başılovlu noutbuka tərəf qaçır, poçtunu yoxlayır, saytlarda gəzişir və bir ay öncənin hava proqnozunu oxuyur.

Bəs yaxşı, bu təhlükəlidirmi?

Suala cavab arayırsınızsa, heç olmasa qısa müddətə internetdən kənar durun.
Qərb ölkələrində bu problemi araşdırırlar və hətta internet asılılığı ilə mübarizə mərkəzləri də yaradırlar. Azərbaycanda isə bu sahədə hələ də mütəxəssis yoxdur, halbuki ölkəmizdə də internet asılılığına tutulmuşlar az deyil.

İnternet asılılığı ilk əvvəl görmə qabiliyyətinə təsir edir. Ən son dəbli "Polaroid" eynəklər və ya ultramüasir monitordan istifadə etməyə rəğmən, bütün bunlar gözləri ifrat yorulma və gərginlikdən xilas edən deyil.

Sürəkli, fasiləsiz gərginlik nəticəsində göz əzələləri yorulur, onlar elastikliyini itirir, gözdə quruluq və yanğı hissləri yaranır. Göz almacığı partlamış kapilyarlar nəticəsində qızarır, künclərdə isə vaxtından əvvəl qırışlar yaranır.  Göz almacığı və bəbəyə bir qədər istirahət vermək üçün kompüterin arxasından qalxın, uzağa baxın. Habelə, nəmləndirici göz damlaları da köməyə çata bilər.

İnternet asılılığın daha bir mənfi fəsadı bel ağrıları, skolioz və donqarlıqdır. Onlar oturaq həyat tərzi nəticəsində yaranır, müalicəsi də asan olmur. Belə fəsadlarla qarşılaşmamaq üçün aptekə yollanaraq çiyinləri düz, beli isə şax tutan xüsusi bandaj almaq olar.

Bel ağrıları probleminin daha bir həll yolu yoqa, pimlates və ya üzgüçülüklə məşğul olmaqdır. Bel üçün xüsusi təmrinlər və ya idman səhhəti qorumaqla yanaşı, internetdən kənarlaşmaq üçün bir fürsətdir.

Fəqət, bütün bunlara rəğmən internet asılılığınını ən pis nəticəsi asosiallıqdır. Yəni belə asılılığa düşən insan dostlarla görüşmək istəmir, onlarla "Skype" vasitəsilə danışmağa üstünlük verir. Həmin adam harasa zəng vurmaq, danışıqlar aparmaq əvəzinə e-mail vasitəsilə yazışmağı üstün tutur.

Yəni internetdə nə qədər çox vaxt keçirilirsə, gerçək ünsiyyət imkanları və vaxtı o qədər azalır. Belə asılılılığı olan insanlar tanımadığı insanlarla çox çətinliklə danışır, yad mühitdə stress keçirirlər.

İnternetin quluna çevrilməmək üçün ilk əvvəl bu problemi dərk etmək, anlamaq gərəkdir ki,  bəlalı vərdişdən qurtulmaq üçün sizə sizdən savayı kimsə yardım edən deyil.

Müalicəyə başlamaq fikrindəsiniz?

Onda əvvəlcə hər gün internetdə nə qədər vaxt keçirdiyinizi hesablayın. Sonra isə həmin vaxtın hansı hissəsini virtual hörümçfək torunda həqiqətən də sizə gərəkli işlərə sərf etdiyinizi müəyyənləşdirin. Sonucda alınan vaxt internetdə hər gün keçirməniz məsləhətli olan vaxtdır.

Fərz edək ki, həmin vaxt 2 saatdır. Hər gün kompüteri yandırıb işə salanda bu vaxtı unutmayın və 2 saat başa çatan kimi internetdən çıxın.

Bu, bütün işlərinizə yenidən nəzər salmağa, iş və istirahət vaxtlarınızın məhsuldar bölgüsünü aparmağa imkan verər.

Unutqanlar isə noutbukun və ya kompüterin yanına "İnternetə YOX de!" və ya "Facebook-da vaxt öldürmə!" yazısını qoya bilərlər. Əsas odur ki, yazı parlaq rəngdə, rahat oxunan olsun.

Daha bir radikal metod isə heç bir məqsəd olmayaraq baş çəkdiyiniz saytları blok etməkdir. Azərbaycandakı internet istifadəçiləri ilə bağlı aparılan müşahidələr göstərir ki, həmin saytlar bir qayda olaraq sosial şəbəkələrdir.

Əgər bu vasitələr də kömək etmirsə, adi psixoloqa üz tutun. Utanmayın - burada pis heç nə yoxdur. Peşəkar mütəxəssis sizinlə danışacaq və internetdə məhz nələrin sizi cəlb etdiyini aydınlaşdıracaq.

Əksər hallarda internetomanlar uydurma komplekslərdən əziyyət çəkənlərdir. Onlar ətrafdakı insanlarla ünsiyyətdə çətinlik çəkən, zəif xarakterli şəxslərdir.

Və ən nəhayət, internet olmadığı dövrdə insanların çox rahat yaşadıqlarını xatırlayın. Bəli, o vaxtlar yaşam asan deyildi. Amma maraqlı günlərdi.

Onu da bilin ki, virtual məkanın ən böyuk məcazı onun ümumiyyətlə olmamasıdır.
Olmayan bir nəsnəyə bu qədər vaxt itirməyə dəyərmi?

Tural Sarı
Milli.Az