Dünyaca məşhur riyaziyyatçı Məryəm Mirzəxani vəfat edib

15 İyul 2017 19:09

Üç il əvvəl riyaziyyat üzrə dünyanın ən nüfuzlu Fields Medal mükafatına layiq görülən ilk qadın Məryəm Mirzəxani (Maryam Mirzakhani) ABŞ-da vəfat edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, onun 40 yaşı olub. Mərhum 2013-cü ildən sinə xərçəngindən əziyyət çəkirdi.
İranda böyüyən xanım Mirzəxani yeniyetmə olarkən Beynəxalq Riyaziyyat Olimpiadasının iki qızıl medalını qazanıb.
O, elmlər doktoru dissertasiyasını ABŞ-ın Harvard Universitetində müdafiə edib və 2008-ci ildən Stanford Universitetində professor işləyib.
Riyaziyyatçı 2014-cü ildə "Riemann səthlərinin həndəsəsi ilə dinamikası və onların məkan modulları nəzəriyyəsinə verdiyi töhfəyə" görə Fields mükafatına layiq görülüb.
ABŞ-da yaşayan alim nüfuzlu mükafata layiq görülmüş ilk qadın və ilk iranlıdır.
Riyaziyyat üzrə Nobel mükafatı verilmir. Buna görə də Fields Medal mükafatı tez-tez "riyaziyyatçıların Nobel mükafatı" adlandırılır.
1936-cı ildə təsis edilmiş mükafat hər dörd ildən bir 40 yaşına çatmamış iki və ya 4 riyaziyyatçıya verilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində