Siyavuş Novruzov: “Həmsədrlərin ikinci bəyanatı Azərbaycanın artan beynəlxalq nüfuzunun nəticəsidir”

7 İyul 2017 15:33

"Ermənistan daim müharibə qanunlarına əməl etmədən dinc sakinlərə atəş açır, bu məqsədlə iri çaplı silahlardan da istifadə edir. Alxanlı kəndinin atəşə tutulması nəticəsində azyaşlı uşaq da daxil olmaqla, iki nəfərin ölməsi və bir nəfərin yaralanması bir daha Ermənistan rəhbərliyinin xislətini ortaya qoyur. Onlar üçün hədəfin uşaq, qoca, qadın olmasının bir fərqi yoxdur".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin ölümü və yaralanmasına münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.
 
S.Novruzov deyib ki, Ermənistan bu gün daha çox terrorçu dövlət kimi fəaliyyət göstərir, terror onların dövlət siyasətidir: "Adi kənd sakininə atəş açmaq heç bir beynəlxalq hüquq prinsiplərinə, müharibə qanunlarına uyğun deyil. Hətta Birinci və İkinci Dünya müharibələrində də bu cür hallara çox az rast gəlinib. Beynəlxalq təşkilatlar bunu görməli və reaksiyalarını ən sərt formada ortaya qoymalıdırlar. Bundan əvvəl də uşaq oyuncaqlarının içərisinə partlayıcılar qoyaraq çay vasitəsilə əhalinin yaşadığı məntəqələrə göndərilməsi nəticəsində bir neçə azərbaycanlı uşaq həlak olmuşdu. Su mənbələrinə kimyəvi maddələrin atılması halları da var. Bəşəriyyət əleyhinə olan bütün cinayət vasitələrindən Ermənistan Azərbaycana qarşı istifadə edib və etməkdə davam edir. Alxanlı ilə bağlı hadisə əslində Xocalı genosidinin başqa bir formasıdır. Qadına, azyaşlı uşağa silah tətbiq etmək insanlıq əleyhinə hərbi cinayətdir. Bu baxımdan BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çox sərt mövqe ortaya qoymalıdırlar. Bu bəyanatların əksəriyyətini oxuyanda belə qənaət hasil olur ki, iki tərəf arasında müharibə gedib, kimsə şəhid olub. Ancaq söhbət burada Azərbaycan ordusunun yerləşdiyi məntəqələrə deyil, dinc sakinlərə və yaşayış məntəqələrinə açılan atəşdən söhbət gedir. Ona görə də tərəflərin atəşkəsi pozmamağa çağırmaq düzgün yanaşma sayıla bilməz. Məgər Azərbaycan atəşkəsi pozub? Konkret olaraq bu bəyanatlarda göstərilməlidir ki, Ermənistan atəşkəsi pozub, məqsədli şəkildə Azərbaycan əhalisinə qarşı aparılan təxribat nəticəsində iki mülki şəxs dünyasını dəyişib. Əks halda, belə yanaşma nəinki münaqişəni həll etməyə, əksinə, münaqişənin qızışdırılmasına xidmət edən addımlardır. Avropa ölkələrinin birində bir terror aktı baş verəndə az qala bütün müsəlmanları terrorçu adlandırırlar. Lakin erməni terrorundan bəhs etmirlər və tərəfləri atəşkəsi bərpa etməyə çağırırlar". 
 
S. Novruzovun fikrincə, ATƏT Minsk qrupu həmsədrlərinin ikinci dəfə bəyanat yayaraq baş vermiş hadisəyə dair daha obyektiv mövqe ifadə etməsi həm də Azərbaycan dövlətinin artan beynəlxalq nüfuzunun, gücünün, haqlı mövqeyinin, öz mənafelərini lazımi şəkildə müdafiə etmək imkanlarının və bacarığının etiraf olunması deməkdir. Həmsədrlər bildiriblər ki, iyulun 4-də baş verən bu ciddi insidenti sülh səylərini və qarşıdan gələn danışıqları poza bilən təxribatçı əməl kimi nəzərdən keçirirlər: "Həmsədrlərin ikinci bəyanatlarında təxribatların Ermənistan tərəfindən törədildiyi, bu ölkənin Cenevrə konvensiyalarının, digər beynəlxalq qanunvericilik aktlarının tələblərini və danışıqlar prosesini pozduğu görünür. Ancaq bu bəyanatda daha açıq formada göstərilməli idi ki, bu, erməni terrorudur və dinc sakinlərə qarşı Ermənistan tərəfindən atılan addımdır. Azərbaycan indiyə qədər sərhəd bölgəsində yaşayan ermənilərə, erməni kəndlərinə atəş açıb, silah tətbiq edibmi? Naxçıvan, Tovuz, Qazax, Gədəbəy və digər bölgələrimizlə sərhəddə çoxlu sayda erməni kəndləri var. Bu vaxta qədər Azərbaycan ordusu tərəfindən dinc sakinlərə qarşı silah tətbiq olunubmu? Amma ermənilər tərəfindən dinc sakinlərə qarşı mütəmadi belə addımlar atılıb və bu da həmsədrlərin bəyanatında əksini tapmalı idi. Konkret işğalçını, terrorçunu, cinayətkarı öz adı ilə göstərmək lazımdır".
 
ADA Universiteti İctimai və beynəlxalq məsələlər fakültəsinin dekanı Elnur Soltanov APA-ya açıqlamasında bildirib ki, beynəlxalq ictimaiyyət dediyimiz fenomen Qarabağ məsələsində Azərbaycan lehinə köklənməyib. Bəyanatlara, davranışlara baxanda, bu mövqelərdə bir erməni tərəfkeşliyi, yaxınlığı var: "Azərbaycan indiyə qədər beynəlxalq arenada özünün çıxışları, resursları ilə bu mövqeni bir az neytral zonaya çəkməyə çalışıb. Bəzən görürsən ki, nadir hallarda bu bəyanatlarda, davranışlarda beynəlxalq hüquqa uyğun hallar olur. Bu, Azərbaycan diplomatiyasının, Azərbaycanın ortaya qoyduğu sonsuz cəhdlərin nəticəsində olur".
 
E. Soltanov bu aspektdə Minsk qrupu həmsədrlərinin Alxanlı hadisəsi ilə bağlı birinci bəyanatının avtonom olduğunu söyləyib: "Azərbaycanın müdaxiləsindən sonra ikinci bəyanatın ruhu fərqli oldu. Ancaq etiraf edək ki, hər dəfə Azərbaycanın müdaxiləsindən sonra belə uğurlu nəticələr əldə edilmir. Son uğur istisna xarakter daşıdığına görə, Azərbaycan diplomatiyası əlindən gələni etməlidir ki, bu yanaşma, mövqe qorunsun, bu balaca hadisəni struktural bir uğura çevirək. Yəni taktik uğuru strateji uğura çevirəcək diplomatik addımlarımız davam etməlidir. Beynəlxalq təşkilatlar, dövlətlər haqqında heç bir şəkildə optimist düşünmək lazım deyil. Çünki beynəlxalq ictimaiyyətlə bağlı struktur bizim lehimizə deyil. Pessimizmin ən yüksək həddində düşünməliyik və faktiki Azərbaycanın cəhdi ilə lehimizə çevrilmiş hadisələrdən də son damlasına qədər istifadə etməliyik. Biz həqiqətən də çox böyük düşmənlə üz-üzəyik və erməni yönümlü dünya ictimaiyyəti ilə qarşı-qarşıyayıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində