Bəs Zəhra Avropada doğulsaydı, onda necə olardı? - Həmsədrlərə şillə

6 İyul 2017 11:32

ATƏT-in Minsk qrupunun İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlanddan (ABŞ) ibarət həmsədrləri iyulun 4-ü axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndində erməni zorakılığının qeydə alınması və dinc sakinlərin həlak olması ilə bağlı yaydığı bəyanatında deyiblər ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejimini pozmağı dayandırmağa çağırır: "Zorakılıq yalnız növbəti zorakılığı doğurur və heç nəyi həll etmir. Bu uzun illərdir davam edən münaqişənin yeganə humanist həll yolu tərəflərin danışıqlar masası arxasına keçməsidir".

Həmsədrlər əziyyət çəkib həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdiklərini də bildiriblər.

Son zamanlar Minsk qrupu həmsədrlərinin münaqişənin guya həlli ilə bağlı fəaliyyətinə baxanda elə təəssürat yaranır ki, onlar vasitəçi yox, sanki, çağırış komissiyasıdır. Fəaliyyətləri, demək olar ki, yalnız tərəfləri atəşkəs rejimini pozmamağa, sülhü qorumağa, danışıqlar aparmağa çağırmaqdan ibarətdir.

Çox hörmətsiz Minsk qrupunun həmsədrləri! Əvvəla, siz çağırış komissiyası yox, münaqişənin həlli üçün təhkim olunmuş vasitəçilərsiniz. Özü də elə-belə vasitəçi yox, dünyada güc və keçərli söz sahibi olan hegemon dövlətlərin təmsilçilərisiniz. O dövlətlərin ki, dünyanın istənilən nöqtəsində baş verənlərdən detallarına kimi dəqiq xəbərdardır və istənilən an istənilən kiçik dövləti insan hüquqları və demokratiya bəhanəsi ilə düz çökdürə, ona qarşı sərt sanksiyalar tətbiq edə, blokadada saxlaya, hətta ərazisinə heç kimdən icazə almadan qoşun yeridə bilər. İndi deyirsiz ki, guya az qala 30 ilə yaxındır ki, Dağlıq Qarabağ problemini süni surətdə kimin yaratdığından xəbərsizsiniz? Guya Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini bilmirsiniz? Guya istəsəniz, Ermənistanı bir sutkanın içində Azərbaycan torpaqlarını boşaltmağa məcbur edə bilməzsiniz? Hər şeyi çox gözəl bilirsiz və hər şey də edə bilərsiz. Onda sual doğur: Niyə etmirsiz? Bu suala iki cavab var - ya istəmirsiz, çünki münaqişənin bu vəziyyətdə davam etməsi sizin maraqlarınıza uyğundur, ya da Ermənistandan qorxursunuz. Məncə, hər iki cavab uyğundur. Birincisi, hər kəsə gün kimi aydındır. İkincisinə gəlincə, bəlkə də çoxlarına təəccüblü gələ bilər, amma, həqiqətən, Ermənistandan qorxursuz. Çünki onların öz maraqlarını təmin etmək naminə tarixən Azərbayan və Türkiyədən başqa Rusiyada, Gürcüstanda, Avropa ölkələrində, Amerikada hansı terror aktları törətdiyindən xəbəriniz var. Qorxursunuz ki, sizə qarşı da terror aktı törədib uf demədən qətlə yetirərlər. Qorxursuz ki, Rusiyanı, ABŞ-ın, Fransanı cəhənnəmin filialına çevirərlər. Ya da sizə və təmsil etdiyiniz dövlətlərə qarşı xislətindən irəli gələrək elə alçaqlıqlar edərlər ki, elə ziyan vurarlar ki, onilliklərlə altından çıxa bilməzsiniz. Qısası, siz mənfəətpərəst və qorxaqsınız!

Əgər belə olmasaydı, işğalçını, terrorçunu, insan qanını içməyə susamış kəlbiəqurları adı ilə çağırar və onu yerinə otuzdurmaq üçün dərhal fəaliyyətə keçərdiniz, hətta başına bombalar yağdırardınız. Necə ki, bunu Serbiyada, İraqda, Liviyada, Əfqanıstanda və s. və s. ölkələrdə etdiniz. İndi nə oldu? Barıtınız bitdi?

Guya həlak olanların ailələrinə başsağlığı verirsiniz. Kimə lazımdır sizin timsah göz yaşlarınız?! Necə düşünürsüz, kimsə sizin səmimiyyətinizə inanır? İnanmır! Alıxanlı kəndinə guya monitorinq aparmağa gəlmiş ATƏT sədrinin fəaliyyətdə olan şəxsi nümayəndəsi Anjey Kaspşik 18 aylıq Zəhra və nənəsi 50 yaşlı Sahibə Quliyevaların dəfn mərasiminin yanından keçərkən avtomobilini saxlayıb ayaqüstü də olsa, özünə yerli sakinlərlə görüşmək üçün əziyyət verməyib. Axı nəyinə lazımdır? Axı ölənlər rus, amerikalı, fransız, polyak, alman deyil, azərbaycanlılar, müsəlmanlardır.

Atlılar və ətlilər, sizə sual edirəm: Bəs Zəhra Avropada doğulsaydı, onda necə olardı? Əgər ilyarımlıq Zəhranın yerində avropalı, amerikalı Anna, Kristi, Meri və s. olsaydı, yenə də belə laqeydlik göstərəcəkdiniz? Əsla! Cürətiniz çatmazdı! Onda belə çıxır ki, qəsdən belə edirsiz. Belə çıxır ki, Ermənistan sizin xeyir-duanızla aqerssiyasını davam etdirir, bölgəyə terror toxumu səpir. 

Guya bilmirsiniz ki, Ermənistan bunu qəsdən edib, təxribat törədir?! Bilmirsiniz ki, azərbaycanlılar və ermənilər arasında bir-birinə qarşı nifrət hissinin artmasına yönəlib?! Bilmirsiniz ki, Azərbaycan bunun əvəzini Ermənistandan onqat çıxacaq?! Bilirsiniz!!! Bu, o deməkdir ki, bölgədə yenidən gərginlik yaranacaq, müharibə ehtimalı pik həddə çatacaq. Bu, o deməkdir ki, onsuz da, adı olub, özü olmayan "sülh danışıqları" dalana dirənəcək. Guya bilmirsiniz ki, Ermənistanın istəyi məhz budur?! Bilmirsiniz ki, ermənilər bununla mövcud status-kvonu qorumağa çalışırlar?! Guya bilmirsiniz ki, Azərbaycan Ermənistanla meydanda təkbaşına qalsa, problemi cəmi bir neçə günə həll edər?! Bilirsiz!!! Guya biz bilmirik ki, Azərbaycan Ermənistanın dərsini verməyə qalxan kimi dərhal ermənilərin vəkilinə çevriləcək və buna mane olmaq üçün hərəniz bir tərəfdən qulbeçələrinizlə birgə Azərbaycana müxtəlif süni əngəllər yaradacaqsınız?! Biz hər şeyi gözəl bilirik...

Onu da bilirik ki, bir gün gələcək, bıçaq sümüyə dirənəndə sizin əngəlləriniz artıq bizi maraqlandırmayacaq! Sizin erməni təəssübkeşliyiniz, "dayday"lığınız heç bir səmərə verməyəcək! Bunu siz də bilirsiz, sadəcə, həmişə olduğu kimi özünüzü debil uşaq kimi göstərməyə çalışırsız!

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində