"Neftçi"nin oyunçusu: "Belə bir şərt olmayıb"
2 İyul 2011 20:05
"Neftçi"nin yeni qapıçısı Saşa Stamenkoviç azerisport.az saytına müsahibəsində komandasından, UEFA Çempionlar Liqasındakı rəqiblərindən danışıb.
- Yeni komandanız necədi? Artıq alışmısız?
- Bəli, əla kollektivimiz var. Həm də mənə İqor Mitreski, Slavço Georgiyevski çox kömək edir. Həmçinin məşqçimiz Nboyşa Manoyloviçin də dəstəyi danılmazdı.
- Bu düzdü ki, siz müqaviləyə imza atarkən klub prezidenti Sadıq Sadıqovdan xahiş etmisiz ki, formanızın rəngləri ağ-qırmızı olsun, "Crvena Zvezda"dakı kimi?
- Əslində belə bir şərt olmayıb. Sadəcə, bizim potensial rəqiblərimiz arasında Belqrad "Partizan"ı da var idi. Hansı ki, "Crvena Zvezda" ilə gərgin münasibətlərə malikdi. Bu, Serbiya futbolunun daimi çəkişməsidi.
- Amma siz Zaqreb "Dinamo"su ilə düşdünüz...
- Bəli, elədi. Amma "Crvena Zvezda"nın "Dinamo" ilə də münasibətləri əla deyil. Keçmiş Yuqoslaviyada dörd top-klub var idi. Serbiyanı təmsil edən "Crvena Zvezda" və "Partizan", həmçinin Xorvatiyanın "Dinamo" və "Hajduk" klubarı. Digər tərəfdən istənilən halda mənim üçün "Maksimir"dəki oyun prinsipial əhəmiyyət daşıyacaq.
- Deyəsən, futbolla yanaşı həm də siyasi məsələlər var...
- Doğrudu. Amma bu, siyasətçilərin işidi. Xalqlar haqda bunu deməzdim. Serblər və xorvatlar həmişə əcnəbi klublarda birgə oynayırlar, aralarında da heç bir problem yoxdu.
- Yəqin ki, xorvatlar "Crvena Zvezda"nın keçmiş qapıçısını sakit qarşılamayacaqlar...
- Mən isti qarşılanmaya hazıram. Məni nə gözlədiyini bilirəm. Bu məni sadəcə cuşa gətirir. Digər tərəfdən mən kənar şeylərə yox, ancaq oyuna köklənməyə çalışıram.
- "Neftçi" "Dinamo" ilə oyunda nəyə ümid edə bilər?
- Əlbəttə, biz mümkün qədər qol buraxmamalıyıq. Deməzdim ki, bizim şansımız azdı. Bəli, rəqibin böyük təcrübəsi var. Onlar hər il Çempionlar, Avropa Liqasında çıxış edirlər. Amma onlara qalib gəlmək olar.
- Rauf Mehdiyevlə rəqabət aparmaq necədi?
- Mehdiyev əla qapıçı, gözəl insandı. Düşünürəm ki, bu rəqabət hər ikimizin xeyrinə yarayacaq.
- Serbiyalı qapıçılara Azərbaycanda tez-tez təsadüf olunur. Sizə qədər Koraç, Miçoviç, hazırda "Qarabağ"da çıxış edən Pavloviç də bura gəlib. Əlaqə saxlayırsızmı?
- Mən Miçoviçlə danışmışam. Axı o da "Neftçi"də çıxış edib. O, mənə çox şeyi danışdı. Yeni komandam və Azərbaycan futbolu haqda çox şeyi ondan öyrəndim.
Milli.Az