"Bakı" yeni transferini reallaşdırıb

2 İyul 2011 15:19
"Bakı" futbol klubu yeni transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, bu, Kiyev "Dinamo"sundan transfer olunan Maris Verpakovskidir. Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb.

Verpakovski 1979-cu ilin 15 oktyabr tarixində anadan olub. 31 yaşlı Verpakovskis karyerası ərzində Latviyanın "Baltika", "Metallurq", "Skonto" klublarının formasını geyib. 2003-cü ildən Kiyev "Dinamo"suna transfer olunub. Maris 2007-2008-ci illərdə İspaniyanın "Xetafe" və "Selta", Xorvatiyanın "Hayduk" və Yunanıstanın "Erqotelis" klublarında oynayıb.

Maris Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb. Verpakovski 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu tituluna sahib çıxıb, Latviya Kubokunun 2 qat (2001, 2002) sahibidir. 2004-cü ildə "Dinamo" (Kiyev) ilə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.

Futbolçu 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. 2003 və 2004-cü illərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.

Milli.Az